III Dünya Müharibəsini neft milyarderi başlayacaq – Qlobal qarşıdurma ilin sonuna kimi başlaya bilər
Əvvəlcə Ukrayna böhranı, daha sonra isə Suriyadakı vətəndaş müharibəsi fonunda səslənən III Dünya Müharibəsi ilə bağlı iddia gündəmdən düşmür. Qlobal qarşıdurmanın tərəfləri kimi adətən Rusiya, ABŞ, Çin və digər iri dövlətlər çıxış etsə də, sonuncu təhlükəli xəbərdarlıq kiçik ərəb ölkəsi Qətərdən gəldi.
Rusiyanın oktyabrın 30-da Suriyada başladığı hava əməliyyatlarına müsəlman dünyasının sünni cəbhəsində yer alan Qətərin reaksiyası olduqca sərtdir. Qətərin xarici işlər naziri Xalid Əl-Atiyye iki gün əvvəl verdiyi bəyanatında Səudiyyə Ərəbistanı və Türkiyə (sünni cəbhənin digər üzvləri) ilə birlikdə Suriya xalqını qorumaq üçün əllərindən gələni edəcəklərini deyib. O, bunun üçün hərbi müdaxiləni də istisna etməyib.
Bəyanat ilk baxışda təbliğat xarakterli görünə bilər. Qətər kiçik dövlətdir və onun hərbi baxımdan Suriyada İran və Rusiya kimi güclü dövlətlərin qarşısında nəsə edəcəyi çoxlarına inandırıcı görünmür. Amma nəzərə alaq ki, Qətər çox zəngindir, onun Suriya müxalifətinə hərbi, maliyyə və siyasi dəstəyi də artıq gizli deyil.
Qətərin baş diplomatının “Səudiyyə Ərəbistanı və Türkiyə ilə birlikdə” ifadəsini vurğulaması da göstərir ki, kiçik ərəb ölkəsini iddialı danışdıran məhz Ankara və Ər-Riyadın onunla eyni dərəcədə Bəşər Əsədə düşmən olmasıdır.
Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil Əl-Cubeyr dünənki bəyanatında Əsədin Suriyanın gələcəyində oynaya biləcəyi yeganə rolun ölkəni tərk etmək olduğunu deyib. O, Rusiyanın Suriyadakı əməliyyatlarını da “çox təhlükəli” adlandırıb. “Rusiyanın müdaxiləsi çox təhlükəlidir, çünki qarşıdurmanı gücləndirir. Düşüncələrimizi Rusiyaya da çatdırmışıq”, - nazir söyləyib.
Əlavə edək ki, Adil əl-Cübeyr ötən həftə Vladimir Putini məhz onun öz torpağında hədələdi və bildirdi ki, Rusiyanın Suriyadakı hərbi əməliyyatlarda iştirakı təhlükəli nəticələrə gətirib çıxaracaq: “Rusiyanın Suriyadakı hərbi əməliyyatlarda iştirakı müharibənin yeni bumuna gətirib çıxaracaq və müharibəyə bütün dünyadan daha çox döyüşçü cəlb edəcək”.
Ər-Riyadın güclü maliyyə imkanları da 2011-ci ildən bu yana “loyal müxalifət” adlandırılan Suriya müxalifəti və digər silahlı qruplaşmaların Dəməşq qarşısında dayanmasında əhəmiyyətli rol oynayır. “Rusiyanın Suriyadakı hərbi əməliyyatlarda iştirakı müharibəyə bütün dünyadan daha çox döyüşçü cəlb edəcək” təhdidinin arxasında da Səudiyyənin real maliyyə gücünün dayandığı sirr deyil. Ər-Riyad Rusiyanı Suriyada məğlub etmək üçün bütün dünyanı bu ölkəyə toplayacağını açıq şəkildə Moskvanın diqqətinə çatdırır.
Təsadüfi deyil ki, Səudiyyə Ərəbistanı iki həftə əvvəl Rusiyanın Suriyadakı əməliyyatına cavab olaraq bu ölkədəki üç müxalifət qruplaşmasına silah yardımını artıracağını açıqlayıb. Söhbət ilk olaraq tank əleyhinə silahlardan söhbət gedir. Ər-Riyad müxalifət silahlılarına “yer-hava” tipli raketlərinin çatdırılmasını da istisna etmir. Səudiyyə tərəfindən silahlandırılacaq qruplaşmalar isə Bəşər Əsədlə vuruşan Fəth Ordusu, Azad Suriya Ordusu və “Cənub cəbhəsi” Ordusudur.
Türkiyənin də Rusiyanın açıq şəkildə dəstəklədiyi Əsəd rejiminə münasibəti aydındır. Ankara Suriyadakı müharibəyə hərbi gücü ilə qarışmaqdan hələlik yayınsa da, gələcəkdə döyüş meydanında üstünlüyün tamamilə Əsədin əlinə keçməsi Ankaranın mövqeyində də dəyişikliyə gətirib çıxara bilər.
