Məhərrəmlikdə niyə toy etmək olmaz?

Məhərrəmlikdə niyə toy etmək olmaz?

Bir neçə gündür Hicri-qəməri təqvimi ilə Məhərrəm ayı başlayıb. İmam Hüseyn və tərəfdarlarının qətlə yetirldiyi bu ayda hansı əməllərin həyata keçirilməsi məqsədəuyğundur? Ümumiyyətlə, məhərrəmliyin hökmləri nədir?

Sfera.az-ın məlumatına görə, modern.az saytı məsələ ilə bağlı iki fərqli mövqeləri təqdim edir.

Məşədi Dadaş Məscidinin imam-camaatı Hacı Şahin Həsənli Məhərrəm ayını matəm ayı kimi dəyərləndirib:

“Məhərrəmlik İslam təqvimində matəm ayı hesab olunur. Məlum olduğu kimi, peyğəmbərimizin nəvəsi İmam Hüseyn (ə) və silahdaşları bu ayda faciəli şəkildə qətlə yetiriliblər. Bu səbəbdən də Məhərrəm ayı İslam aləmində hüzr və matəm ayı kimi qeyd olunur, eləcə də matəm mərasimlərinin keçirilməsi tövsiyə olunur.
Nəzərinizə çatdırım ki, bu ay ağlayıb-sızlamaq üçün deyil, təşkil edilən mərasimlərdə hadisələrin mahiyyəti insanlara açıqlanmalı, mərasim iştirakçıları elmi cəhətdən zənginləşdirilməlidirlər”.

Hacı bildirir ki, Kərbəla şəhidlərinin xatirəsini əziz tutmaq üçün müsəlmanlar bu ayda şadlıq mərasimlərindən imtina ediblər.

“Amma bu şəriət hökmü deyil, mənəvi borcdur. Məhərrəm ayının xüsusi hökmləri yoxdur.
Bəzən əzadarlıq mərasimlərində bədənə zərər verən hallara da rast gəlirik, hətta ifrata varıldığının da şahidi oluruq. Sevindirici haldır ki, son illər bunlar xeyli azalıb. Qafqaz Müsəlmanları İdarəsinin, eləcə də Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin tövsiyələrində qeyd edilib ki, məclislərdə ədəb-ərkana riayət olunsun, hadisənin mahiyyətinə xələl gətirəcək hallara yol verilməsin.

Ümumiyyətlə, kimsə İmam Hüseynin xatirəsini yaşatmaq istəyirsə, bunu öz əməlləri, əxlaqı ilə nümayiş etdirməlidir. Əks təqdirdə bu hadisənin mahiyyətinə xələl gələr. Bədənə zərər vurmaqdansa talessemiyadan əziyyət çəkən insanlar üçün qanvermə aksiyasına qoşulsunlar. Bu ən gözəl fədakarlıqdır”.

İlahiyyatçı Elşad Miri isə deyib ki, İslamda hər hansı ayda, gündə toyla bağlı bir qadağa yoxdur:

“Əgər qadağa olsaydı peyğəmbərimizin 3 qızının, xanımlarının ( hansı ki, “Qurani-Kərim”də onlar möminlərin anaları adlandırılıb) özünün vəfat etdiyi gündə, yaxud 124 min peyğəmbərin öldüyü günlərdə toy etməzdik. Yüz minlərlə peyğəmbər və 365 günlük bir təqvim… Onda bizim təqvimimiz ancaq qara olardı”.

İlahiyyatçının sözlərinə görə, Məhərrəm ayı müqəddəs ay deyil:

“Miladi təqvimdəki yanvar ayı kimi Hicri-qəməri təqvimində də məhərrəmlik ilin ilk ayıdır. Məhərrəm müqəddəs ay deyil. Bu İslamdan əvvəl də müsəlman olmayan ərəblərin istifadə etdiyi bir təqvim idi. Sadəcə, Məhəmməd peyğəmbərin vəfatından sonra 680-ci il Məhərrəm ayının 10-cu günündə, Aşura deyilən həmin vaxtı onun nəvələrindən biri olan İmam Hüseynin (ə) qətlə yetirildiyinə görə toy etmirlər. Ancaq peyğəmbər hətta öz oğlunun ölümü ilə bağlı belə bir qadağa qoymamışdı.

Əlbəttə, imam Hüseyn böyük şəxsiyyət olub, haqsızlığa qarşı vuruşub, amma bununla yanaşı, onun ölümü ilə bağlı toy edilməməsi anlayışı yoxdur. Bizim cəmiyyət hər şeyə kortəbii yanaşır.

Məsələn, Ramazan ayı başlayanda hamı müsəlman olur, içmir, islamla bütünləşir. Onlar bilir ki, toylardakı bəzi ənənələr İslama ziddir. Amma həqiqi müsəlman bütün ömrü boyu İslamla bütün olmalıdır, bir ayın xatirinə deyil. İslam hansısa hadisə ilə bağlı, yaxud yaxınını itirən birinin 40 gün saqqal saxlanılmasını özündə əks etdirən bir din deyil”.

Elşad Mirinin fikrincə, belə mərasimlərin ölkəmizdə keçirilməsi İranla bağlı məsələdir:

“Zaqatala, Balakən, Qax zonalarında istər Məhərrəmlikdə, istərsə də Ramazan aylarında toylar keçirilir. Cəmiyyətdə mifik bir fikir formalaşıb ki, guya Məhərrəm ayında kim toy etsə, ya boşanacaq, ya övladı olmayacaq, ya da başqa xoşagəlməz hadisə ilə üzləşəcək. Amma ağlı başında olan bir insan bilir ki, əgər hər hansı genetik xəstəliyi varsa, qanında hansısa virus varsa, sonsuzluq problemi bununla bağlıdır.

Əzadarlıq məclislərinə gəldikdə, İslam dinində əzadarlıq anlayışı yoxdur. Allah “Qurani-Kərim”də də buyurur ki, özünüzü öz əllərinizlə təhlükəyə atmayın. Əgər bu deyilibsə, onun verdiyi əmanəti biz necə cəzalandıra bilərik? Əgər həmin insanlar həqiqətən də səmimidirlərsə, İmam Hüseyn kimi həyat yaşasınlar, onun kimi namaz qılsınlar, onun kimi oruc tutub, “Quran”a bağlılıqlarını həyata keçirsinlər. Bütün bunları etməyib yalnız bir “islamçı” olmaq mənə səmimi görünmür”.


OXŞAR XƏBƏRLƏR