“İlk başlayanda aylarla pulsuz işləmişdim…” - Uğur hekayəsi
16:27 / 26.02.2018
5763
Leyla Məmmədova: "Özümü sübut etmək və zəhmətlə bir yerlərə gəlməyin mümkün olduğunu göstərmək istəyirdim”
Ona görə, hər kəsi uğura aparan yol fərqlidir. Onun da öz yolu var və bu yolda irəliləyir – prinsipləri, üsul və qaydaları ilə. İşində geri qalmamaq istəyir, daha da irəliyə getməyə çalışır, bunun üçün oxuyub-öyrənməyə böyük zaman həsr edir. İşə nə qədər önəm versə də, mənəvi keyfiyyətlərə sahib olmağı daha üstün hesab edir. "Heç bir zaman vəzifə, imkan daimi deyil, daimi olan münasibətlərdir” – deyən müsahibimiz Azər Türk Bankın Strateji planlaşdırma və marketinq departamentinin direktoru sabiq direktoru, hazırda özünün startapında çalışan Leyla Məmmədovadır.
– Tədbirlərdən birində çıxışınızda dediniz ki, biz tələbə olarkən şirkətlər tələbələrə təcrübə imkanı yaratmaqda maraqlı deyildilər, indi bu proses daha yaxşıdır. İş həyatından öncəki təcrübə müddətiniz necə olub?
– Azər Türk Bank mənim ilk iş yerim olub. Bakalavr təhsilimi Qafqaz Universitetində (indiki Mühəndislik Universiteti) almışam. O dövrdə bizim universitetdə əlaçı tələbələrin universitet hesabına Türkiyədə yerləşən banklarda təcrübə proqramı keçmək imkanı vardı. Əlaçı olduğum üçün ikinci kursu tamamladıqdan sonra Türkiyədə bir bankın baş ofisində təcrübə proqramı keçmişdim. Təcrübə proqramı ilə yanaşı, mühasibatlıq dərsinə də gedirdik. Daha sonra Moskvada bir banka təcrübə üçün müraciət etmişdim. Üçüncü kursu bitirəndə isə Moskvada təcrübə keçdim. Lakin yenə də deyirəm ki, bizim tələbəlik illərimizdə hər hansı bankda, böyük şirkətdə hər kəs təcrübə keçə bilməzdi. Nadir hallarda təcrübə proqramları olurdu. Amma ASAN Xidmətdən sonra könüllülük genişlənməyə, dövlət qurumları təcrübəçiləri cəlb etməyə başladı. Bu da özəl sektora təsirini göstərdi və artıq biz təcrübə proqramları ilə bağlı elanları tez-tez görürük. Könüllülüyün genişlənməsi tələbələr üçün müsbət haldır. Tələbə təhsil almaqla yanaşı, müxtəlif qurumlarda təcrübə keçməli, peşəkarlarla ünsiyyətdə olmalı, iş əlaqəsi qurmalıdır.
– Tələbə vaxtı aktiv olanlara sonra iş tapmaq, bu mühitdə özünü təsdiq etmək daha rahat olur. Bunun rolunu öz üzərinizdə nə dərəcədə hiss etdiniz?
– Bakalavr tələbəsi olarkən iki xarici ölkədə təcrübə proqramında iştirak etmişdim. Magistr təhsilimi İsveçrədə davam etdirdim. Orda da əlaçı oldum, fəxri dərəcə ilə bitirdim. Azərbaycana döndükdən sonra müxtəlif yerlərə müraciət etmişdim. Artıq qısa da olsa, xarici banklardan əldə etdiyim təcrübəmin sayəsində Azər Türk Banka təcrübəçi olaraq dəvət edildim. Təcrübə bitdikdən sonra sınaq müddətində işlədim. Sınaq dövrü uğurlu keçdiyi üçün bank mənə şans verdi və mütəxəssis olaraq işə başladım. Tələbə vaxtı əlaçı olmaq şərt deyil, həmçinin də sosial aktiv olmaq, mümkün qədər müxtəlif təşkilatlarda fəal iştirak etmək lazımdır. Əlavə olaraq, müxtəlif qurumlarda təcrübəçi kimi işləmək də önəmlidir. Bu, gələcəkdə hansısa nüfuzlu qurumda işə düzəlməyə kömək edir. Mən bunu öz şəxsi təcrübəmdən bilirəm. Daha öncə keçdiyim təcrübə proqramları və universitetlərdən fəxri dərəcə ilə məzun olma səbəbi ilə Azər Türk Banka işə düzəldim.
– 2012-də işə başlamısınız, 2 ildən sonra artıq departament rəhbəri olmusunuz. Özünüzü qısa zamanda necə təsdiq etdiniz?
