Ramiz Mirzəyevin bacısı və yeznəsinin qətlə yetirildiyi məlum oldu - YENİLƏNİB
Hadisə
12:58 / 24.02.2018
5709
Tovuz şəhərində yanğın baş vermiş evdə meyitləri tapılan ər arvadın qətlə yetirildiyi bildirilir.
Sfera.az APA-ya istinadən bildirir ki, hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, meyiti aşkarlanan 1950-ci il təvəllüdlü Pakizə Mirzəyevanın əl-ayağı və ağzı lentlə bağlı imiş. Bundan başqa, P. Mirzəyeva və onun həyat yoldaşı, 1945-ci il təvəllüdlü Fərman Məmmədovun cəsədləri ayrı-ayrı otaqlarda tapılıb. Kişinin baş, qadının isə bədən nahiyələrində yanıq xəsarətləri olub.
***
11:39
Tovuz rayonunda baş verən yanğında ölən ər-arvad Pakizə Mirzəyeva və Fərman Məmmədov AFFA-nın keçmiş prezidenti Ramiz Mirzəyevin bacısı və yeznəsidir.
Sfera.az Axar.az-a istinadən bildirir ki, yanğın o qədər də geniş olmayıb və evə ciddi zərər dəyməyib. Buna baxmayaraq, ər-arvad dünyasını dəyişib.
Qeyd edək ki, R.Mirzəyevin oğlu 33 yaşlı Anar Mirzəyev 9 gün öncə - 15 fevralda Sabirabadın Həşimxanlı kəndində baş verən qəzada dünyasını dəyişmişdi.
Keçən il Hacıqabulda "Toyota Land Kruzer"in ağır qəzaya düşməsi nəticəsində Ramiz Mirzəyevin qardaşı oğlu Orxan Mirzəyev vəfat edib.
Ramiz Mirzəyev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azərneftyağ" istehsalat birliyinin baş direktoru, "Azərneftyağ" neft emalı zavodunun direktoru, sənaye və energetika nazirinin müavini vəzifəsində çalışıb. O, 2003-cü ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti seçilib. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, YAP-ın Xətai rayon təşkilatının sədri idi.