“MTN işi”ndə yeni şok xəbərlər - həbslər, axtarışlar və müəmma...

“MTN işi”ndə yeni şok xəbərlər - həbslər, axtarışlar və müəmma...

Eldar Mahmudovun bütün adamları nəzarətə alındı; Nazirliyin ən məşhur generalları saxlanıldı, bəziləri ev dustağıdır; quruma nazirdən əvvəl müavin təyinatı oldu; Mədət Quliyev Milli Təhlükəsizlik Nazirliyində nəyi dəyişə bilər - ekspertlər danışır

Oktyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyində (MTN) gecəyarısı həyata keçirilən xüsusi əməliyyatla bağlı müzakirələr səngimir. Müzakirələrdə sahibkarların boğulmasından tutmuş “Rusiya izi” “İsrail xüsusi xidmət orqanlarına məlumat ötürmə”, “vəhhabi məsələsi” və digər məqamlara toxunulur, hər bir versiyanı inandırıcı edən arqumentlər səsləndirilir.
Prezident İlham Əliyevin gözlənilməz 17 oktyabr qərarı ilə Eldar Mahmudov nazir vəzifəsindən uzaqlaşdırılandan sonra bu posta kimin təyin olunacağı da dartışılan mövzulardandır. 

MTN-də 1-ci müavin postu yaradıldı və...
Oktyabrın 20-də Milli Təhlükəsizlik Nazirliyinin strukturunda dəyişiklik olunub. Dəyişikliyə əsasən milli təhlükəsizlik nazirinin 1-ci müavini ştat vahidi yaradılıb. 

Mədət Quliyev MTN rəhbərliyinə gətirildi
Prezidentin imzaladığı digər sərəncama əsasən yeni yaradılmış posta Penitensiar Xidmətin rəisi Mədət Quliyev təyin olunub. M.Quliyevə milli təhlükəsizlik naziri vəzifəsinin icrası da tapşırılıb. Hələlik nazir postu boşdur və yaxın günlərdə bu posta təyinat olacağı da gözlənilir. Namizədlər sırasında Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəisi, hazırda prezidentinin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyev, milli təhlükəsizlik nazirinin sabiq birinci müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini Əli Nağıyev, Naxçıvan MR-in milli təhlükəsizlik naziri Vəli Ələsgərov, prezidentin müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyev və daxili işlər nazirinin müavini Vilayət Eyvazovun adları hallanır. Amma son söz prezidentindir və bu baxımdan nazir təyin ediləcək şəxsin adı qeyd olunan siyahıda olmaya bilər. 

Baş Prokurorluq “MTN işi” ilə bağlı rəsmi açıqlama yaydı
Oktyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyində həyata keçirilən xüsusi əməliyyat haqda Baş Prokurorluq rəsmi məlumat yayıb. Həmin məlumatda deyilir:
“Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb. Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə nazirliyin bir qrup əməkdaşı tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr edilməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin pozulmasına əsaslı şübhələr müəyyən olunub. Cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2 - vəzifə səlahiyyətlərindən sui-istifadə, 309.1- vəzifə səlahiyyətlərini aşma və 302.2- əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları ilə barələrində həbs-qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

“MTN işi” üzrə tutulanları Səbayel məhkəməsinə aparıblar - adlar!!!
Rəsmi məlumatda “MTN işi” üzrə həbs olunan vəzifəli şəxslərin adları açıqlanmır. “Yeni Müsavat”a özəl mənbədən daxil olan məlumata görə, MTN-in saxlanılan yüksək çinli şəxsləri barəsində həbs-qətimkan tədbirinin seçilməsi haqda təqdimata Səbayel Rayon Məhkəməsinin hakimi Rauf Əhmədov baxıb. Tutulan şəxslər barəsində ilkin olaraq 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Məhkəmədən Nərimanov Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Təcridxanasına aparılan sabiq MTN-çilər sonradan 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüblər. Saxlanılanlar sırasında milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədov, Baş İstintaq İdarəsinin rəis müavini Sahib Ələkbərov, Akif Çovdarov, İlqar Əliyev, Natəvan Mirvətova, Fərhad Atayev və polkovnik Füzuli Ələsgərzadənin adları çəkilir.  

Hilal Əsədovun evində axtarış aparılması haqda xəbər var
Adı “MTN işi” üzrə saxlanılanlar sırasında çəkilən general-leytenant Hilal Əsədovun evlərində axtarış aparılması haqda redaksiyamıza xəbər daxil olub. Məlumatlı mənbənin verdiyi bilgiyə görə, adətən 2 mülki geyimli şəxsin müşayiət etdiyi H.Əsədov bu dəfə Bakının mərkəzindəki mənzilinə 10-a yaxın şəxslə gəlib. 28 May küçəsi, ev 18 ünvanında aparılan axtarışdan sonra H.Əsədov həmin şəxslərin əhatəsində naməlum istiqamətə aparılıb. Axtarış zamanı mənzildən sənədlər götürülüb.

XİN səfirliklərdə çalışan MTN-çilərə bağlı açıqlama verdi
İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədov milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən azad edilməsindən sonra açıqlama yayaraq bildirmişdi ki, xarici ölkələrdə yerləşən səfirliklərdə çalışan MTN əməkdaşlarının bir qismi vətənə dönməyəcək. Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev məsələ ilə bağlı apa.az-a açılama verib. Mətbuat katibi deyib: “Beynəlxalq diplomatik praktikaya və dövlətlərarası əməkdaşlığın səviyyəsinə uyğun olaraq, diplomatik nümayəndəliklərdə digər dövlət qurumlarının əməkdaşlarının da təmsil olunması adi haldır”.
H.Hacıyevin sözlərinə görə, bu çərçivədə ölkədən və ikitərəfli əməkdaşlığın xarakteri və səviyyəsindən asılı olaraq Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliklərində Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Gömrük Komitəsi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları da təmsil olunurlar:
“Qarşılıqlılıq prinsipi əsasında digər dövlətlərin də Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərində həmin ölkələrin müvafiq qurumlarının əməkdaşları xidmət edirlər”.
Prezidentin səbrini daşdıran son damla nə olub? 
Eldar Mahmudovun tutduğu postdan qəfil uzaqlaşdırılmasında sahibkarların birbaşa prezidentə şikayətinin rol oynaması haqda da xəbər var. Bildirilir ki, prezidentin rəhbərliyi ilə keçirilən son müşavirədə məmurlara “sahibkarlığın inkişafına mane olmayın” xəbərdarlığına əməl olunmayıb. Sahibkarlar MTN-in heç bir əsas olmadan onların işinə qarışmasından birbaşa ölkə başçısına şikayətlər ediblər. Bundan sonra xüsusi əməliyyatın gecikdirilmədən həyata keçirilməsinə göstəriş verilib. Qaynağımız bildirib ki, əslində əməliyyatın keçirilməsi seçkilərdən sonra, noyabrın ortalarına planlaşdırılıbmış...   

MTN-dəki “təmizləmə”də “Rusiya izi”...
Bununla belə, əməliyyatın baş tutmasında “Rusiya izi”nin olması da istisna olunmur. Qeyd edilir ki, MTN-dəki “təmizləmə”nin Rusiyanın Suriyadakı müharibəyə qatılmasından sonra baş tutması təsadüfi deyil. Məlumdur ki, vəhhabilik Rusiya ərazisində Çeçenistan müharibəsindən sonra qeyri-rəsmi qadağan olunub, vəhhabilərə qarşı antiterror əməliyyatları həyata keçirilib. Bu gün Rusiyada, xüsusən Dağıstan və Çeçenistanda şalvarı qısa, saqqalı uzun şəxsləri görmək mümkün deyil. Çünki belə şəxslər dərhal hüquq-mühafizə orqanlarına çağırılır, ona xarici görkəminə görə digər vətəndaşlardan fərqlənməmək  tapşırılır. Ölkə sərhədlərini tərk edəcəyi təqdirdə geri qayıtmamaq tələb olunur. Suriya hakimiyyətinə Rusiyanın hərbi-siyasi dəstək verdiyi bir vaxtda Azərbaycandan Bəşər Əsədə qarşı döyüşmək üçün xeyli şəxsin getməsi də bir faktdır. 
Yeri gəlmişkən, adının açıqlanmasını istəməyən hökumətyönlü deputatlardan biri musavat.com-a açıqlamasında MTN-in sabiq rəhbərliyini vəhhabilərin Azərbaycanda qol-qanad açmasına şərait yaratmaqda suçlayıb. Deyib ki, MTN əməkdaşları vəhhabilərdən pul alaraq onları sərbəst gəzib dolaşmasına şərait yaradıblar. Bu baxımdan MTN rəhbərliyinin cəzalandırılmasında “Rusiya izi”nin olması da mümkündür.  
  

Sabiq prezidentdən açıqlama
Məsələ ilə bağlı mətbuatda müxtəlif fikirlər, versiyalar tirajlansa da, hələ ki E.Mahmudovun aqibəti ilə bağlı qaranlıq məqamlar var. Bundan başqa, diqqət çəkən məsələlərdən biri də onun yerinə təyinatın olmamasıdır.
Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov da Eldar Mahmudovun vəzifədən çıxarılmasına münasibət bildirib. O, aznews.az-a açıqlamasında deyib ki, belə ciddi qərarlar səbəbsiz verilmir: “Eldar Mahmudovun işdən çıxarılması ilə bağlı heç bir fikir deyə bilmərəm. Çünki işin içində deyiləm. Ancaq ciddi qərarları səbəbsiz qəbul etməzlər. Görünür, ortada çox ciddi məsələlər var”. 
“Belə olan halda Azərbaycanı hansısa təhlükə gözləyirmi” sualına A.Mütəllibov belə cavab verib: “Heç bir təhlükə olmayacaq”.