– Mən işə başlayanda bank hələ çox kiçik idi, 144 nəfərlik personalı var idi. Hər departamentdə maksimum 2-3 işçi olurdu. Mənim işə başladığım illərdə çalışdığım departamentdə 2 nəfər ayrı işçi var idi. Amma sonra onlar başqa təşkilatlara getmişdi. O dövrlərdə bizdə aylıq məvacib çox aşağı idi. Buna rəğmən düşünürdüm ki, bir yerlərdən başlamaq lazımdır. Kiçik bank olsa da, özünəməxsus müştəriləri var idi, reputasiyası çox gözəl idi. Həmin ərəfədə başqa banklardan da dəvət almışdım, sadəcə ilk dəvət Azər Türk Bankdan olduğu üçün işə orda başladım. Sağ olsun o dövrdəki rəhbərimiz daim gənclərə dəstək olurdu, onlara inanırdı, şans verirdi.
Daim mənə verilən işdən daha artığını görməyə çalışırdım. Çünki məqsədim var idi. Özümü sübut etmək və zəhmət ilə bir yerlərə gəlməyin mümkün olduğunu göstərmək istəyirdim. Bizim bankda mənim kimi təcrübəçi olaraq başlayan əksər şəxslər bu gün bankda müxtəlif rəhbər vəzifələrdə çalışır. Azər Türk Bank şəffaf bir yerdir, daim çalışqan insanlara özünü sübut etməyə şərait yaradıb. Kiminsə sürətlə hansısa vəzifəyə gəlməyi təəccüblü deyil. Özəlliklə öz nümunəmdə bunu deyə bilərəm. Mən məktəbi də tez qurtarmışam. 11 illik təhsili 10 ilə bitirdim, Qafqaz Universitetində təhsil aldığım müddətdə kredit sistemi idi, daim artıq fənn götürürdüm ki, bakalavrı tez bitirim. Universitetdə magistraturada dərslərin ağır, diplom işinin müdafiəsinin çətin olmasına baxmayaraq, bunu da erkən etdim. Daim tələsmişəm. İş həyatında da elə gətirdi ki, özümü tez təsdiq edə bildim. Təcrübəçi oldum, təcrübəçi mütəxəssis, mütəxəssis, aparıcı mütəxəssis, baş mütəxəssis. Dövlət bankı olduqdan sonra yeni gələn rəhbərliklə işlədik. Komandada məndən başqa iki işçi olsa da, onlardan vəzifəcə bir az böyük mən idim. Yeni gələn rəhbərlik mənə tapşırıqlar verirdi, onları icra etdikcə məni həm də sınadılar və departament direktoru təyin etdilər. Çox gənc idim, ancaq etimad göstərdilər.
– İndi artıq o dövrdür ki, işləyə-işləyə həm də yenilikləri öyrənməlisən. Bu şeylərə sizin də çox əhəmiyyət verdiyinizi bilirəm. Maraqlıdır, işləyə-işləyə öyrəndikləriniz hansı üstünlüklər qazandırır?
– İşləyərkən mütəmadi olaraq yeni bir şeylər öyrənmək lazımdır. Çünki hazırda hər şeyin sürətli dəyişdiyi zamanda yaşayırıq. İşləməklə yanaşı, sahəmiz üzrə müxtəlif kitablar, elmi əsərlər oxumalıyıq. Hər kəsə bunu tövsiyə edirəm və özüm də buna əməl edirəm. Ayda sahəm üzrə 2-3 kitab, məqalə oxumağa çalışıram. Çünki ayrı cür mümkün deyil. Bu sahənin peşəkarlarından geri qala bilərsən. Sadəcə işləməklə inkişaf etmək mümkün deyil. İnsan bütün dəyişikliklərə açıq olmalıdır. Çünki bu, inkişaf üçün vacibdir.
– "İş çoxdur, oxumağa vaxt ayırmaq alınmır” yanaşmasında olanlar var.
– Fikrimcə, bu, bəhanədən başqa bir şey deyil. Vaxtın idarə olunmasından çox şey asılıdır. 7 yaşlı oğlum var, onun axşam 10-dan gec yatmamasına çalışıram. Ondan sonra 1-ə qədər kitab oxuyuram, özümü inkişaf etdirə biləcəyim materiallarla tanış oluram, yeni dillər öyrənirəm. Hər şey mümkündür, yetər ki, insan istəsin. Yolda gedərkən, kimisə gözləyərkən və s. oxumaq olar. Sosial şəbəkədə daha az vaxt keçirib, hər hansı maraqlı xəbər oxumaq olar. Əsas istəkdir, həftədə bir dəfə də olsa, 5-10 səhifə oxumağa vaxt tapmaq mümkündür. İstək və vərdiş olmalıdır.
– "Mənim üçün iş heç vaxt problem deyil” deyənlər də var, "iş yoxdur” deyənlər də. Bir yanaşma da var ki, yaxşı mütəxəssis işsiz qalmır.
