Azərbaycana 40 sm qar yağdı (VİDEO)

Azərbaycana 40 sm qar yağdı (VİDEO)
Şimal-qərb bölgəsinə bu gün ilk qar yağıb.

Sfera.az ARB TV-yə istinadən xəbər verir ki, havaların kəskin soyuması ilə əlaqədar dağlıq və dağətəyi ərazilərə xeyli qar yağıb. Bəzi ucqar kəndlərə gediş-gəliş çətinləşib.Noyabrın 22-dən 23-ə keçən gecə Qəbələnin ucqar kəndlərinə, eləcə də yüksəkliklərə ilk qar yağıb. Dağlarda qarın qalınlığı 35-40 sm arasında dəyişir.

Qarın yağması rayon sakinləri, uşaqlarla yanaşı, bura gələn turistlərin də sevincinə səbəb olub.

Lakin qar ziyansız ötüşməyib. Yağmış güclü qar nəticəsində rayonun Laza və Duruca kəndlərinə gediş-gəlişdə müəyyən problemlər yaranıb.

Ərazidə "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin Qəbələ rayon 10 saylı yol istismarı MMC-nin texnikaları yolların qardan təmizlənməsi işini aparır.

Həmçinin, Şamaxının dağ kəndlərinə qar yağıb. Məlhəm, Çuxuryurd, Dəmirçi, Pirqulu, Sis və digər kəndlərə 6 sm qalınlığında qar yağıb.

Qaxın Sarıbaş kəndinə 22 sm, Oğuzun Baş Daşağıl kəndinə 4 sm, Şəkinin Kiş kəndinə isə 3 sm qalınlığında qar yağıb. Yağıntılı hava şəraitinin noyabr ayının 25-dək davam edəcəyi, dağlıq ərazilərdə şaxta olacağı, yolların buz bağlayacağı proqnozlaşdırılır. 

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR