Sabiq polis rəisi və iş adamı MTN-də necə qurban oldu? - Sensasion şikayət

Sabiq polis rəisi və iş adamı MTN-də necə qurban oldu? -  Sensasion şikayət
"Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri mənim dağ kimi igid oğlumun ölümünə səbəb oldular. Onun başına elə oyunlar açdılar, elə vəziyyətə saldılar ki, oğlum sonunda dözməyib canına qıydı. Bunu nə Allah, nə də bəndə götürər.”
Bu sözləri əslən Naxçıvanın Sədərək rayonundan olan, uzun illərdi Bakıda yaşayan Nərgiz Məmmədova söyləyib.
Nərgiz Məmmədova iş adamı, karqo daşımaları şirkəti olan, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən ötən il həbsə alınıb buraxıldıqdan sonra intihar edən Cahangir Məmmədovun anasıdır. Borc bataqlığına düşən Cahangir Məmmədov bu il iyulun 13-də 53 yaşında intihar edib.
Bunun səbəblərinə və Nərgiz Məmmədovanın oğlunun intiharı ilə bağlı MTN-in vəzifəli şəxslərinə qarşı irəli sürdüyü ittihamlara keçməzdən əvvəl, Cahangir Məmmədova qarşı qaldırılan cinayət işi haqda qısa məlumat verməyi lazım bildik.
İrana qanuni şəkildə mal aparmaq istəyənləri MTN necə "tələyə salıb”?
Xatırladaq ki, hələ bir neçə ay əvvəl Cahangir Məmmədovla eyni işdə cinayət məsuliyyətinə cəlb edilmiş polis polkovnik-leytenantı, uzun illər Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında müxtəlif yüksək vəzifələrdə çalışdıqdan sonra (Bir neçə rayon-şəhər polis şöbələrində əməliyyat üzrə rəis müavini, Bakı şəhər 23 saylı polis bölməsində rəis, DİN-in Bakı Hava Limanında qərargah rəisi və sairə – müəll), 2008-ci ildə təqaüdə çıxan Həsənəliyev Əfsəl Xanlar oğlu da Prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova, Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Kəramət Əliyevə şikayət məktubu ünvanlamışdı.
Həm onun, həm də Nərgiz Məmmədovanın dediklərindən belə məlum olur ki, MTN-nin bir qrup yüksək rütbəli əməkdaşı Gürcüstandan Azərbaycan vasitəsilə İrana qanuni şəkildə mal aparmaq istəyən şəxsləri qaçaqmalçı adı ilə həbs edərək, külli miqdarda rüşvət alıblar. Elə bu məqsədlə MTN-in yüksək rütbəli əməkdaşları tərəfindən Məcid Anqubazov adlı şəxs, necə deyərlər, "tələyə salmaq” üçün onlara yaxınlaşıb.
Belə ki, Ə.Həsənəliyevin bildirdiyinə görə, 2013-cü ilin sentyabr ayının əvvəlində ailəvı dostlarının yaxın qohumu Məcid Anqubazov ondan Gürcüstanda olan "TIR” yük avtomobilinin yarısı həcmində "skoc”dan ibarət malın Azərbaycana gətirilməsinə kömək göstərməyi xahiş edib. O da bununla bağlı karqo daşımaları şirkəti olan dostu, Cahangir Məmmədovla əlaqə saxlayıb. Həmin vaxt Gürcüstanda olan Cahangir Məmmədov, yükün Azərbaycana göndərilməsini təşkil etməyə razılıq verib.
Məcid Anqubazovun təkidli xahişi ilə Ə.Həsənəliyev də öz maşını ilə Gürcüstana gedib. Ancaq Gürcüstanda Ə.Həsənəliyevə məlum olur ki, mal Məcid Anqubazovun deyil, bir başqasınındır. Elə cinayət işində adları keçən Elman Məsimov, Orxan Abdullayev və Sərdar İsmayılovu da Ə.Həsənəliyevlə Məcid Anqubazov tanış edir. Orxan Abdullayev və Sərdar İsmayılov Ə.Həsənəliyevin maşınında Tiflisə gedirlər. Məlum olur ki, həmin şəxslər Gürcüstan vətəndaşı Karlo Katrikadzeyə məxsus malları Məcid Anqubazovun köməkliyi ilə Azərbaycana keçirməkdə vasitəçilik edirlərmiş.
Daha sonra o da məlum olur ki, M. Anqubazov və dostları Azərbaycana yalnız "skoc” deyil, həm də xeyli miqdarda "pirotexnika” da keçirmək istəyirlər.
Ə.Həsənəliyevin sözlərinə görə, o, bunu bildikdən sonra həmin malların Azərbaycanda qadağan edildiyini və aparılmasının qeyri-mümkün olduğunu bildirib. Eyni sözü Gürcüstanda görüşdükləri Cahangir Məmmədov da söyləyib.
M.Anqubazovun təkidli xahişlərinə baxmayaraq, CAHANGİR MƏMMƏDOV "PİROTEXNİKİ” MALLARIN AZƏRBAYCANA KEÇİRİLMƏSİNİ BOYNUNA GÖTÜRMƏKDƏN İMTİNA EDİB.
Cahangir Məmmədovu və Ə.Həsənəliyevi razı sala bilməyən M.Anqubazov bu dəfə iranlı biznes tərəfdaşı ilə məsləhətləşdiyini və həmin malları satışı qadağan olunmayan İrana apara biləcəyini deyir. Və hətta orda daha çox qazanc götürməyin mümkünlüyünü söyləyir.
Cahangir Məmmədov da malın qanuni şəkildə İrana aparılmasını təşkil etməyə razılaşır. Nərgiz Məmmədovanın sözlərinə görə, bunun müqabilində oğlu 2 min manat alacaqdı…
Bundan sonra Gürcüstan Beynəlxalq Gömrük Terminalında malın 3-cü ölkəyə daşınması ilə bağlı müvafiq sənədləşmə işləri aparılır.
Sənədləşmə yekunlaşdıqdan sonra mallar "KAMAZ” markalı yük maşınına yüklənərək yola salınır. Həmin mallar 10 sentyabr 2013-cü ildə ayrı-ayrılıqda həm Gürcüstanda, həm də Azərbaycanda gömrük nəzarətindən keçirilmiş, boşaldılaraq olduğu kimi bəyan edilmiş, müvafiq gömrük rüsumları ödənilmiş, tranzit mal kimi sənədləşdirilmişdir. Hətta malın İrana aparılmasına nəzarət etmək üçün Tovuz Gömrük İdarəsinin "Sınıq-körpü” gömrük postunun iki əməkdaşı da ayrılır.
Ancaq 11 sentyabr 2013-cü il tarixdə gömrük əməkdaşlarının müşaiyyəti ilə Astara Gömrük İdarəsinə doğru hərəkətə başlayan yük avtomobili Qazaxın Birinci Şıxlı kəndində yanacaqdoldurma məntəqəsinə daxil olarkən, MTN-in Qazax rayon şöbəsi və Bakıdan gələn 4 əməkdaşı tərəfindən saxlanılır. MTN əməkdaşları bunun səbəbini əməliyyat məlumatına əsasən, yük avtomaşınında Azərbaycana gətirilməsi qadağan olunan qaçaqmal olması və MTN-in İstintaq Baş İdarəsi tərəfindən bununla bağlı cinayət işinin açılması ilə izah edirlər.
Yük maşınına gömrük əməkdaşlarının iştirakı ilə baxış keçirilir və orada GÖMRÜK BƏYANNƏMƏSİNDƏ GÖSTƏRİLMƏYƏN MAL AŞKAR OLUNMUR.
Hadisənin birbaşa iştirakçısı olan Ə.Həsənəliyev  bildirib ki, malların Azərbaycan ərazisi ilə daşınmasına dair qanuni sənədlərin olmasına və gömrük əməkdaşlarının etirazına baxmayaraq, MTN əməkdaşları avtomobilin mallarla birlikdə Bakıya aparılacağını söyləyiblər. Gömrük əməkdaşları malların gömrük nəzarətində olduğunu əsas gətirərək etiraz etsələr də, MTN-çilər təkid edirlər və maşını Bakıya aparıblar.
Sonraki 2-3 gün ərzində isə MTN əməkdaşları bu malın Azərbaycan vasitəsilə İrana daşınmasında iştirak edən şəxsləri saxlayıblar. Onları "filtr qrupuna” təhvil verirlər. MTN–də ilkin izahatını aldıqdan sonra saxlanılanların ev ünvanını, telefon nömrələrini götürüb buraxıblar.