– İş çoxdur, sadəcə səbirli olub, düzgün işi doğru yerdə axtarmaq lazımdır. İşdən qorxmaq lazım deyil. Özüm də yeni vakansiya üzrə kadr axtaranda bəzi problemləri görürəm. Bəzi gənclər müxtəlif səbəblərdən işsiz qalmağı seçirlər. Məsələn, iş çox ağırdır, maaşınız istədiyimdən aşağıdır. Fikrimcə, bir yerdən başlamaq lazımdır. İlk başlayanda aylarla pulsuz işləmişdim. Daha sonra isə neçə ay maaşım 300 manat olmuşdu. Halbuki, Qafqazdan əlaçı məzun olmuşdum, xarici universiteti fəxri dərəcədə ilə bitirmişdim. Ona rəğmən düşünürdüm ki, gənc ikən maaşdan çox işə önəm verməliyəm. Maaş az olmasına baxmayaraq, dişimi sıxıb səbrlə dözürdüm. Özümü sübut etmək istəyirdim. Bu gün onun bəhrəsini görürəm.
– İş cəhətdən hər kəsin öz istiqaməti, prinsipləri müəyyən mənada olur. Sizdə belə bir prinsiplər varmı?
– Komanda işinə üstünlük verən adamam. Ədalət və vicdan olmalıdır. Atatürkün gözəl sözü var: Hər bir şəxsin vicdanı öz polisidir. Mən də çalışıram ki, içimdəki bu polis daim yaşasın. Tanınmış şirkətlərin uğur hekayələrini oxuyanda görürük ki, onlar güclü komanda işi sayəsində bu uğurları qazanırlar. Daim yenilik və öyrənmək tərəfdarıyam. Departament daxilində gözəl komanda qurmaq və ədalətli şəkildə idarə etməyi bacarmaq lazımdır. Bəlkə də şablon səslənə bilər, amma bu gün boss yox, lider olmaq önəmlidir. Həmişə öz komandamla qürur duymuşam, əldə etdiyimiz bütün uğurlar da bir yerdə çəkdiyimiz əziyyətin sayəsindədir. Daim insanları motivasiya etməyə çalışıram. Çünki maaşla yanaşı, insani münasibətlər də önəmlidir. Bir menecerin sahib olmalı olduğu bacarıqlardan biri də insan resursları ilə işləmək qabiliyyətidir. Komandasındakı adamlara dost kimi yanaşmalı, onların bəzən özlərinin görmədikləri keyfiyyətlərini açıb göstərməlidir.
– Sosial sferada da aktivsiniz, bir övlad anasısınız, işiniz də ki öz yerində. Bunları bir yerdə aparmaq vaxt cəhətdən nə dərəcədə uyumlu olur?
– Mənim anam da sosial cəhətdən aktiv qadındır. Özü də bir təhsil müəssisəsinin rəhbəridir. Biz iki bacı olmuşuq, mən özümü həmişə bacımın ikinci anası kimi hiss etmişəm. Çünki anam işdə olurdu, bu funksiyanın bir qismi mənim üstümdə qalırdı. Yemək bişirməyi həm sevirəm, həm də bacarıram. Boş vaxtlarda rəssamlıqla da məşğul oluram. Çox vaxt yeməyi evdə özüm edirəm. Vaxt az olanda yüngül nələrsə, vaxt varsa, çətin milli yeməkləri edirəm. Ailəm böyük deyil, yoldaşım oğlum və mən. Ağır bir şeylər etmədən vaxtında hazırlaya bilirəm. Anam da mənə kömək edir. Həm çalışmaq həm analıq funksiyasını aparmaq çox çətindir, amma mümkündür. İşlərimi tamamladıqdan sonra oğlumla maksimum dərəcədə vaxt keçirirəm.
– Ənənəvi sualımız: uğurun sirri nədir?
– Səbirli olmaq, özünə və ətrafındakılara inanmaq, pozitiv düşünmək, hər şeydə bir xeyir görmək. Bunları söz xatirinə demirəm. Düşünürəm ki, ətrafımıza düzgün insanları yığmaq, mümkün qədər yeni insanlarla tanış olmaq lazımdır. Nədənsə qorxmaq lazım deyil. "Filankəs necə oldu filan yerə getdi” tipli sualları heç vaxt özümə vermirəm. Düşünürəm ki, hər kəsin uğura aparan öz yolu var, əgər mən onun-bunun yoluna, necə yeriməsinə baxsam, öz yolumda qarşıma çıxan daşları görməyib yıxıla bilərəm. Bunlara riayət edərək indiki nöqtəyə gəlib çıxmışam. Bunu çox da böyük uğur saymıram, hələ qarşıda gediləsi yol çoxdur. Bir də mən vətənpərvər insanam, ölkəmi, millətimi sevirəm. İstəyirəm dünyadan köçəndən sonra məndən gözəl bir şeylər qalsın, övladlarım, valideynlərim mənimlə fəxr etsin.(Fed.az)