"Bizi bandadan yalnız ölüm ayırar” – “La Eme” necə yarandı? - FOTOLAR

1957-ci ildə  Kaliforniyanın Treysi şəhərindəki həbsxanaya Luis Floris adlı gənc cinayətkar gətirildi. O vaxt ölkə həbsxanalarında meksikalılar azlıq təşkil edirdi. Nə ağlar, nə də zənci bandalar onları adam yerinə qoyurdu. Müharibələr əsasən bu iki irqin nümayəndələri arasında gedirdi.


"Bizon” ləqəbli Luis başa düşürdü ki, ağlara və qaralara qarşı dayanmaq üçün meksikalılar birləşməlidir. O millətçi ruhda şüar fikirləşdi –"biz hamımız meksikalıyıq".


Luis Siciliya mafiyasından bəzi şeyləri götürdü. Məsələn, meksikalılarda da bandaya qəbul olunan adam daha oranı tərk edə bilməzdi. Yəni edə bilərdi, ancaq ölü halda.


Sfera.az  Cənubi Amerikanın ən nüfuzlu kriminal təşkilatı olan "La Eme” haqda danışacaq.

 

 

"Karnales”

 

"Bizon” öz dəstəsinə qəddarlığı ilə fərqlənən məhbusları topladı. Qruplaşma üzvləri bir -birinə "karnales” (qardaş) deyə müraciət edirdi, burada hər kəs eyni hüquqda idi. Hətta qruplaşmanı yaradan Luis Floris də.


Azlıqda olmalarına baxmayaraq, həbsxanada onlardan qorxmağa başladılar. Adi qıyğacı nəzərə görə adamı hər kəsin gözü önündə qəddarcasına öldürə bilərdilər.


1961-ci ildə "Bizon”un ideyaları San-Kventin həbsxanasına çatdı. Burada isə ölkənin ən təhlükəli caniləri saxlanırdı. Həmin vaxt orada 50-dək meksikalı vardı. Onlar Luisin ideyasını təkmilləşdirdilər. Bundan sonra bandanın adı "M” hərfi ilə başlayacaqdı. Yəni Meksika sözünün ilk hərfi ilə. İspanca bu "La  Eme” kimi tələffüz olunur.

 

 

Morqan və Mendosa

 

1968-ci ildə "La Eme”  Con Morqanın qoşulması bandanın tarixində yeni səhifə açdı.

Morqanın ləqəbi "Taxta ayaq” idi. Qətlə görə 17 il iş alıb San-Kventin həbsxanasına düşən 39 yaşlı məhbusa protez ayaqla gəzdiyi üçün bu ad verilmişdi.


Morqanın damarlarında həm meksikalı,həm yuqaslav qanı axırdı. Buna baxmayaraq onu bandaya qəbul etdilər. Ağlarla dil tapmaq ona daha asan idi. O həbsxanadakı "Ariqardaşları” ilə "La Eme” arasında sülh bağlamağa nail oldu. Bandalar 50 ildən çoxdu bu razılaşmaya əməl edir.


Morqanın ikinci işi isə meksikalıları sifarişli qətl, soyğunçuluq işlərindən narkotik ticarətinə yönəltməsi oldu. Morqana bu işlərdə Mundo Mendosa kömək edirdi. Morqanın "sağ əli” olan Mendosa qəddar kimi ad çıxarmışdı. Sözə qulaq asmayanları "maçete" (Meksika xəncəri) ilə doğrayırdı.


Məhz Morqan və Mendosanın vaxtında bandanın  yazılmamış qanunları yarandı:


1. İstər azadlıqda ,istər həbsxanada- hakimiyyət nümayəndələri ilə əməkdaşlıq ölümlə cəzalandırılırdı.
2. Zorlanmışlar yaxud cinsi azlıqlara bandada yer yox idi.
3. Qruplaşma üzvünün səhvinə görə qohumları məsuliyyət daşımırdı. Yaxud da əksinə.

Məsələn, Dido Moreno adlı cinayətkar etdiyi səhvə görə öldürülməsini 12 il gözlədi. Gec-tez cəzalanacaqdı. Bunu bilirdi. Günlərin birində killerlər onun evinə daxil olub güllələdilər. Atışma zamanı Morenonun arvad-uşağı da öldürüldü.

Bu isə yasaq idi. "La Eme” Morenonun ailəsini güllələyən killerləri ölüm cəzasına məhkum etdi. Səhv bağışlanmadı.

 

 

Həbsxana = doğma ev

 

1975-ci ildə Morqan və Mendosa həbsxanadan buraxıldılar. Sonradan onların taleyi tam başqa oldu. Morqan ömrünün sonunacan kriminal avtoritet kimi yaşadı. Mendosa ələ keçən kimi FTB ilə əməkdaşlığa razılıq verdi. Və ilk dəfə olaraq bandanın sirrlərini açdı. FTB onu elə gizlətdi ki, banda tapa bilmədi.


Bundan sonra San-Kventində estafeti "Yunqa” ləqəbli Eddi Qonsales aldı. Eddinin vaxtında banda bütün Kaliforniyada narkotik ticarətinə nəzarəti əlinə alaraq rəqiblərini məhv etdi.


Həbsxana "La Eme” liderləri üçün doğma evə çevrilmişdi. Buradan rahatlıqla hər işə nazarət edirdilər. Cənubi Amerikadan gələn kokainamfetamin satışı nəzarətlərində idi. Kaliforniyadan sonra Ohayo ştatı və Havay  adalarında bandanın divizionları yarandı. Burada da çoxlu meksikalılar yaşayırdı.


Banda dillərdə əzbər olmuşdu.  Onlar haqda hətta "Məni amerikanlaşdır filmində  epizod getmişdi. Ancaq məlumat səhv idi deyə filmin senaristləri öldürüldü.


ABŞ hökuməti banda ilə mübarizəyə illərdir ki, qüvvə  və böyük büdcə ayırır. Ancaq qələbə haqda danışmaq olmaz. Azadlığını itirənlər elə həbsxanada da pis yaşamır. Yenə qazanır.


İlqar Atabəyli

 




 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR