Bunu etməsəniz, avtomobilinizə həbs qoyula bilər

14:50 / 27.02.2018
2592
Bu yaxınlarda mətbuatda belə bir xəbər getmişdi ki, guya vəfat edən qohumunun avtomobilini vərəsəlik hüququ əsasında öz üzərinə keçirmək istəyən şəxsdən həmin avtomobilin sahibinə yazılmış cərimələri ödəməsi tələb olunub. Bəs həqiqətən də belə bir qayda varmı? Vəfat edən şəxsin cərimələrini kim ödəməlidir?
Bununla bağlı Sfera.az-a danışan nəqliyyat sahəsi üzrə mütəxəssis, hüquqşünas Ərşad Hüseynov bu cür hallarda cərimələrin silindiyini bildirib:
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində konkret olaraq göstərilib ki, şəxs barəsində inzibati qərar varsa, həmin şəxs vəfat etdikdə bunlara xitam verilməlidir. Yəni, cərimələr ləğv olunur".
Ərşad Hüseynovun sözlərinə görə, cərimlərin silinməsi avtomatik olaraq həyata keçmir:
"Ölən şəxsin varisləri Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinə ölüm haqqında şəhadətnamə göndərməlidirlər. BAŞ DYPİ-nin rəhbərliyinə məktubla müraciət edilsə və həmin məktuba ölüm kağızı, habelə, digər sənədlər əlavə edilsə, kifayətdir. Həmin məktuba 15-30 iş günü ərzində baxılır və lazımi tədbir görülür".
Ekspert Elməddin Muradlı da bu fikirləri təsdiq edərək vəfat edən şəxsin borclarının silindiyini bildirdi. Onun sözlərinə görə, bu qaydalarda dəyişiklik edilməsi nəzərdə tutulmur:
"Bu təcrübə bir çox ölkədə var. Ona görə də, qaydalar dəyişməyəcək. Bu cinayət əməli deyil, sadəcə inzibati xətadır. Odur ki, cərimələnən şəxs öldükdə heç kim onun cəriməsini ödəməyə məcbur edilmir. İl ərzində nə qədər belə borcun silindiyi ilə bağlı yəqin ki, statistika tutulur. Ancaq həmin statistikanı əldə etmək qəliz məsələdir".
Ekspert vəfat edən şəxsin ölüm şəhadətnaməsi ilə BAŞ DYPİ-yə müraciət edilmədikdə baş verənlər də danışıb:
"Yaxşı olar ki, həmin şəxsin varisləri vaxtında polisə məlumat versinlər. Çünki çox vaxt ölən şəxsin avtomobilini qızı, oğlu və ya hər hansı qohumu istifadə edir. Vəfat edən şəxsin cərimələri ləğv edilməyibsə, yəni, bu barədə polisə məlumat daxil olmayıbsa,onda avtomobilə həbs qoyula bilər".
Aydan Lətifova