“Milyonerlər vəzifədə olan oliqarxlardır” — Nazirlər Kabinetinin eks-şöbə müdirindən ŞOK AÇIQLAMA
Dünya dövlətlərinin əksəriyyətində ilin yekununda, ya da yeni ilin əvvəlində ölkədə fəaliyyət göstərən biznesmen, iş adamlarının gəlirləri, həmçinin milyarderlərin, milyonçuların ilk onluğu təqdim olunur. ABŞ-ın biznes xəbərləri üzrə ixtisaslaşan məşhur “Forbes” jurnalı dünyanın ən zəngin milyarderlərinin adını nəşr edən zaman siyahıya Rusiya, Gürcüstan və Türkiyə kimi bizə yaxın olan dövlətlərin vətəndaşları salınır.
İqtisadi göstəriciləri durmadan artan Azərbaycanda doğurdanmı biznesmen milyarderlər, iş adamları yoxdur?.. İqtisadi inkişaf mühitində milyonçuların olmaması ziddiyyət təşkil etmirmi?.. Əgər varsa, onlar hansı səbədən “Forbes”in siyahısında yer ala bilmir?..
Nazirlər Kabinetinin keçmiş şöbə müdiri, tanınmış iqtisadçı-ekspert Oqtay Haqverdiyev Modern.az saytına Azərbaycanda mütləq şəkildə, həm də kifayət qədər milyonçu və milyarderlərin olduğunu deyib:
“Amma onlar rəsmi vəzifədədirlər deyə, adlarının açıqlanması mümkün deyil. Yəni formal olaraq onlar milyonçu, milyarder deyillər. O milyonçuların kim olduğunu, hamı yaxşı bilir.
Yaxşı bilirik ki, dünyaca məşhur “Forbes” jurnalının nəşrlərində Vahid Ələkbərov, Araz Ağalarov kimi azərbaycanlılar yer alır, amma Azərbaycan vətəndaşlarının adı bu siyahıya düşmür. Gürcüstanlı biznesmen, qonşu ölkənin vətəndaşı Bidzina İvanişvili isə “Forbes”in siyahısında təmsil olunub. Guya, Gürcüstan bizim ölkədən varlıdır?..
Əlbəttə yox. Bizdəki milyonçular oliqarxlardır. Onlar da vəzifədə olduqları üçün formal olaraq qanunvericiliyə görə milyoner sayılmır”.
Ekspert bildirir ki, Azərbaycandakı milyonçular illərdir var-dövlət yığmaqla məşğuldurlar:
“Özü də bir il yox, 10 illərdir vəzifədə oturublar. Bilinmir nə işlə məşğuldurlar. Qocası da bilir, cavanı da bilir ki, onlar kimdir, nəçidir.
Həmin oliqarxların mülklərinə nəzər yetirsək, görərik ki, onların hamısı ayrı-ayrı insanların adına rəsmiləşdirilib. Azərbaycandakı oliqarxlar əlbəttə ağıllı adamlardır. Nəyi, harada, necə saxlamaq lazım olduğunun sxemini yaxşı bilirlər. Bunu da onlar özü icad etməyib. Dünya praktikası və dünya oliqarxları var. Onlar bir-birini tanıyır, münasibətdədirlər. Bizim oliqarxlar vəsaitlərinin çox hissəsini xaricdə saxlayırlar.
Məndə olan məlumata görə, Azərbaycan vətəndaşı olan bəzi milyonerlər həm də xeyriyyəçiliklə məşğuldurlar. Uşaq və qocalar evləri tikdirir, insanlara köməklik edirlər. Amma onlara sual edən yoxdur ki, bu vəsaiti haradan götürüb xərcləyirsən? Bu sualı vermirlər, çünki, hər şey hamıya bəllidir”.
Qeyd edək ki, Azərbaycandakı milyonçular arasında deputatlar da var və onlar Milli Məclisin üzvü olmaqla yanaşı, biznes, kommersiya fəaliyyətilə məşğuldurlar, həmçinin restoranlar şəbəkəsinə sahibdirlər.
Maraqlıdır, biznes fəaliyyətilə məşğul olanların deputat mandatının geri alınması qanunverciliklə mümkün ola bilərmi?
Deputat Fazil Mustafa Modern.az saytına açıqlamasında bunu siyasi iradə ilə bağlı məsələ hesab edib:
“Necə ki, rektorların deputat olmaması qanuna görə nəzərdə tutulmuşdu, amma icra olunmurdu, indi bu məsələ ortadan qaldırıldı. Hesab edirəm ki, bununla dünya dağılmadı. Belə bir qanunun qəbul olunması zəruridir. Çünki, insanlar öz fəaliyyət növünü seçməlidirlər: Ya biznes ya da millət vəkilliyi. Xidmətin daha ixtisaslaşması, peşəkarlaşması vacibdir. Hamı bir-birinə qarışanda korrupsiya da, kriminallaşma da buradan bəhrələnir”.
F.Mustafa bununla ölkədə səviyyəli ixtisaslaşmanın əsasının qoyulacağına inanır:
“Azərbaycanda kifayət qədər milyonçu-məmurlar var. Mən hesab edirəm ki, vergi açıqlamaları verilməlidir. Kim nə qədər vergi verir və nə qədər vergidən yayınır. Məhz bu açıqlamanın əsasında ölkədə nə qədər milyoner olduğu müəyyənləşməlidir. Əgər kimsə öz milyardlarını başqasının adına rəsmiləşdirirsə belə, qoy onun adı açıqlansın. Bu biznesin arxasında məmurlar olsa belə, ən azından ölkədə kimin kim olduğunun bilinməsi, həmin şəxslərin daha açıq şəkildə cəmiyyət həyatında yer alması ümumi işin faydasınadır. Məsələyə vergi variantı ilə gedilməsi daha qənaətbəxşdir”.(medinews.az)
Sfera.az