Ekspertlər gömrüklə bağlı Prezident Fərmanını şərh etdilər

Ekspertlər gömrüklə bağlı Prezident Fərmanını şərh etdilər

“Qiymətlər stimullaşa bilər”.

Azərbaycan Prezidenti İlham Əliyev gömrük yoxlamalarının sadələşdirilməsi haqqında fərman imzalayıb. 

Belə ki, fərmana əsasən, fiziki şəxslər tərəfindən Azərbaycanın gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilir.

Bu fərman əslində özündə nəyi ehtiva edir? Fərman daxili bazarda qiymətlərə necə təsir göstərə bilər?

Sfera.az bildiriri ki, Oxu.Az məsələ ilə əlaqədar iqtisadçı-ekspert Vüqar Bayramovun fikirlərini öyrənib:

Ekspertin sözlərinə görə, bununla Azərbaycanlı vətəndaşlar daha ucuz qiymətə xaricdən məhsul gətirə biləcəklər:

“Vətəndaşlar öz zəruri ehtiyacları üçün lazım olan malları (əgər həmin malların dəyəri 10 min manat və ondan çox deyilsə) gömrük rüsumu ödəmədən Azərbaycana gətirilməsinə imkan verəcək. Bu isə ona şərait yaradacaq ki, vətəndaşlar seçim imkanına malik olsun və daha ucuz qiymətə xaricdən mal gətirə bilsinlər”.

V.Bayramov düşünür ki, bu fərmandan irəli gələn məsələlərin həlli imkan verəcək ki, vətəndaşlar xaricdə həm ziyarət, həm də ticarət etsinlər:

“Azərbaycan vətəndaşları mütəmadi olaraq digər ölkələrə səfərlər edirlər. Xüsusilə, Türkiyəyə səfər edən vətəndaşlarımızın sayı kifayət qədər artıb. Vətəndaşlarımız həmin ölkələrdə olduğu zaman özlərinin zəruri ehtiyacları üçün lazım olan məhsulları ölkəmizə gətirə bilərlər.

Düzdür, həmin malların siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək, amma bu güman olunur ki, həm məişətdə, həm də evdə istifadə edilən mallar, geyim malları vəs olsun. Əgər bunlar satış və istehsal üçün deyilsə, artıq hər hansı vergi və rüsum ödənilməsinə ehtiyac qalmayacaq. Belə ki, əvvəllər onlar ölkəyə gətirilən məhsulun növündən asılı olaraq, 15%-dək vergi rüsumu ödəyirdi. Bu isə ona baha başa gəlirdi”. 

Bayramov əlavə edib ki, bu, bazarda qiymətlərin də stabilləşməsinə gətirib çıxara bilər:

“Yerli bazarda qiymətlər aşağı salınacaq ki, istehlakçılar xaricdən mal gətirilməsində maraqlı olmasınlar. Ona görə də, yeni fərman daxili bazarda qiymətlərin sabitləşməsi və aşağı düşməsinə stimullaşdıracaq”.

İqtisadçı-ekspert Oqtay Haqverdiyev isə düşünür ki, bu, bazarda qiymətlərin aşağı düşməsinə birbaşa deyil, dolayı yolla təsir göstərə bilər. 

Qeyd edək ki, Fərman 3 aydan sonra qanuni qüvvəyə minəcək. 


OXŞAR XƏBƏRLƏR