Hansı mallar rüsumdan azad edildi? - VİDEO
Sfera.az xəbər verir ki, Prezidentin gömrük yoxlamalarının sadələşdirilməsi haqqında dünənki fərmanı fiziki şəxslərə 10 min dollarlıq rüsumsuz idxal icazəsi verir. Bəs hansı sahələr bundan istisnadır? Xəzər Xəbər gömrük yoxlamalarında sadələşməni nəzərdə tutan fərmanın təfərrüatlarını araşdırıb.
Xarici ölkələrdən 10 min dollara qədər şəxsi istifadəniz üçün nə alsanız gömrükdən keçirərkən sizdən heç bir rüsum alınmayacaq. Ancaq siqaret, spirtli içki,avtomobil istisna olmaqla. Bu prezident İlham Əliyevin gömrük nəzarətində yoxlamaların sadələşdirilməsinə dair imzaladığı fərmanla mümkün olacaq
Öncədən xaricdən gətirilən 2000 dollarlıq məhsullar rüsumdan azad olunurdusa, yanvarın 1-dən qüvvəyə minəcək dəyişikliklə vətəndaşlar bu məbləğdən 5 qat daha çox vəsait dəyərində məhsulu rüsumsuz ölkəyə daxil edə biləcəklər...Yenilik ilk növbədə vətəndaşlara şəxsi istehlakları üçün bir çox vacib məhsulları xarici ölkələrdən ucuz qiymətə əldə edib gətirmələrinə səbəb olacaq. Ancaq dəyişikliyin faydası bununla bitmir.
Fərmanda ən önəmli məqamlardan biri isə ölkəyə gətirilməsi və ölkədən çıxarılması haqqında qadağan olunan məhsulların siyahısının bütün sərhəd buraxılış məntəqələrində geniş lövhələrdə əks olunması tələbi ilə bağlıdır.
Bir çoxlarını ən çox düşündürən vacib məsələlərdən biri də fərmanın elektron ticarətlə alınan məhsullara aid olub-olmaması ilə bağlıdır. Ekspertlər bildirir ki, fərman elektron ticarətə şamil edilmir. Buna görə də Dövlət Gömrük Komitəsinin elektron ticarətlə telefon alışına qoyduğu məhdudiyyət qüvvədə qalır.