Daha bir millət vəkili prezidentliyə namizəd olacaq
12:37 / 13.02.2018
916
Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə də aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərdə namizəd kimi iştirak edəcək.
Bu barədə Araz Əlizadə Sfera.az-a açıqlamasında özü məlumat verib.
"Mərkəzi Seçki Komitəsinin keçirilən iclasında mənim namizədliyimin irəli sürülməsi ilə bağlı qərar qəbul olundu. Bu gün müvafiq sənədlər MSK-ya təhvil veriləcək və qəbul olunandan sonra imza toplanmasına başlanılacaq. Bütün bunlarla yanaşı biz cənab prezidentin siyasətini tam dəstəkləyir və hər hansısa problemlər yaranan zaman onun ətrafında sıx birləşəcəyik. Deyə bilərəm ki, prezident seçkilərinin şərhsiz olaraq yeganə lideri İlham Əliyevdir" - deyə deputat bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla Mərkəzi Seçki Komissiyasına (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb. MSK növbədənkənar Prezident seçkilərini aprelin 11-nə təyin edib.
Elvin Paşazadə