"Dollar yenidən bahalaşa bilər" - Ekspertdən PROQNOZ

12:12 / 28.02.2018
3691
Son illərdə dollar məzənnəsinin artması, manatın isə azalması iqtisadi baxımdan bir çox sektorlara təsir etdi. Bəs indiki vəziyyətdə vətəndaşlar gəlirlərini hansı valyutada daha etibarlı şəkildə saxlaya bilərlər? Dollar, manat, qızıl, daşınmaz əmlak - bunlardan hansı etibarlıdır? Uzun müddətli və qısa müddətli yığım üçün hansı daha sərfəlidir?
Sfera.az saytının əməkdaşı iqtisadçı ekspert Natiq Cəfərlinin bu məsələ ilə bağlı fikirlərini öyrənib.
Natiq Cəfərli bildirib ki, qarşıdan gələn illərdə dolların yenidən bahalaşması gözlənilir:
"Federal Reserv sisteminin yeni prezidenti Cerom Pavellin çıxışlarından belə nəticəyə gəlmək olur ki, yaxın aylarda FED-in faiz artımlarına getməsi ehtimalı var. Və dünyada dollar indeksinin qalxma ehtimalı çox yüksəkdir. Buna açıq işarələr var. Bildiyimiz kimi, dollar kifayət qədər bahalaşdı və bunun üçün dollar-manat məzənnəsini hökumət sabit saxladı. Bunun təsirini isə yaranan çarpaz məzənnənin təzyiqini Avro üzərindən artırdı. Avro son bir ildə təqribən 20% bahalaşıb".
Ekspert hazırda dolların ən etibarlı valyutalardan olduğunu deyib:
"Çox baha olduğuna görə, avro almaq biraz təhlükəli görünür. Qısa və orta vadədə bu il ərzində məhz manat kütləsinin dollarda saxlanılması daha məqsədə uyğundur. Dollar məzənnəsi sabitdir, ona görə də indiki vəziyyətdə manatı dollara çevirmək daha məqsədə uyğundur”.
Natiq Cəfərli daşınmaz əmlakla bağlı isə eyni dərəcədə pozitiv danışmayıb:
"Daşınmaz əmlakla bağlı bunları demək biraz çətindir. Çünki Azərbaycanda hələ də daşınmaz əmlak qiymətləri normal səviyyədə deyil. Böyük neft pulları dövründə qiymətlər "şişdi". Bakıdakı mənzillərin qiyməti Avropa ölkələrindəkindən də baha idi. 1-2 il sonra qiymətlərin daha aşağı və daha normal olması ehtimalı yüksəkdir. Qiymətlərin aşağı enməsi gözlənildiyi üçün pulu daşınmaz əmlaka vermək məsləhət deyil”.
Onun sözlərinə görə, dollarla qızıl çarpaz mütənasib prinsipi ilə hərəkət edir:
"Qızıl isə belədir ki, dolların qalxması halında qızılın qiyməti bir o qədər düşür. Yəni, qızıla yatırım etmək də riskli sayılır. Çünki dolların qalxma ehtimalı daha yüksəkdir".
Ekspert pulun bir hissəsinin milli valyuta olan manatda saxlanmasını da məsləhət görür:
"Manatı olanların bunun bir qismini manat şəklində saxlaması da yaxşı olar. Çünki tez-tez dollara çevirib, sonra lazım olduqda manata çevirdikdə məzənnə fərqində itirə bilərlər. Ona görə də gündəlik xərcləri manatda saxlayıb, qalan sərbəst hissəsini dollara çevirmək mənim fikrimcə daha məqsədə uyğundur”.
Nihat HÜSEYNZADƏ