Gəlir vergisinin ləğvi maaşlara təsir edəcək? - VİDEO
Ekspert: "Bu vergi ləğv edilsə, əməkhaqqının artımı üçün böyük imkanlar olacaq"
Fiziki şəxslərin böyük əksəriyyətinin gəlir vergisindən azad olunacağı məsələsi gündəmdədir. Hazırda aylıq gəliri 250 manatdan artıq olan şəxslər vergiyə cəlb olunurlar. Qanuna təklif edilən dəyişikliyə əsasən, maaşı 2500 manatadək olan şəxslərin gəlir vergisindən azad olunması nəzərdə tutulur. Maraqlıdır, bu dəyişikilik qəbul olunsa, əmək haqqlarında hansı dəyişikliklər ola bilər?
Vergilər Məcəlləsinə təklif edilən dəyişikliklər fiziki şəxslərin əmək haqlarının artmasına səbəb ola bilər. Ekspertlər deyirlər ki, əmək haqlarından tutulan 14 faizlik gəlir vergisi ləğv edilərsə, artım avtomatik baş verəcək.
Ancaq bir ehtimal da var ki, bəzi şirkətlər gəlir vergisinin ləğvindən öz mənfəətləri üçün istifadə edə bilərlər. Məsələn, hər hansı bir şirkət əmək haqqlarını gəlir vergisi qədər, yəni 14 faiz həcmində azaldaraq, maaşı verginin ləğvindən qabaqkı həddə gətirəcək və nəticədə işçilər bu artımı hiss etməyəcək. Qazanan isə şirkət olacaq.
Şirkətlərin kütləvi şəkildə bu addımı atacağı isə inandırıcı deyil. Əsas səbəb isə əmək haqlarına dövlət qurumları tərəfindən ciddi nəzarət edilməsidir. Səyyar yoxlamalar zamanı şirkətin əmək haqlarını süni şəkildə azaltdığı aşkarlansa, həmin şirkətə qarşı cərimələr tətbiq edilə bilər.