"Evlər uçub, sürüşmənin miqyası daha da böyüyəcək" - Əziz Qaralov
Hadisə
13:48 / 05.03.2018
2551
Abşeron rayonu Nübar qəsəbəsindəki sürüşmə sahəsində yenidən aktivlik müşahidə edilir. Sürüşmənin aktivləşməsi nəticəsində yaxınlıqda yerləşən bir neçə yaşayış evinə ziyan dəyib.
Bəs mövcud təhlükə üzündən həmin ərazidəki sakinlərin köçürülməsi planlaşdırılırmı?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Sfera.az-a açıqlamasında bunları deyib:
"Ötən ilin yaz aylarından başlayaraq Nübar qəsəbəsində "Atyalı” ərazisindəki sürüşmə zonasında aktivlik var. Bu gün də həmin ərazidə dinamiklik müşahidə olunur”.
Ə.Qaralov bildirib ki, evlərin köçürülməsi onların səlahiyyətləri daxilində bir məsələ olmadığı üçün bu haqda konkret fikir yürüdə bilmirlər. Lakin son vəziyyətlə əlaqədar olaraq aidiyyəti qurumlara məlumat veriblər:
"Fevral ayının bülletenində də həmin ərazidə aktivliyin müşahidə olunduğunu qeyd etmişik”.
Sürüşmə zonasında aktivliyin artmasına təsir edən amillərdən danışan Ə.Qaralov bildirib ki, həmin ərazilərin böyük qismi vulkan məhsullarının üzərində tikilib:
"Yamac kəsilib və orada evlər tikildiyindən, təbiətə müdaxilə olunduğundan bu ərazilərdə aktivlik artıb”.
Ərazidə yaranan təhlükəli vəziyyətin miqyası Bayıl yamacında baş verən hadisə ilə bərabər ölçüdədirmi?
Bu suala cavab olaraq Ə.Qaralov bildirib ki, bu hadisələr bərabər ölçüdə tutula bilməz:
"Burada Bayıl yamacındakı kimi aktivliyin olduğunu deyə bilmərik. Lakin aktivlik var, evlərə ziyan dəyib, çatlar yaranıb. Elə evlər var ki, yararsız vəziyyətə düşüb. İnsanın əmlakına ziyanın dəyməsi elə özünə ziyan dəyməsidir”.
Ə.Qaralovun sözlərinə görə həmin ərazidə 50-yədək evə ziyan dəysə də, sürüşmə təhlükəsinin miqyasının daha da artacağı proqnozlaşdırılır:
"Bu aktivliyin təsir dairəsi daha genişlənəcək. Düşünmürük ki, bu proses 50-yədək evə ziyanın dəyməsi ilə yekunlaşacaq. Hazırda ərazidə uçan evlər də var”.
Ərazidə monitorinq aparan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov isə Sfera.az-a açıqlamasında monitorinqlərin nəticələrindən danışıb:
"Son günlər ərzində aparılan monitorinqlər nəticəsində qeyd olunan ərazidə sürüşmə-çökmə prosesinin dinamikasında aktivlik müşahidə olunub. Buna səbəb son günlər əraziyə düşən atmosfer yağıntılarıdır. Prosesin başlanmasının əsas səbəbləri isə təbii və texnogen amillərlə əlaqəlidir. Qeyd olunan ərazi maili yamacdır. Dik yamacın şaquli kəsilməsi, burada yaşayış məskənlərinin salınması ərazidəki təhlükəli vəziyyəti daha da artırıb. Çünki yamacın kəsilməsi onun dayanıqlılığını itməsinə səbəb olub. Sonrakı illərdə atmosfer yağıntılarının düşməsi nəticəsində quruntun yuyulması prosesi baş verib. Burada Bozdağ vulkanı yerləşir ki, zamanla həmin vulkanın püskürməsi nəticəsində vulkan məhsulları ərazinin geoloji quruluşunda iştirak edən süxurların birbaşa tərkibinə daxil olaraq onların dayanıqsız hala gəlməsinə səbəb olub. İnsanların təsərrüfat sahələrinin təsiri, həmçinin də yağıntıların düşməsi yuyulmaya həssas suxurların islanması və onların yığcam hala gəlməsi son nəticədə çökmə prosesinə səbəb olub. Hazırda 50-yə yaxın ev o vəziyyətdədir”.
Nigar Məhərrəm
Sfera.az