Eldar Mahmudov “CATEL” şirkətinə necə sahiblənib? - VİDEO

Eldar Mahmudov “CATEL” şirkətinə necə sahiblənib? -  VİDEO
Sadiq Hümbətovun alın tərindən Anar Mahmudovun cibinə uzanan yol
2011-ci ildə Azərbaycanda ilk CDMA mobil operatoru olan "CATEL" şirkətinin bağlanması bu şirkətin xidmətindən faydalanan vətəndaşlarda ciddi narzılıq yaratmaqla yanaşı, şirkətin hansı səbəbdən və niyə bağlanması ilə əlaqədar da çoxlu söz-söhbətlərə səbəb olmuşdur. Şirkətin fəaliyyətini dayandırmasından bir neçə ay sonra rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov şirkətin fəaliyyətinin qısa müddətdə bərpası üçün səylər göstərildiyini vurğulasa da, bundan sonra da “CATEL” müştərilərini sevindirəcək hər hansı yenilik baş vermədi.

Bugünlərdə moderator.az-a sabiq MTN rəhbəri Eldar Mahmudovun “CATEL” şirkətinə necə sahibləndiyi ilə bağlı ilginc məlumat daxil olub. Mənbə şirkətin onun qurucusu Sadiq Hümbətovun əlindən məcburi qaydada alındığı və notarial qaydada Eldar Mahmudovun oğlu Anar Mahmudovun adına keçirildiyini bildirib:

“CATEL” şirkəti fəaliyyətə başlayandan bir müddət sonra şirkət öz xidmətinin keyfiyyəti ilə cəmiyyətdə böyük nüfuz qazanmağa başladı. “Catel” abunəçilərinin sayı sürətlə artmağa başladı ki, bu da daha çox gəlir demək idi. “CATEL”in məlum yüksəlişi nəinki ölkə paytaxtında, hətta əyalətlərdəki şirkət və müəssəsilərə belə göz dikən sabiq MTN rəhbəri Eldar Mahmudovun da diqqətini cəlb etdi. Məhz bundan sonra MTN-ə çağırılan Sadiq Hümbətova “mədəni surətdə” başa salındı ki, o, “CATEL” şirkətindən E.Mahmudovun oğlu Anar Mahmudovun xeyrinə əl çəkməlidir.
Təbii, min bir əziyyətlə yaratdığı şirkətdən təmənnasız olaraq, “hədiyyə” adı ilə kiminsə xeyrinə əl çəkmək Sadiq Hümbətov üçün asan məsələ deyildi. Lakin iş adamı elə ilk “tövsiyyənin” ab-havasından anladı ki, sahibi olduğu şirkətdən Anar Mahmudovun xeyrinə əl çəkməsə, ömrürünün qalan hissəsini həbsdə keçirməli olacaq. Odur ki, öz həyat və azadlığından yana seçim edən S.Hümbətov, malını verib canını qurtarmaq yolunu seçdi.

Eldar Mahmudovun yaxın qoumlarının müşayiəti ilə Bakıdakı notariuslardan birinə gətirilən S.Hümbətov “CATEL” şirkətini Anar Mahmudovun adına keçirdi. S.Hümbətova məxsus, 100-150 min manat dəyərində olan iki ədəd “Mercedes”ə də  Anar Mahmudovun xeyrinə əl qoyuldu”.
Mənbənin sözlərinə görə, Eldar Mahmudovun vəzifədən azad edilib həbs olunmasından sonra haqqı tapdalanan minlərlə sahibkar kimi Sadiq Hümbətovun da qanuni haqlarının bərpa edilməsinə imkan yaranıb və əgər araşdırma prosesi tam şəffaf aparılarsa, o zaman Sadiq Hümbətovun şirkət üzərində itirilmiş haqları bərpa oluna, ona dəyən ziyanın kompensasiya edilməsi təmin edilə bilər.(bizimyol)
SFERA.AZ

OXŞAR XƏBƏRLƏR