Leyla Əliyeva Rori Murla görüşüb
Dünən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Mavi Dəniz Fondu”nun (“Blue Marine Foundation”) Azərbaycanda səfərdə olan dəniz biomüxtəlifliyi üzrə mütəxəssisi Rori Mur ilə görüşüb.
Sfera.az Azertac-a istinadən xəbər verir ki, Böyük Britaniyanın dünya şöhrətli dəniz ətraf mühitinin mühafizəsi təşkilatı olan “Mavi Dəniz Fondu”nun sədri Çarlz Kloverin rəhbərlik etdiyi nümayəndə heyəti bu ilin fevral ayında IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın dəvəti ilə Azərbaycana səfər edib. Səfər zamanı Xəzər dənizinin ekoloji vəziyyəti müzakirə edilib və “Mavi Dəniz Fondu”nun aparıcı mütəxəssislərinin Xəzərin faunasının bərpasına cəlb edilməsi barədə razılıq əldə olunub.Görüşdə Leyla Əliyeva IDEA tərəfindən regionun ətraf mühitinin mühafizəsi istiqamətində görülən işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verib.Britaniyalı mütəxəssis bildirib ki, səfəri çərçivəsində Xəzər dənizindəki və daxili sulardakı balıq ehtiyatları, eləcə də ölkəmizin balıq sənayesindəki vəziyyəti təhlil edəcək və bununla bağlı ətraflı hesabat hazırlayaraq IDEA İctimai Birliyinə təqdim edəcək.