Azərbaycan ilə Yaponiya arasında Niyyət Məktubu imzalanıb

Azərbaycan ilə Yaponiya arasında Niyyət Məktubu imzalanıb

Oktyabrın 27-də Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov Yaponiyanın iqtisadi dirçəliş, sosial müdafiə və vergilərin ümumi islahatı üzrə naziri, iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri Akira Amarinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Sfera.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Yaponiya arasında səhiyyə sahəsində əməkdaşlıq üzrə Niyyət Məktubu imzalanıb.

Söhbət zamanı Abid Şərifov ölkələrimiz arasında əlaqələrin inkişafından danışıb, iqtisadi sahədə əməkdaşlığı xüsusi vurğulayıb. Baş nazirin müavini ümummilli lider Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya rəsmi səfərinin ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm rol oynadığını və bu səfərdən sonra əlaqələrin sürətlə dərinləşdiyini diqqətə çatdırıb. Bildirib ki, bu siyasətin davamı olaraq Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ildə Yaponiyaya rəsmi səfəri əlaqələrimizi daha da möhkəmləndirdi və əməkdaşlığın hərtərəfli inkişafına güclü təkan verdi.

Azərbaycanda həyata keçirilən islahatlar barədə qonaqlara məlumat verən Baş nazirin müavini sosial-iqtisadi sahədə əldə edilmiş uğurları qeyd edib. Abid Şərifov Yaponiya kreditləri hesabına Azərbaycanda həyata keçirilən layihələrin önəmindən bəhs edib. O, Yaponiya hökumətinin ölkəmizdə müxtəlif sahələrdə kadrların hazırlanmasına verdiyi dəstəyi xüsusi vurğulayıb. Baş nazirin müavini yapon şirkətlərini yeni sənaye obyektlərinin yaradılması, informasiya-kommunikasiya texnologiyaları, kosmik sənaye, su və meliorasiya təsərrüfatı, alternativ və bərpa olunan enerji mənbələri və digər sahələrdə də əməkdaşlığa dəvət edib.

Akira Amari Azərbaycan ilə Yaponiya arasında əlaqələrin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu bildirib. O, yapon şirkətlərinin Azərbaycanın enerji sektorunda və infrastruktur layihələrində fəal iştirakını qeyd edib. Yaponiyalı nazir həyata keçiriləcək yeni layihələrlə əlaqələrimizin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Görüşün sonunda Abid Şərifov və Akira Amari Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə Yaponiyanın Kabinet üzrə Katibliyi arasında səhiyyə sahəsində əməkdaşlıq üzrə Niyyət Məktubunu imzalayıblar.

azertac


OXŞAR XƏBƏRLƏR