KGB satqınları heç vaxt bağışlamır - Casusa sui-qəsd qalmaqalı
Dünya
13:09 / 08.03.2018
2145
Britaniya mətbuatından "The Independent" qəzeti Rusiya prezidenti Vladimir Putinin internetdə yayılmış videosundan bəhs edir. Bu videodan belə başa düşmək olar ki, prezident Rusiyaya "xəyanət" edənləri hələ çoxdan ölümlə hədələyibmiş.
Maraqlıdır ki, 2010-cu ilə aid olan bu video internetdə yalnız indi, Britaniyada keçmiş Rusiya casusu Sergey Skripal iddia olunduğuna görə zəhərləndikdən bir neçə saat sonra peyda olub.
"Xainlər paylarını alacaqlar, inanın mənə. Dostlarını, silahdaşlarını satıblar onlar... - Putin videoda deyir, - Bunun əvəzində aldıqları hər nədirsə... Aldıqları 30 gümüş pul onların boğazında qalacaq".
Vaxtilə öz ölkəsində vətənə xəyanətə görə məhkum edilmiş cənab Skripal Birləşmiş Krallıqda sığınacaq tapmışdı. Onu iki gün əvvəl qızı ilə birlikdə Salisbury şəhərindəki ticarət mərkəzinin yaxınlığında huşsuz vəziyyətdə aşkar ediblər.
Bu kimyəvi maddə o qədər zəhərliymiş ki, ata və qızın köməyinə gəlmiş həkim və polislər də sonradan özlərini pis hiss ediblər. Bir polis nəfəri də hazırda komadadır.
Bu hadisə demək olar ki, dərhal 2006-cı ildə radioaktiv polonium-210 maddəsi ilə zəhərlənərək ölmüş keçmiş FTX zabiti Aleksandr Litvinenkonun başına gələn fəlakəti yada salıb.
"The Indepednent" yazır ki, Britaniya üçün casusluq etmiş keçmiş KGB agenti Viktor Makarov Putinin hədələrindən təəccüblənməyib.
Cənab Skripal kimi Makarov da ikili agent qismində fəaliyyət göstərdikdən sonra Britaniyaya qaçaq düşüb. O özünün şimali İngiltərədəki evində KGB-nin intiqamından necə qorxduğunu bildirib.