MTN olayı ilə bağlı daha iki sensasion fakt
Cəmiyyət
02:07 / 21.10.2015
1373
Milli təhlükəsizlik naziri Eldar Mahmudov deşifrə edilərək işdən qovulandan sonra onun komandasının çirkin əməlləri ilə bağlı məlumatlar yayılmaqdadır.
Bir neçə gündür ki, mətbuatda E.Mahmudovun dəstəsinin sahibkarlara qarşı törətdikləri qanunsuz əməllər işıqlandırılır. Sahibkarlar bir –birinin ardınca mətbuata çıxaraq sözügedən dəstə tərəfindən məruz qaldıqları haqsızlıqları açıqlayırlar. Məlumatlara görə, artıq bununla bağlı xüsusi bir qrup da yaradılıb, şikayətçi iş adamları, zərəçəkənlərin ərizələri alınır və onlardan alınan rüşvətlər hesablanır.
Hətta "Qafqazinfo" həmin iş adamlarından bəzilərinin adlarını dəqiqləşdirə bilib. Məlumata görə, bir neçə il əvvəl məhz MTN tərəfindən həbs edilən, ciddi haqsızlıqlarla üzləşən, demək olar ki, bütün biznesinin yerlə-yeksan edildiyi iş adamlarından biri də "Texnika Bank"ın keçmiş rəhbəri Etibar Əliyevdir. Xatırladaq ki, o vaxt Azərbaycanın ən böyük banklarından biri olan "Texnika Bank" rəhbəri gözlənilmədən həbs edilmiş, təxminən 9 aylıq həbsdən sonra azadlığa buraxılsa da, bankı əlindən alınmışdı. Məhz o vaxt "Texnika Bank" Eldar Mahmudovun qudası Cahangir Hacıyevə peşkəş edilmiş, adı da dəyişdirilərək "Bank Technique" adlandırılmışdı.
E.Əliyevin dönəmində 1000 nəfərdən artıq işçisi, Azərbaycanın bütün bölgələrində filialları, bir neçə ölkədə isə nümayəndəlikləri olan "Bank Technique" cəmi iki il ərzində faktiki olara rəzil gününə salınıb və bu gün bank defolt vəziyyətindədir. İşçilərinin 80 faizindən çoxu ixtisar olunan bankın rəhbəri də bir neçə gün əvvəl istefa verib.
Müştərilər qarşısında öhdəliklərini yerinə yetirə bilməyən "Bank Technique" vətəndaşların əmanətlərini qaytarmaqda çətinlik çəkir. Bankın bu vəziyyətinin ölkə rəhbərliyini ciddi narahat etdiyi qeyd olunur. Bildirilir ki, artıq "Bank Technique"ın fəaliyyətinin bərpa olunması və əvvəlki sahibi - Etibar Əliyevə qaytarılması gözlənilir.
Hazırda iş adamları ilə yeni yaradılan komissiya vasitəsilə əlaqə saxlanılır, onların hər biri administrasiyaya çağırılaraq problemləri öyrənilir. İş adamlarına bütün bunların prezident İlham Əliyevin göstərişi əsasında həyata keçirildiyi bildirilir.
Eyni zamanda, son on ildə MTN sıralarından haqsız olaraq çıxarılan kadrlar da üzə çıxmaqdadır. Onların da şikayətlərinin dinləniləcəyi və obyektiv olaraq ölçü götürüləcəyi gözlənilir.
Bu arada, belə kadrlardan biri “Qafqazinfo”ya müraciət edib. Həmin şəxs hazırda saxlanılıb-saxlanılmadığı dəqiq bilinməyən, lakin E.Mahmudovun törətdiyi qanunazidd hərəkətlərin əsas iştirakçısı olan MTN generalı Akif Çovdarovun bu sistemdə işləyən qohumlarından şikayətlənib. Keçmiş MTN-çi bildirib ki, A.Çovdarovun bacısının kürəkəni 1972-ci il təvəllüdlü Rafiq Hümbətov gənc olmasına baxmayaraq, hələ 2010-cu ildə gözlənilmədən Astaraya MTN-nin rəisi təyin olunub:
“Həmin vaxt mən Astarada Rafiq Hümbətovla işləyirdim. Bu adamın ayıq günü olmurdu. Demək olar ki, hər gün içirdi. Astaranın Kələdəhnə kəndində “Ceyhun” restoranı vardı. Bura faktiki olaraq əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərirdi. Rafiqin günü işdə yox, burada keçirdi. Bir dəfə içkili şəkildə idarə etdiyi xidməti avtomobillə də inək vurmuşdu. Onun əməlləri o qədər narahatlıq yaratmışdı ki, həmin vaxt Astara icra başçısı olan Mahir Quliyev iclas keçirdi və bizim rəisə xəbərdarlıq etdi. Lakin heç nə onun vecinə deyildi. Həmin vaxt onun rütbəsi polkovnik-leytenant idi”.
Şikayətçi bildirib ki, 2015-ci ilin fevralında R.Hümbətov Bakının Xətai rayon MTN-ə rəis gətirilib. Hazırda da fəaliyyətini orada davam etdirir. (bizimyol.info)
Sfera.az