Azərbaycanla Rusiya arasında silah alqı-satqısına dair məsələlər müzakirə olunub
Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə fəaliyyət müddəti başa çatan Rusiya Federasiyasının Silahlı Qüvvələrinin hərbi attaşesi polkovnik Vladimir Çernenko ilə görüşüb.
Sfera.az bildirir ki, bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Görüşdə iki ölkə arasında hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olunub, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin region üçün vacibliyi, ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.Bundan əlavə, görüşdə Rusiya istehsalı olan müasir, yüksək dəqiqlikli döyüş texnikası, silah və digər hərbi təyinatlı vasitələrin Azərbaycan ordusunun silahlanmasına daxil edilməsi, bu sahədə fəaliyyətlərin hər iki dövlətin qarşılıqlı anlaşma və razılığı əsasında daha da genişləndirilməsi və davamlılığı məsələləri müzakirə olunub.
Görüşdə iki ölkənin Silahlı Qüvvələrinin birgə hərbi təlimlərinin keçirilməsi, qarşılıqlı səfərlərin, işçi görüşlərinin təşkili, ekspertlər səviyyəsində təcrübə mübadiləsi, Rusiyanın hərbi məktəblərində kursant və mütəxəssislərin hazırlanması məsələlərinə də diqqət yetirilib.Müdafiə naziri Azərbaycanda fəaliyyət müddətində iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəmədiyinə görə hərbi attaşeyə təşəkkürünü bildirib və işlərində uğurlar arzulayıb.Səmimi qəbula görə minnətdarlığını bildirən hərbi attaşe ölkədən xoş təəssüratlarla ayrıldığını, Azərbaycan dövlətinin, xalqının və Silahlı Qüvvələrinin daim səmimi dostu olaraq qalacağını vurğulayıb.