DGK sədrindən kərə yağının qiyməti ilə bağlı - Açıqlama
Dövlət Gömrük Komitəsi (DGK) sədri Aydın Əliyev kərə yağının bahalaşmasına münasibət bildirib.
APA-nın xəbərinə gör, qurum rəhbəri bildirib ki, DGK-nin vəzifəsi ölkəyə idxal olunan və ölkədən ixrac olunan yüklərin rəsmiləşdirilməsindən ibarətdir: "Bugünkü reallıq ondan ibarətdir ki, kərə yağı dünya birjalarında bahalaşır. Bu da ölkəyə gətirilən məhsulun qiymətinə təsirsiz ötüşmür. Əsas idxalçı ölkələrdən biri də Yeni Zelandiyadır. Gömrük orqanlarının vəzifəsi ölkəyə gətirilən yükün rəsmiləşdirilməsindən ibarətdir".
Bundan öncə DGK-nin yaydığı məlumatda qeyd edilib ki, Azərbaycana idxal olunan yağ məhsullarının qiymətləri ilə əlaqədar komitə tərəfindən xarici ticarətin statistikasına və mal nomenklaturasına uyğun olaraq 9 ay ərzində ümumiləşdirilərək yağ məhsullarının bütün çeşidlərinin, eləcə də idxal olunan ölkələr (Almaniya, Yeni Zelandiya və daha yaxın məsafədə yerləşən qonşu ölkələr - Rusiya, Ukrayna, Belarus və s.) nəzərə alınaraq orta statistik qiyməti və digər məlumatlar verilib. Əlavə olaraq daha detallaşdırılmış yağ məhsulları çeşidləri daxilində kərə yağına gəldikdə isə bu məhsulun cari ilin sentyabr ayı üçün orta statistik qiyməti 5,20 ABŞ dolları təşkil edir.
Nəzərə almaq lazımdır ki, idxal əməliyyatları zamanı gömrük dəyəri gömrük orqanlarına təqdim edilən xarici ticarət müqavilələrində müəyyən olunan satış qiymətləri, göndərmə şərtləri əsasında formalaşır və müvafiq gömrük ödənişləri hesablanır. Gömrük ödənişləri ödənildikdən sonra məhsul sərbəst dövriyyəyə buraxılır.
Sfera.az