Tanımış hüquqşünas deyir ki....
MTN-də həyata keçirilən xüsusi əməliyyata tanınmış hüquqşünas Müzəffər Baxış münasibətini açıqlayıb. M.Baxış deyib ki, hüquq-mühafizə orqanları əməkdaşlarının, xüsusən də MTN əməkdaşlarının cinayətkar əməlləri haqda mətbuatda dəfələrlə yazılar dərc olunub: “Təkcə MTN deyil, digər səlahiyyətli qurumların, hətta Kənd Təsərrüfatı Nazirliyi yanında Fitosanitar Xidmət əməkdaşlarının sahibkarların başına açdığı oyunlar da var. Sahibkarlardan Tarif Şurasının rəsmi açıqladığı tariflərdən 10, 20, hətta 50 qat artıq pul alırlar. Adını da dövlət rüsumu qoyurlar. MTN-də baş verən cinayətlər, xüsusən sahibkarlara qarşı baş verənlər bir çoxlarına bəlli idi. Amma heç kim qorxusundan bunu deyə bilmirdi. 1-2 adam vardı ki, bunu deyirdi, mətbuatda çıxış etməkdən çəkinmirdi. Hüquq-mühafizə orqanlarının, xüsusən MTN-in cinayətləri haqda deyilib. Şəxsən mən MTN-in cinayətləri barədə mətbuata demişdim ki, MTN-in girişində 2 mərtəbəli bina var. O binanın 2-ci mərtəbəsində ən xırda sahibkardan tutmuş ən böyük sahibkara qədər MTN əməkdaşlarının qəbuluna çağırılırdılar. Ora çağırılan sahibkara konkret rəqəm demirdilər. Bir kağız parçasını sahibkarın qabağına qoyurdular. Kağızda tutaq ki, 1 milyon yazırdılar. Bazarlıq edirdilər. Tutaq ki, sahibkar deyirdi ki, bu qədər vəsaiti verməyə gücü çatmır, düşürdülər 800 minə, bu məbləği də ödəyə bilmirdisə 500 minə qədər endirirdilər. Belə alverlər gedirdi və sahibkarlardan pul qoparırdılar. Bizə konkret faktlar da bəllidir. Azərbaycanın hüquq ictimaiyyətinə, ölkədə baş verənlərlə maraqlananlara MTN əməkdaşlarının hətta obyektlərə silahlı basqınlar təşkil edib pul aldıqları haqda faktlar məlumdur. Bir mebel dükanından 200 min manat pulu götürüb gediblər. Şəmkirdə 1 sahibkardan 2 milyona yaxın pul alınıb. Bunlar az qala Azərbaycan ictimaiyyətinə bəlli olan haldır”. 
M.Baxış digər hüquq-mühafizə orqanlarında da belə halların mövcud olduğunu, vətəndaşların əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması hallarının geniş yayıldığını, məhkəmələrin günahsız insanlara bəraət hökmü verməkdən çəkindiyini də açıqlayıb: “Sahibkarı tuturlar, qanunsuz olaraq ondan pul tələb edirlər. Pulu vermədisə ən ağlasığmaz cinayətdə suçlayıb ittiham elan edirlər. Günahı bizneslə məşğul olmasından o yana keçməyən sahibkar 3 ay, bəzən daha artıq müddətə həbsdə saxlanır, əmlaklarını satdırıb pulunu alıb işi məhkəməyə yollayırlar. İstintaq dövründə pulunu aldıqları sahibkarın məhkəmədən şərti olaraq azad olunmasına şərait yaradırlar. Pul verə bilməyənlər isə uzun illər azadlıqdan məhrum edilir. Budur reallıq. Bu adamlar Azərbaycan sahibkarlarını, ictimaiyyətini, insanını əzməklə məşğuldular”.
M.Baxış son həbslərin sahibkarlara qarşı qanunsuzluqlarla yanaşı, digər məsələlərə də söykəndiyini açıqladı: “Yaxın zamanlarda Azərbaycan ictimaiyyəti əsl həqiqəti biləcək. Gələcəkdə belə halların baş verməməsi üçün hüquqi dövlət quruculuğu üçün real addımlar atılmalı, qanunun aliliyi təmin edilməlidir”.

OXŞAR XƏBƏRLƏR