MTN əməkdaşları şəhid ailəsinin 740 min dollarını əlindən alıb (İTTİHAM)

MTN əməkdaşları şəhid ailəsinin 740 min dollarını əlindən alıb (İTTİHAM)

Şəhid ailəsi Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının fəaliyyəti ilə bağlı ictimaiyyətə müraciət edib.

Sfera.az baku.ws-dən aldığı  məlumata görə, Şəhid Mübariz Əzizovun ailəsinin ölkə başçısına ünvanladığı müraciətin mətni Lent.az-a da daxil olub.

Müraciətdə qeyd edilib ki, ailənin oğlu Vidadi Əziz xarici ölkədə qazandığı pulu 2012-cü ilin aprel ayında Azərbaycan banklarının birinə köçürüb. V.Əziz Azərbaycanda biznes qurmaq üçün həmin pulu bankdan çəkib. Bu zaman 20-25 maskalı şəxs onu bankın qarşısında saxlayaraq, Milli Təhlükəsizlik Nazirliyinə gətirib. Nazirlikdə ona işgəncə verilib və 740 min ABŞ dolları zorla əlindən alınıb.

Ölkə rəhbərliyinə ünvanlanan məktubda yazılıb ki, MTN-də V.Əzizin başına silah dirəyərək, bundan sonra quracağı biznesində onunla şərik olacaqlarını deyiblər: «Milli Təhlükəsizlik Nazirliyi sistemində adam oğurluğu, soyğunçuluq və quldurluqla məşğul olan yüksək rütbəli məmurlardan təşkil olunmuş mütəşəkkil cinayətkar dəstə fəaliyyət göstərir. Bu dəstənin üzvləri tərəfindən xaricdə biznes fəaliyyəti ilə məşğul olan oğlumuz Vidadi Əziz 2012-ci ilin aprel ayında Azərbaycanda yenidən biznes fəaliyyəti qurmaq, yeni iş yerləri açmaq məqsədilə xarici ölkədə qazandığı halal pullarını köçürdüyü bankdan alıb çıxarkən, Bakıda 20-25 nəfərdən ibarət maskalı şəxslər tərəfindən oğurlanaraq qoluna qandal vurulub nazirliyə aparılıb, orada işgəncələrə məruz qalıb, başına silah dirənib. Sonda 740 min ABŞ dolları əlindən alındıqdan sonra azadlığa buraxılan oğlumuzu bu yolla onları da qazancına və biznesinə şərik etməyə məcbur ediblər.»

Goranboy rayon Xanqərvənd  sakinləri, şəhid atası Əsgər Əzizov, şəhid anası Almaz Əzizova qarşılaşdıqları bu özbaşınalıqla bağlı  hüquq-mühafizə orqanlarına ünvanladıqları müraciətləri geri çəkmək üçün dəfələrlə hədə-qorxu, təhdid aldıqlarını qeyd ediblər.

Qeyd edək ki, məsələ ilə bağlı ailə prezident İlham Əliyevə, daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova  müraciət ünvanlayıb. Lent.az-ın əldə etdiyi məlumata görə, baş prokurorun birinci müavini Rüstəm Usubov sabah şikayətçi ailəni qəbul edəcək.


OXŞAR XƏBƏRLƏR