Hazırda Suriyada döyüş meydanında baş verənlər isə hərbi üstünlüyü sürətlə müxalif qüvvələrinə əleyhinə dəyişdirə, nəticədə Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin Suriyaya müdaxisinı qaçılmaz edə bilər. Məsələ bundadır ki, Rusiyanın Suriyada vurduğu obyektlərin təxminən 80 faizi İŞİD terror təşkilatının nəzarətində olmayan bölgələrdə yerləşir. Bu barədə “Reuters” agentliyi Rusiyanın Müdafiə Nazirliyinin açıqladığı məlumatlara istinadən yazıb.
Analizə əsasən, aviazərbələrin əsas hissəsi Bəşər Əsədə qarşı olan digər qruplaşmaların nəzarət etdiyi bölgələrə endirilib. Bildirilir ki, onların arasında ABŞ, eləcə də Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin dəstəklədiyi Suriyanın loyal müxalifəti də var.
Rusiya Müdafiə Nazirliyinin hərbi xəritələr üzrə onlayn-arxivindən görünür ki, Rusiya əməliyyatın başlanmasından bu yana Suriyada 64 yaşayış məntəqəsini vurub. Bu yaşayış məntəqələrindən yalnız 15-i İŞİD-in nəzarətindədir. Şərhdə qeyd edilir ki, bu məlumatlar ABŞ və onun müttəfiqlərini Rusiyanın əməliyyatları ilə bağlı fikrlərini təsdiqləyir. ABŞ və onun müttəfiqləri hesab edir ki, Rusiya Suriyada məhz Əsədin hakimiyyətini qorumaq üçün əməliyyatlara başlayıb. Suriyadan gələn məlumatlara görə, son günlər rejim qüvvələri şimal cəbhəsində xeyli irəliləyə biliblər.
Suriya qoşunları ölkənin şimalındakı ən böyük şəhər olan Hələbin cənub-qərbində yerləşən 5 yaşayış məntəqəsini azad edib. “Döyüşçülər təlaş içində geri çəkilirlər, onların müdafiə xətləri yarılıb. Suriya qoşunları ölkənin strateji Dəməşq-Hələb şosesi ətrafındakı rayonlar üzərində nəzarəti bərpa edir”, - Suriya hökümətinə yaxın KİV-lər yazır.
Əsədin döyüş meydanında qələbələri isə onun danışıqlar masasındakı mövqeyini gücləndirir və beləliklə “Əsəd getməlidir” deyənlərin mövqeləri zəifləyir. Əsədin hakimiyyətdə qalması isə Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin “qırmızı xətt”idir. Yuxarıda adını çəkdiyimiz üç ölkənin Əsədlə bağlı mövqeyində həmrəyliyinə diqqət çəkən bəzi KİV-lər artıq III Dünya Müharibəsinin başlanması ehtimalının artdığını yazırlar.
Həm Səudiyyə Ərəbistanı, həm də Qətərin təhdidlərinin Rusiya, ABŞ, Səudiyyə Ərəbistanı və Türkiyənin xarici siyasət idarələrinin nümayəndələrinin bu gün Vyanada keçirəcəyi görüş öncəsi səslənməsi təsadüf sayılmamalıdır. Çox guman ki, ABŞ, Səudiyyə Ərəbistanı və Türkiyədən ibarət üçlük Əsədlə bağlı tələbini növbəti dəfə Rusiyanın qarşısına qoyacaqlar: Əsəd getməlidir!
Rusiyalı hərbi ekspert, istefada olan general-leytenant Yuri Netkaçevin fikrincə, Vyana görüşündən müvəffəqiyyət gözləmək tamamilə sadəlöhvlükdür. Onun fikri ilə razılaşmaq olar. Hər halda Bəşər Əsədin vətəndaş müharibəsinin başlandığı 2011-ci ilin əvvəlindən bu yana ilk səfərini Moskvaya etməsi “Əsəd getməlidir!” deyənlərə qəti cavab idi. Putin “Sonadək Əsədin yanındayam” mesajını verdiyi və “terrorçulara” qarşı mübarizənin davam etdiriləcəyini bildirdi. Əlavə edək ki, dünən “Valday” klubunda danışan Putin Əsədlə vuruşan hər kəsi “terrorçu” adlandırdı. Deməli, Rusiya, ABŞ, Səudiyyə Ərəbistanı, Türkiyə və Qətərin “loyal müxalifət” adlandırdığı Suriya müxalifəti Kremlin gözündə “terrorçudur”. Belə olan halda isə, Suriyada ortaq məxrəcin tapılması mümkünsüz, III Dünya Müharibəsinin başlanması ehtimalı isə tamamilə real görünür.
Amma rusiyalı general əmindir ki, III Dünya Müharibəsi olmayacaq: “Səudiyyə Ərəbistanı və Türkiyə Suriyaya birbaşa müdaxilə barədə qərar verməyəcək”.
Hər halda, hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi yaxın bir neçə ayda məlum olacaq. Amma Suriyadakı tərəflərin barışmaz mövqeyi, tərəflərin geostrateji maraqları qorumaq üçün bütün imkanlardan istifadə etmək niyyətində olmasını bəyan etməsi və ən əsası Rusiyanın SSRİ-nin dağılmasından sonra itirdiyi nüfuzunu qaytarmaq istəyi, ABŞ-ın isə qazandıqlarını heç kimə güzəştə getmək istəməməsi bizi növbəti qlobal qarşıdurmaya aparır. //publika.az
Sfera.az