Bir həftə sonra isə onlara qarşı ittiham irəli sürülüb. 20 sentyabr 2013-cü ildə MTN əməkdaşları tərəfindən Cahangir Məmmədov, Əfsəl Həsənəliyev, Məcid Anqubazov, Elman Məsimov, Orxan Abdullayev və Sərdar İsmayılov şübhəli şəxs qismində tutulublar.
MTN-nin İstintaq Baş İdarəsi tərəfindən istintaqı aparılmış 1041 saylı cinayət işinə əsasən adıçəkilən şəxslərə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham irəli sürülür. Onlar qabaqcadan cinayət əlaqəsinə girərək, tamah məqsədi ilə külli miqdarda dəyəri olan pirotexniki malların və "skoç” yapışqan lentinin Gürcüstandan qaçaqmalçılıq, sənədlərdən aldatma yolu ilə istifadə etməklə, gömrük nəzarətindən keçirərək Azərbaycana gətirməkdə ittiham olunublar.
Gömrük Komitəsinin sədr müavini rəsmi məktubla MTN-çiləri nədə ittiham edib?
Ancaq maraqlısı odur ki, Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük general-leytenantı Əsgər Abdullayevin MTN-in İstintaq Baş İdarəsinin rəisi, general-mayor Mövlan Şıxəliyevə (Artıq vəzifəsindən azad olunub-red) 25.09.2013-cü il tarixli sensasiyalı məktubunda malların qanuni qaydada ölkəyə keçirildiyi bildirilib. Həmin məktubda deyilir:
"Sizin 16.09.2013-cü il tarixli 20/file/articles/2833 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, 11 sentyabr 2013-cü il tarixdə MTN əməkdaşları tərəfindən Qazax rayonu ərazisində saxlanmış Azərbaycan Respublikası vətəndaşı Əsədullayev Əbülfət Xanlar oğlunun idarə etdiyi 44 BB 952 dövlət nömrə nişanlı "Kamaz” markalı yük avtomaşınının 44 ZA 041 dövlət nömrə nişanlı qoşqusunda aşkar olunan 23 000 kq çəkidə "Fişənglər” və 1050 kq çəkidə plastik kütlədən plitələr, özüyapışan rulonlarda olan və olmayan adları altında Tovuz Gömrük İdarəsinin "Sınıq-körpü” gömrük postunda beynəlxalq gömrük proseduru adı altında rəsmiləşdirilmiş və təyinatı üzrə Astara Gömrük İdarəsinə ünvanlanmışdır.
Qeyd olunan mallar Gürcüstan Respublikasının Tiflis şəhərindən Karlo Kotrikadze adlı şəxs tərəfindən İran İslam Respublikasının "Kalyar Co. LTD” şirkətinin ünvanına göndərilməklə, aidiyyatı mal-müşaiyyət sənədləri ilə 10.09.2013-cü il tarixdə Tovuz Gömrük İdarəsinin "Sınıq-körpü” gömrük postunda gömrük orqanlarına bəyan olunmuş və xarici ölkənin müvafiq gömrük təminatı ilə təchiz edilmişdir”.
Daha sonra məktubda bildirilir ki, mal qanunvericiliyə uyğun gömrük nəzarətinə alınmış, qoşqunun yük yeri gömrük təminatı ilə möhürlənmiş, rəsmiləşdirmə aparılmışdır: "Gömrük əməkdaşlarının iştirakı ilə MTN əməkdaşları yük-müşaiyyət sənədləri ilə tanış olmadan keçirdikləri baxış zamanı 44 ZA 041 dövlət nömrə nişanlı qoşqunun yük yerindən gömrük orqanlarına bəyan olunmuş "Fişənglər” və plastik kütlədən plitələr, özüyapışan rulonlarda olan və olmayan mallardan başqa gömrük orqanlarına bəyan olunmayan HEÇ BİR QAÇAQMAL AŞKAR OLUNMAMŞIDIR (seçmə bizimdir- red.).
…Daha sonra yükə aid sənədlər gömrük postunda qalmasına baxmayaraq, Azərbaycan Respublikasının "Gömrük işi haqqında” qanunvericiliyinin TƏLƏBLƏRİNƏ ZİDD OLARAQ, mallara gömrük təminatı vurulmadan yük avtomaşını MTN-in əməkdaşları tərəfindən gömrük nəzarətindən çıxardılaraq, onların müşaiyyəti altında Bakı şəhərinə aparılmışdır.”
