Gənclər təşkilatlarının II milli konqresi keçiriləcək

Gənclər təşkilatlarının II milli konqresi keçiriləcək

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə noyabrın 25-də Bakıda gənclər təşkilatlarının II milli konqresi keçiriləcək.

ARGTMŞ-dən verilən məlumata görə, konqres 112 gənclər təşkilatını və minlərlə gənci sıralarında birləşdirərək ölkənin ən böyük gənclər platforması olan Şuranın 20 illik yubileyi çərçivəsində təşkil ediləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçiriləcək konqresin əsas məqsədi ölkəmizdə bütün gənclər təşkilatlarını bir araya gətirərək onları birləşdirmək, dövlət gənclər siyasəti, habelə gənclər təşkilatlarının potensialının gücləndirilməsi və idarə edilməsinin səmərəli mexanizmlərinin yaradılması haqqında müzakirələr aparmaq, prioritet istiqamətlər və vəzifələr barədə qərarlar qəbul etmək, ümumilikdə isə gəncliyin inkişafına töhfə verməkdən ibarətdir.

Konqresdə dövlət və hökumət rəsmilərinin, beynəlxalq qurumların nümayəndələrinin çıxışları dinləniləcək, “Azərbaycanın gənclər siyasəti: Müasir çağırışlar və davamlı inkişaf” mövzusunda müzakirələr aparılacaq.

Tədbirdə 200-dən çox gənclər təşkilatının nümayəndələri, dövlət rəsmiləri, KİV-lərin və beynəlxalq qurumların təmsilçilərinin iştirakı gözlənilir.

Gənclər təşkilatlarının I milli konqresi 2013-cü ildə Bakıdan və ölkəmizin 11 regionundan 200-dən artıq gənclər təşkilatı təmsilçilərinin, dövlət rəsmilərinin, eləcə də beynəlxalq qurumların nümayəndələrinin iştirakı ilə keçirilib.

azertac


OXŞAR XƏBƏRLƏR