MDB-nin super killerləri - MARAQLI FAKTLAR

MDB-nin super killerləri - MARAQLI FAKTLAR
SSRİ-nin dağılmasından sonra leksikonumuza bazar iqtisadiyyatı, marketinq və bir sıra yeni sözlərlə bahəm, sifarişli qətl, killer kimi sözlər də daxil oldu. İngiliscədən tərcümədə "killer" muzdlu qatil anlamını verir. MDB məkanının dövlətlərində səs-küylü qətl hadisələri baş verib ki, bunlardan da çox az qisminin üstü açılıb. Lakin qatı açılmış cinayətlərin təhqiqatı göstərir ki, sifarişli qətli həyata keçirən qatillər cürbəcür metodlardan, o cümlədən qadın geyimlərindən, fəhlə uniformasından, həkim xalatından, milis formasından istifadə edirlər. 

Sfera.az muzdlu qatillərdən bir neçəsi haqda söhbət açacaq:

Qadın paltarındakı qatil

Rusiyanın Novokuznetsk şəhərində yaşayan arıq və bəstəboy killer Kondraşov cinayət edərkən qrimlənib qadın paltarı geyinərdi. Elə "Milya" adlı avtoriteti də əlindəki bizlə vurub öldürərkən Kondraşov çirkli qadın parikində idi. Əynində qadın koftası və yubkası olan qatili "Milya" dilənçi hesab etmişdi. Qarşısındakının kim olduğunu başa düşdükdə isə artıq gec idi, paslı biz onun kürəyinə saplanmışdı. Növbəti cinayətini Moskvada, Ticarət Mərkəzinin qarşısında həyata keçirən Kondraşovun bu dəfə əynində gözəl qadın paltarı, başında bahalı parik var idi. Qatil Belçika firması olan "Qetinterplast"ın rəhbərliyindən birini aradan götürmək üçün sifariş almışdı. Az keçməmiş firma rəhbərinin idarə etdiyi "Mercedes" Ticarət Mərkəzinin qarşısındakı dayanacaqdan çıxdı. Avtomobil Kandraşova çatarkən o, şubasının ətəyindən avtomatı çıxararaq atəş açdı. Bir daraq avtomat gülləsi boşaldılmış "Mercedes"də bir nəfər belə sağ qalmadı.

Deputatı oğurlayan milislər

1993-cü ilin may ayında milis forması geyinmiş 3 qatil Tatarıstan Ali Məclisinin deputatı S.Qafiyağulini oğurladı. Naberıjnı Çelnı istiqamətində hərəkət edən deputatın avtomobilini saxlayan "Qai" əməkdaşları ona və sürücüsünə maşından enməyi əmr edirlər. Sürücü hay-küy salmaq istəyərkən "qaişnik"lərdən biri ona avtomatdan bir neçə dəfə atəş açır. Qafiyatulini isə başqa avtomobilə otuzdurub oğurlayırlar. Tezliklə bütün yol patrul xidmətlərinə baş verən hadisə və atışma haqqında məlumat daxil olur. Demək olar ki, bütün yollara patrullar qoyulur. Bunu görən cinayətkarlar Tarana gedirlər. Keçdikləri birinci postu atəşə tutan canilər müfəttişlərdən birini ağır yaralayırlar. Beş kilometrdən sonra onları digər patrul maşını haqlayır. Güllə yarası almış milis nəfəri tapança ilə cinayətkarlardan birini vurmağa fürsət tapır. Avtomobildəki meyidi yola atıb, qaçan canilər isə aradan çıxa bilirlər. Onların axtarışı uzun illər nəticəsiz qaldı. Bu hadisədən bir neçə gün sonra Qafiyatulinin meyidi yol qırağından tapıldı.

Lotuların qənimi

1992-1993-cü illərdə Ural bölgəsi müxtəlif əraziləri ələ keçirməyə çalışan, bir-biri ilə rəqabət aparan ayrı-ayrı kriminal strukturlar arasındakı qanlı müharibələrlə yadda qaldı. Bütün MDB məkanında yaxşı təşkilatlanmaları, çoxsaylı üzvləri ilə məşhur olan "Uralmaş" briqadası regionu tam ələ keçirə bilmişdi. Tamamilə yerlilərdən, yəni ruslardan, tatarlardan ibarət olan briqada, digər bandalarla ərazi bölgüsünü başa çatdırmışdılar. Lakin qəfildən naməlum killer bir-birinin ardınca həm "Uralmaş"ı, həm də digər kriminal bandaları məhv etməyə başladı. Bu və ya digər tərəfdən bir neçə ay ərzində 65 avtoritet killerin gülləsinə tuş gəldi. Əsəblər tarıma çəkilmişdi, bütün briqadalar qarşı tərəfi günahkar saydıqlarına görə müharibə yenə də qızışdı. Hüquq-mühafizə orqanları nəhayət ki, killerin izinə düşə bildilər. Ancaq onu diri ələ keçirə bilmədilər. Atışma zamanı öldürülən şəxsin cibindən Firdovsi Əlyar oğlu Atakişiyevin adına sənəd tapıldı. Sifarişçinin kim olduğu isə aydın olmasa da, belə versiya irəli sürüldü ki, qətlləri azərbaycanlı avtoritetlərdən biri sifariş veribmiş. Çünki həm Firdovsi, həm də özləri tərəfindən bir-birilərini "təmizləyib" qurtarmış rus briqadaları bundan sonra regionu ələ alan qafqazlı avtoritetlərə müqavimət göstərə bilmədilər.

