Azərbaycanda bu yerlərdə siqaret çəkmək qadağan olundu (SİYAHI)
13:21 / 01.12.2017
1400
Milli Məclisin bu gün keçirilən iclasında "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin üçüncü oxunuşunda müzakirəyə çıxarılıb.
SFERA.AZ APA-ya istinadən xəbər verir ki, layihə barədə Əmək və sosial siaysət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.
Bildirilib ki, ikinci oxunuşdan fərqli olaraq qanun layihəsinin 1-ci və 10-cu maddələrə edilən əlavəyə görə, tütün məmulatlarından (siqaret) sulu qəlyan və elektron siqaretdən istifadəyə eyni zamanda xüsusi ayrılmış yerlər istisna olmaqla, motel, hostel, habelə fiziki şəxslərin gecələməsi və ən azı 24 saat ərzində qala biləcəkləri digər yerləşdirmə obyektlərində də icazə verilməyəcək.
Digər yeniliyə əsasən, tütün məmulatlarından (siqaret), qəlyandan və elektron siqaretdən istifadənin qadağan edildiyi yerlərdə bunlardan istifadə edənlər üçün xüsusi yerlərin ayrılması ilə bağlı tələb aradan qaldırılır. Üçüncü oxunuşda idarə, təşkilat, müəssisə və iaşə obyektlərində xüsusi yerlərin yaradılması üçün qoyulan tələb də ləğv olunur. Yəni onlar istəsələr, yarada bilərlər, istəməsələr yox. Bu, artıq onların qarşısında şərt kimi qoyulmayacaq. Bu düzəlişə səbəb bir sıra yerdə tütündən istifadə üçün xüsusi yerlərin yaradılmasına şərait olmamasıdır.
Düzəlişlərə əsasən, həmçinin tütün məmulatları şirkətlərinin xeyriyyəçilik missiyasına da icazə verilir. İkinci oxunuşda sponsorluqla yanaşı, xeyriyyəçilik də qadağan idi.
Qeyd edək ki, qanun layihəsinə əsasən tütün məmulatlarından (siqaret) sulu qəlyan və elektron siqaretdən bu yerlərdə istifadə qadağandır:
- təhsil və tərbiyə müəssisələri, onların əraziləri;
- səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələri, onların əraziləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla. Belə yerlərə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq);
- mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, iş yerləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla);
- idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar;
- restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla)
- ticarət obyektləri;
- məişət obyektləri;
- sosial xidmət müəssisələri;
- yerləşdirmə vasitələri (tütün çəkənlər üçün mehmanxanalarda otaqlar və xüsusi yerlər ayrılmasına icazə verilir);
- teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektləri;
- uşaq meydançaları;
- yerüstü qapalı və yeraltı piyada keçidləri;
- müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslar, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri və taksi minik avtomobillər;
- metropoliten stansiyalarının vestibülləri, keçidləri, platformaları və vaqonları;
- hava nəqliyyatı vasitələri, dəmiryolu qatarları (qatarın xüsusi ayrılmış yerləri istisna olmaqla). Su nəqliyyatı vasitələri (xüsusi ayrılmış yerlər istisna olmaqla);
- tütün çəkmək üçün xüsusi ayrılmış yerlər istisna olmaqla hava və dəniz (çay) limanlarının inzibati binaları, dəmir yolu vağzalları, avtovağzallar (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələri;
- liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlər;
- taksofonlar;
- yanacaqdoldurma məntəqələri, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələr;
Layihə səsə qoyularaq qəbul olunub.