Bir daha xatırladırıq ki, bütün bunlar Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük general-leytenantı Əsgər Abdullayevin məktubundandır.
O, açıq mətnlə bildirir ki, gömrük postundan qanuni keçən malları MTN əməkdaşları qaçaqmal kimi müsadirə edib.
MTN-in İstintaq Baş İdarəsində iş adamlarına kimlər nə təklif edir?
Ancaq belə bir məktubun olmasına baxmayaraq, MTN-in İstintaq Baş İdarəsi tərəfindən onların barəsində olan cinayət işinə xitam verilmir.
MTN əməkdaşları tərəfindən ittihamları təsdiqləmək üçün bu işdə adı keçən bəzi şəxslərdən "etirafedici” ifadələr alınır. Belə ki, C. Məmmədovu və Ə.Həsənəliyevi bu işə cəlb edən, MTN tərəfindən bu işə qoşulduğu bildirilən Məcid Anqubazovdan ittihamı müdafiə edən ifadə alınır. İş üzrə mühüm əhəmiyyət kəsb edən, Karlo Katrikadze isə istintaq orqanı tərəfindən ümumiyyətlə dindirilmir.
Həm Ə.Həsənəliyev, həm də C.Məmədovun yaxınları bu saxta cinayət işinin hazırda işdən çıxarılan MTN-in İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlan Şıxəliyev, MTN-nin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov və MTN-in İstintaq Baş İdarəsinin əməkdaşı Yasin Məmmədov tərəfindən quraşdırıldığını bildirilər.
Onların sözlərinə görə, məqsəd sadəcə onları şərləyərək pul almaq olub. Elə işdə adı keçən Məcid Anqubazov da məhz MTN əməkdaşları tərəfindən onlardan rüşvət almaq məqsədilə bu işə qoşulub. Sonda da istəklərinə nail olublar.
Belə ki, MTN-in İstintaq Baş İdarəsinin fərziyyəsinə əsaslanaraq başlanan cinayət işinin istintaqı ötən ilin sentyabrında yekunlaşdırılaraq məhkəməyə göndərilir. Ancaq həmin dövrə qədər həbs edilənlər tələb olunan pulu tapıb gətirmək üçün müxtəlif vaxtlarda azadlığa buraxlır. Hətta iddiaya görə MTN-in İstintaq Baş İdarəsində pulu düzəltmək üçün onlardan bəzilərinə evlərini satmaq, bəzilərinə isə bankdan kredit götürmək tövsiyyə olunur.
Veriləcək pulun müqabilində isə onlara məhkəmədə azadlıqdan məhrumetmə cəzası deyil, şərti iş istəniləcəyi vəd olunur. Əlləri heç yerə çatmayan həbs olunan şəxslərin də buna razılaşmaqdan başqa carəsi qalmır. Ə.Həsənəliyevin mətbuata son açıqlamasında bildirdiyi kimi, onun özü evini "Unibank”a girov qoyaraq 32 min manat kredit götürüb verir. Orxan Abdullayev və Sərdar İsmayılovun hər birindən 50 min manat alınır. Cahangir Məmmədovdan isə 80 min manat alırlar.
Pulu aldıdan sonra həqiqətən də, məhkəmədə onlara şərti iş istənilir. Və adları çəkilən şəxslərə müxtəlif müddətə şərti cəza kəsilərək, azadlığa buraxılırlar.
Ancaq bundan sonra borc bataqlığına düşən Cahangir Məmmədov azadlıqda da çox yaşaya bilmir. Qarşılaşdığı problemlərə dözməyərək, 4 ay əvvəl intihar edir.
Cahangir Məmmədov niyə intihar etmək məcburiyyətində qalır?
İndi isə qayıdaq Cahangir Məmmədovun anası Nərgiz Məmmədovanın sözlərinə. Onun dediyinə görə, oğlundan digərlərinə nisbətən daha çox pul tələb olunmasını Cahangir Məmmədovu MTN-nin təcridxanasından daha tez – 61 gün sonra buraxmaları ilə bağlayıblar.
Belə ki, Cahangir Məmmədov həbs olunduqdan sonra qardaşları bunun səbəbini öyrənmək məqsədilə MTN-ə gediblər. Cahangir Məmmədov tamamilə günahsız olduğunu bildirsə də, MTN-in İstintaq Baş İdarəsindən pul verilməyəcəyi təqdirdə onu ağır ittihamlarla uzun müddətə həbs edəcəklərini deyiblər.
