Qarabağla bağlı risklər artır
"Dondurulmuş münaqişələri bütövlükdə region üçün barıt çəlləyi hesab etmək olar".Sfera.az bildirir ki,
bunu axar.az-a Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş vəziyyətinin regiona artan riskləri barədə
danışarkən politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşaviri bildirib ki, postsovet məkanındakı
dondurulmuş münaqişələrin saxlanılması hazırda da Rusiya üçün önəmli məsələdir:
"Məsələnin nizama salınması üçün yaradılmış beynəlxalq təşkilatların işini pozan da elə Kremldir.
Çünki sözügedən təşkilatlar Moskvanın maraqlarına əsas maneədir. Görünür, burada Rusiya ilə
yanaşı, başqa dövlətlərin də maraqları var. Dondurulmuş münaqişələrin saxlanılması getdikcə bütövlükdə
region üçün təhlükəli tendensiyaya çevrilir. Bu, birbaşa regiondakı ticari və iqtisadi əlaqələri iflic edir,
dövlətlər arasında düşmənçilik toxumu səpməklə münaqişələrin yenidən alovlanmasına və daha geniş
sahələri əhatə etməsinə əlverişli şərait yaradır. Qarabağ münaqişəsinin hazırkı vəziyyəti bütövlükdə
region üçün barıt çəlləyidir. Başda BP olmaqla, bir sıra Qərb şirkətləri Azərbaycana xeyli sərmayə
yatırıb. Bakı-Ceyhan, Bakı-Ərzurum, Avropa ilə Asiyanı birləşdirən böyük enerji və nəqliyyat dəhlizlərinin
başa çatdırılması prosesi gedir. Moskva və İrəvanın status-kvonun saxlanılmasına yönəlik addımları
vəziyyəti müharibə ilə əvəzləyə və nəticədə bütün infrastruktur layihələrini məhv edə bilər. Qərb bu cür
təhlükəli risklərin fərqindədir və çox güman ki, yatırılan iri sərmayələrinin ziyan görməməsi üçün Dağlıq
Qarabağın artıq dondurulmuş münaqişə formatından çıxması istiqamətində səylərini artıracaq".