Həkimin sonu

15 yanvar 1994-cü il. Tacikistanın Düşənbə şəhərində muzdlu qatillər öz qurbanlarını evdən çıxarmaq üçün hiyləgər plan cızdılar. Hədəf Tacikistan Xarici İşlər Nazirinin qohumu, respublikanın ən tanınmış həkimi Cəmşid Asimov idi. Həmin axşam Asimovun qapısının zəngi çalındı. Qapını açan Asimov qarşısında hərbi geyimli iki zabit gördü. Zabitlərdən biri ona: "Sizi narahat etdiyimizə görə üzr istəyirik. Ancaq bizim patrullardan birinə cinayətkarlar hücum edib yaralayıblar, təcili kömək lazımdır", - dedi. Hippokrat andına sadiq qalan həkim, çantasını götürüb aşağı düşdü. Ancaq küçəyə çıxan anda açılan atəş Asimovun həyatına son qoydu.

Fəhlə forması geyinmiş əzrayıl

1996-cı ilin 3 noyabrında Moskvadan havaya qalxmış "YAK-40" avialayneri Donetsk aeroportunda yerə endi. Sərnişin salonunda ancaq Şerbanlar ailəsinin üzvləri var idi. Ailənin başçısı Yevgeniy Şerban Ukrayna Ali Radasının deputatı olmaqla bərabər, həm də Ukrayna Liberal Partiyasının liderlərindən biri hesab olunurdu. Saat 12.15-də uçuşu başa çatan təyyarənin trapı endirildi. Deputatın "Chevralet" avtomobili artıq uçuş zolağına daxil olmuşdu. Çantalarını avtomobilə yükləyən zaman Şerbanlara təyyarəçi formasında 2 killer yaxınlaşdı. Elə bu zaman avtomatlardan atəş açıldı. Yevgeni Şerban və onun həyat yoldaşı yerindəcə keçindilər. Eyni zamanda pərakəndə atılan güllələr bir gömrükçünü, bort-mexaniki və aviatexniki də yaraladı. Ağ rəngli "Jiquli"yə oturub aradan çıxan canilər aeroportun binası tərəfə də atəş açdılar. Beləliklə, Moskvada tanınmış müğənni İosif Kabzonun "Gümüş Toy" məclisində iştirak edib qayıdan Şerbanlar ailəsi naməlum şəxslər tərəfindən qətlə yetirildi. Amansız fəhlə "Mostetroybank"ın prezidenti Mixail Juravlyovu qətlə yetirən cani, fəhlə uniformasından istifadə etmişdi. Sadə fəhlə forması bankirin cangüdənlərini çaşdırdığından killerdən şübhələnməmişdilər. Juravlyov banka girərkən, əyni-başı toz içində olan qatil tapança ilə ona atəş açdı. Gözlənilməz hücumdan özlərini itirmiş cangüdənlər ayılanda, artıq killerin izi-tozu belə qalmamışdı.

Güllələyib yandırdılar

1992-ci ilin sonlarında Primorsk killerləri Vladivostoka "razborka"ya gəlmiş Moskvalı avtoritetlər – Vasiliy Çexov və Aleksandr Şmidtin ölümünə qərar verdilər. "Lotu"lar oğru dünyasının missiyasını yenicə yerinə yetirməyə başlayırdılar ki, onların avtomobilini Vladivastok küçələrinin birində milis patrulu saxladı. Milislər Çexova və Şmidtə patrul maşınına oturmağı əmr etdilər. Cinayətkarlarla əlbir olan milislər öz əsirlərini meşəyə apararaq 3 nəfər cəllada təhvil verdilər. Onlar isə bədbəxt, başıbəlalı "lotu"ları dərhal güllələyib, sonra yandırdılar. Qatillər öz planlarını elə professionallıqla həyata keçirmişdilər ki, qətlə yetirilmiş avtoritetlərin taleyi, hadisədən 7-8 il keçdikdən sonra məlum oldu.

Ilqar Atabəyli


OXŞAR XƏBƏRLƏR