Nərgiz Məmmədovanın sözlərinə görə, əvvəlcə onlardan 50 min manat istənilsə də, sonradan məbləğ 80 minə qaldırılıb. Digər oğlanları da bu məbləğin bir hissəsini özləri təşkil edib, qalanını da borc götürərək düzəldiblər.
Nərgiz Məmmədova deyir ki, kiçik oğlu Məzahir 80 min manatı MTN-in İstintaq Baş İdarəsinin əməkdaşı Yasin Məmmədova verib. Bundan sonra 61 gün MTN-in təcridxanasında saxlanan oğlu buraxılıb. Məhkəmədə isə 3 il şərti iş veriblər.
Nərgiz Məmmədovanın sözlərinə görə, bu hadisə həmişə deyib-gülən, başqalarına yardım edən oğlunda ciddi psixoloji travmaya səbəb olur. Bir tərəfdən MTN-ə vermək üçün götürülən borclar, həmin borcların faizləri, digər tərəfdən qanunsuz olaraq icəridə saxlandığı müddətdə yarımçıq qoyduğu işlərə görə yaranan problemlər Cahangir Məmmədova həm maddi, həm də psixoloji baxımdan ciddi zərbə vurur. Cahangir Məmmədov bank faizləri və gecikməyə görə cərimələrlə birlikdə təxminən 200 min manata yaxınlaşan borclarını qaytarmaq üçün məcburən evini satışa çıxarır. Son bir-iki ildə əmlak bazarında durgunluq olduğundan əvvəllər təxminən 700- 800 min dəyərləndirilən evini yarı qiymətindən də aşağı verir.
Nərgiz Məmmədova deyir ki, bunlar Cahangir Məmmədovun ailəsində də söz-söhbətə gətirib çıxarır. Bunun detallarına toxunmaq istəmirik. Ancaq MTN-in İstintaq Baş İdarəsinin qanunsuz həbsindən və verdiyi böyük miqdarda rüşvətdən sonra düşdüyü borc bataqlığından çıxmaq istəyən Cahangir Məmmədovun ailədə də qarşılaşdığı problemlər onun psixologiyasına ikinci böyük zərbəni vurur. Nəticədə intihara əl atır.
Əvvəlcə bıçaqla özünə bir neçə yerdən xəsarət yetirən Cahangir Məmmədov Bakıxanov qəsəbəsindəki "Su Hövzəsi” xəstəxanasına çatdırılır. Həkimlərin səyi ilə özünə ürək nahiyəsindən bıçaq zərbəsi vurmuş, boğazını kəşmiş Cahangir Məmmədov xilas edilir. Ancaq özünə gələn Cahangir Məmmədov hamını yuxuya verdikdən sonra – gecə saat 4:30 radələrində özünü xəstəxananın 5–ci mərtəbəsindən ataraq intihar edir.
Nərgiz Məmmədova oğlunun intihara əl atmasında MTN-in vəzifəli şəxlərini, konkret olaraq MTN-in İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlan Şıxəliyevi, MTN-nin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovu və MTN-in İstintaq Baş İdarəsinin əməkdaşı Yasin Məmmədovu ittiham edir, onların cəzalandırılmasını tələb edir:
"Allah Prezidentimizdən razı olsun. MTN-dəki bu cinayətkar şəbəkəni ifşa edib, onları işdən qovdu. Bəzilərini həbs də ediblər. Mənim oğlumun işi də yenidən araşdırılmalıdır. Oğluma bərəat verilməli, onu qanunsuz həbs edərək, ölümünə səbəb olanlar ən ağır şəkildə cəzalandırılmalıdır. Bəlkə oğlumun ruhu dinclik tapa”.
Nərgiz Məmmədova bildirdi ki, bununla bağlı artıq Baş Prokurorluqda yaradılmış İstintaq Komissiyasına müraciət ediblər. Ordan rəsmi ərizə təqdim etmələri məsləhət görülüb. Həftənin birinci günü ərizəni təqdim edəcəklər. "İnanıram ki, cinayətkarlar cəzasına catacaq, oğlumun şərləndiyi təsdiqini tapacaq”, deyə Nərgiz Məmmədova sonda bildirib.(apolitika.info)
Sfera.az 

OXŞAR XƏBƏRLƏR