Tütün istehsalı 12 min tona çatdırılacaq - Nazir müavini
Aqrar sahənin inkişafı Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət strategiyasının əsas tərkib hissələrindən biridir. 2016-cı ildən etibarən ölkədə kənd təsərrüfatının ənənəvi sahələri olan pambıqçılıq, tütünçülük, baramaçılıq, çayçılıq və digər sahələr üzrə kompleks tədbirlərin həyata keçirilməsinə başlanılıb. Azərbaycan Prezidentinin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın da əsas məqsədi ölkədə tütünçülüyü inkişaf etdirmək, tütün məmulatları istehsalını artırmaq, emal müəssisələri yaratmaq, tütün məmulatlarının ixracını təşviq etmək və beləliklə, ölkədə tütünçülüklə məşğul olan insanların gəlir əldə etmək imkanlarını genişləndirməkdir.
Sfera.az xəbər verir ki, bu fikirləri iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının təsis edilməsi ilə bağlı Zaqatalada keçirilən tədbir zamanı jurnalistlərə müsahibəsində bildirib.
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə toxunan nazir müavini 2021-ci ilədək tütün əkini sahələrinin 6 min hektara, hər hektardan orta məhsuldarlıq 20 sentner olmaqla, tütün istehsalının isə 12 min tona çatdırılmasının qarşıya hədəf qoyulduğunu qeyd edib.
Proqramda nəzərdə tutulan tədbirlərdən birinin də məhz tütün istehsalçıları birliyinin yaradılması ilə bağlı olduğunu vurğulayan Sahib Məmmədov, tütün istehsalı ilə məşğul olan insanların təşəbbüsü ilə yeni yaradılan Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının tezliklə respublikamızda tütünçülüyün inkişafına öz töhfəsini verəcəyinə əminliyini bildirib.
Sfera.az