25 gün əvvəl itkin düşən Türkan TAPILDI - "Yaxşı həyat yoldaşı ola bilmədiyim üçün..."
Hadisə
12:03 / 12.02.2018
1429
Göyçay rayonunda ötən ay evdən çıxaraq qayıtmayan ailəli qadın tapılıb.
Rayon sakini, 1982-ci il təvəllüdlü Məmmədov Rüfət Rasim oğlu apa-ya bildirib ki, həyat yoldaşı, 1989-cu il təvəllüdlü Lətifova Türkan Vaqif qızı yanvarın 18-də yaşadığı Göyçay şəhərinin M.S.Ordubadi küçəsindəki 19 saylı mənzildən çıxaraq geri qayıtmayıb.
Rüfət Məmmədov bu barədə Göyçay Rayon Polis Şöbəsinə məlumat verib. Türkan Lətifova itkin düşmüş şəxs kimi qeydiyyata alıb və onun axtarışına başlanılıb. O, Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakıda, "Qara Qarayev" metro stansiyasının yaxınlığındakı mağazalardan birində tapılıb. Türkan Lətifova Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının iştirakı ilə həyat yoldaşı Rüfət Məmmədovla görüşdürülüb. Oğuz rayonu Bayan kənd sakini, bir uşaq anası Türkan Lətifova verdiyi izahatda Rüfət Məmmədovla ötən il ailə həyatı qurduğunu, evdə heç bir söz-söhbət olmadığını, mehriban yaşadıqlarını, şəkərli diabet xəstəsi olduğu üçün onu müalicə etdirdiyini bildirib. Türkan xəstəliyi ilə əlaqədar Rüfətə çox əziyyət verdiyini və ona yaxşı həyat yoldaşı ola bilmədiyini əsas gətirərək evdən getdiyini qeyd edib. Rüfət evi tərk edən Türkanı qəbul etməyib və onu öz anasına təhvil verib.
Rüfət Məmmədov rayonda avtoyuma məntəqəsində çalışdığını deyib: "Yanvarın 18-də nahar vaxtı Türkan Lətifova mənə zəng etdi ki, evdə yeməyi hazırlayıb. Getdim, Türkan məktub yazaraq evdən ayrılmışdı. Məktubda "Rüfət səni sevirəm, amma gedirəm" sözlərini yazmışdı". (xəbərçi.az)
Sfera.az