Ukraynada azərbaycanlıların oğurlanmasının arxasında kim dayanır?
Kriminal
21:37 / 11.01.2018
393
Son 3 ildə Ukraynada 20-yə qədər azərbaycanlı biznesmen və uşaq oğurlanıb
Azərbaycanlı biznesmenlərin Ukraynada oğurlanması transmilli cinayətkar qruplaşmaların işi ola bilər. Bunu Sputnik Azərbaycan-a Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev deyib.
Onun sözlərinə görə, oğurluq kütləvi xarakter daşıyır və buna görə də, bu hal Ukrayna azərbaycanlılarını narahat etməyə bilməz. Özü də söhbət məhz onların doğmaları və yaxınlarından gedir.
"Biz deyə bilmərik ki, bütün insan oğurluqları bu və ya digər cinayətkar dəstənin işidir. Çünki bunu sübut edəcək açılmış faktlar və yetərli dəlil bazamız yoxdur. Amma bunun transmilli qruplaşmaların işi olduğunu oğurlanmış şəxslərin qohumlarına gələn zənglərdən bilmək olar. Çünki zənglər başqa ölkələrin ərazilərindən gəlir. Bizi maraqlandıran əsas məsələ budur ki, azərbaycanlıların oğurlanması ilə bağlı cinayətlər niyə açılmır?" – deyə Tağıyev bildirib.
Bu suala cavab verən diaspora rəhbəri qeyd edib ki, ola bilsin, sözügedən qruplaşmaların hüquq-mühafizə orqanlarındakı məmurlarla əlaqəsi var. Həmin məmurlar da istintaqın gedişinə və cinayətlərin açılmasına mane olurlar. Lakin cinayətlərin üstünün açılmaması hüquq-mühafiqə orqanları əməkdaşlarının peşəkarlığının yetərli olmaması ilə də əlaqədar ola bilər.
Diaspor rəhbəri qeyd edib ki, Ukrayna polisi yenidən təşkil olunarkən, bir çox peşəkarlar işdən qovulub.
"Mən, ciddi bir təşkilatın rəhbəri kimi bəyan edirəm ki, biz bu məsələyə laqeyd qalmayacağıq. Biz bununla bağlı etiraz aksiyası keçirməyi qərara almışdıq və yanvarın 10-da bunu keçirdik. Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərliyi aksiya iştirakçıları ilə görüşdü. Bizə dedilər ki, müəyyən ip ucları var, təhqiqat aparılır, buna görə də onlar istintaq sirrini açıqlaya bilmirlər. Amma bizi əmin etdilər ki, tezliklə oğurluq faktlarının üstü açılacaq. Lakin bütün bunlara baxmayaraq, kriminal ünsürlərin Ukraynanın müxtəlif regionlarında Azərbaycan diasporunun üzvlərinə — biznesmenlərə qarşı təzyiqləri davam edir. Polisə də müraciət edəndə, onların çoxunun qarşısı alınmır, çünki polis qorxur" – deyə Tağıyev bildirib.
Qeyd edək ki, ötən gün yüzlərlə azərbaycanlı Ukrayna DİN-in binası qarşısında həmvətənlərinə qarşı hücumların qarşısının alınması və cinayətkarların cəzalandırılması tələbi ilə etiraz aksiyası keçirib.
Bununla yanaşı, Ukrayna DİN-in Mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, etiraz aksiyası iştirakçılarının müraciəti nazirliyin rəhbərliyinə çatdırılıb. Milli polis müraciətdə adı qeyd olunan hər bir şəxslə bağlı faktları öyrənəcək: kim nə vaxt itkin düşüb, polisə müraciət edilibmi, istintaq hansı mərhələdədir, cinayətin üstü açılıbmı, hansı maddə ilə cinayət işi açılıb və s.
"Müraciət hələ yanvarın 10-da daxil olub. Ona baxılması və araşdırılması vaxt tələb edir" – deyə mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, 2016-cı ilin sentyabrında da azərbaycanlılar eyni tələblə etiraz akiyası keçirmişdilər. Onlar Ukraynanın hüquq-mühafizə orqanları qarşısında əsasən həmvətənlərimizin qurbanı olduğu adam oğurluğu ilə bağlı cinayətlərinin üstünün açılmaması və ya cüzi açılmasının səbəbləri barədə hesabat vermək tələbini qoymuşdular.
Son üç il ərzində Ukraynada 20-dən artıq azərbaycanlı biznesmen və uşaq oğurlanıb. Bununla yanaşı, tanınmış azərbaycanlıların oğurlanması ilə bağlı cəhdlər tez-tez baş verir.
"Mən deməzdim ki, azərbaycanlılara zülm edirlər. Məni o narahat edir ki, niyə bunlar azərbaycanlıların başına gəlir? Təəssüf ki, insan oğurluğu halları çoxdur. Vilayətlərdən birinin konqres sədrinin oğlu da oğurlanmışdı. Onu bir aydan artıq girov saxladılar və azad etdilər. Mən onun nəyin müqabilində buraxıldığını demək istəmirəm. Bu cinayətin üstü hələ də açılmayıb. Ona görə də bizim bəyanatımız sərtdir. Biz hesabat tələb edirik ki, niyə bu cinayətlər açılmır" – deyə Tağıyev bildirib.
Qeyd edək ki, bir qədər əvvəl Azərbaycanın baş prokuroru Zakir Qaralov ukraynalı həmkarı Yuri Lutsenkoya bu ölkədə yaşayan azərbaycanlılara qarşı zorakılıq halları ilə bağlı müraciət ünvanlamışdı.