Ən bahalı araq oğurlandı - FOTO
Dünya
10:34 / 04.01.2018
2640
Danimarkanın Kopenhagen şəhərindəki "Cafe 33"dən 1,3 milyon dollar dəyərində araq şüşəsi oğurlanıb.
Milli.Az TV-2-yə istinadən bildirir ki, kafenin sahibi, araq kolleksioneri Brian İnqberqin dediyinə görə, oğru kafedə cəmi 3 dəqiqə olub və nəyin harada olduğunu əla bilib.
O, qızıl və gümüşdən hazırlanan, ağırlığı 6 kq olan "Russo-Baltique Vodka" araq şüşəsini aparıb.
"Russo-Baltique Vodka" dünyanın ən bahalı arağı sayılır.
"Pərişanam. Bu araq kolleksiyamın incisi idi. Kolleksiyadakı 1200 araq şüşəsi arasında onun əlahiddə yeri vardı", - danimarkalı Brian İnqberq deyib. O, sabiq əməkdaşından şübhələnir.
İnqberqin dediyinə görə, o, arağı yarım il əvvəl Latviyanın "Dartz Motorz" şirkətindən icarəyə götürmüşdü.
"Russo-Baltique Vodka" arağından "House of cards" serialının çəkilişində də istifadə olunur.
Oğurlanmış araq şüşəsi çəhrayı, sarı və ağ qızıldan hazırlanıb, üzərində "Russo-Baltique" yarış avtomobilinin qızıl relyef əksi var. Şüşənin qapağında Rusiya imperiyasının brilyant, almaz, yaqut və sapfir qaşlarla bəzədilmiş gerbi mövcuddur.
Şüşədən araq süzüləndə kiçik brilyant qaşlardan ibarət xüsusi qıfdan keçir.
Sfera.az