Sürüşmə zonalarında son vəziyyət

Sürüşmə zonalarında son vəziyyət
 "Son günlər ərzində Bayıl yamacında – Teleqüllənin yaxınlığında sürüşmənin dinamikasında ciddi dəyişiklik baş verməyib”.

Sfera.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənovdeyib.

Onun sözlərinə görə, son günlər ərzində yağıntılar müşahidə edilmədiyindən ərazidəki vəziyyət stabil qalır: "Teleqüllənin yaxınlığında monitorinq məqsədilə quraşdırılmış mayaklarda heç bir dəyişiklik müşahidə edilməsə də, proses davam edir. Ona görə də birmənalı olaraq, demək olmaz ki, burada sürüşmə prosesi dayanıb. Texnogen və təbii amillərin təsirindən ərazidə sürüşmə yenidən aktivləşə bilər”.
R.Həsənov hazırda ərazidə hər hansı möhkəmlətmə işlərinin aparılmadığını da söyləyib.

Nazirlik rəsmisi əlavə edib ki, Bakının Xətai rayonundakı Zığ sürüşmə sahəsində, Abşeron rayonunun "Nübar" qəsəbəsində ("At yalı" adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə ərazisində, Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazidə sürüşmə prosesi davam edir. Mövsümlə əlaqədar olaraq, Bakının Binəqədi rayonunda Məlik Aslanov küçəsi boyunca, Sabunçu rayonunun Maştağa qəsəbəsinin Nizami küçəsi boyunca bəzi ərazilərində, Savalan qəsəbəsində, Yeni Ramana qəsəbəsindəki "Şuşa şəhərciyi”ndə və Abşeron rayonunun Masazır qəsəbəsində Mirzə İbrahimov küçəsi boyunca qrunt sularının qalxması müşahidə edilir.

OXŞAR XƏBƏRLƏR