Kərə yağı idxalçıları: Qiymətlər heç bir halda...
Son günlər ölkə mətbuatında kərə yağının qiyməti ilə bağlı bir sıra məlumatlar yer almaqdadır. Bu məlumatlarda kərə yağının qiymətinin yüksək olmasında əsasən sahibkarlar günahlandırılır.
Kərə yağı idxalçıları adından Sfera.az-a daxil olan müraciətdə bu məsələyə aydınlıq gətirilərək bildirilir ki, Azərbaycana idxal olunan kərə yağının əsas hissəsi Yeni Zelandiyadan alınır. 2017-ci ilin sentyabrında Yeni Zelandiyada kərə yağının qiyməti 2016-cı ilin yanvar ayı ilə müqayisədə iki dəfədən çox, 2016-cı ilin sentyabr ayı ilə müqayisədə 85 faizədək, 2017-ci ilin yanvar ayına nisbətən isə 30 faizdən çox bahalaşıb və hazırda bir ton üçün 6100-6200 ABŞ dolları arasında dəyişir. Bununla belə, qiymət artımı tendensiyası davam edir.
İdxalçılar bildirirlər ki, hazırda satışda olan kərə yağlarının bir tonu qiymət 5200-5450 ABŞ dolları olan vaxtlarda alınaraq Azərbaycana gətirilib. Yağın Gürcüstanın Poti limanından Bakıya gətirilməsi üçün hər tonuna görə təxminən 70-80 dollar nəqliyyat xərci lazım gəlir. Bununla yanaşı, idxal olunan kərə yağı üçün gömrük vergisi və rüsumları da ödənilir. Yeni Zelandiyadan gətirilən kərə yağı üçün bu vergi və gömrük rüsumları 36 faiz təşkil edir.
Beləliklə, Yeni Zelandiyadan gətirilmış və hazırda satışda olan kərə yağının bir kiloqramının idxalçının anbarına giriş qiyməti 7,18-7,52 ABŞ dolları və ya 12,21-12,78 manatdır. Onu da nəzərə almaq lazımdır ki, yağın saxlanması, ticarət şəbəkələrinə paylanması, marketinqi, əmək haqqı, sosial sığorta, vergilər və sair ilə əlaqədar bir sıra digər xərclər də mövcuddur. Eyni zamanda yağların pərakəndə satışını həyata keçirən mağazaların da əmək haqqı, sosial sığorta, elektrik enerjisi, vergi və digər xərcləri var.
Bütün bu xərclər nəzərə alınmaqla, Yeni Zelandiya istehsalı olan kərə yağlarının topdan satış qiyməti 15,02-15,97 manat, pərakəndə satış qiyməti isə 15,90-17,10 manat arasında dəyişir.
Müraciətdə deyilir: "Bununla yanaşı, bu gün mağazalarda istehlakçılara digər ölkələrdən gətirilən bir sıra yağlar da təklif olunur. Onların qiyməti təxminən 12-13 manatdır. Ümumiyyətlə, digər mallarda olduğu kimi, yağ satışı bazarında da qiymətlər azad rəqabət şəraitində tələb-təklif əsasında formalaşır. Müxtəlif qiymətə yağların olması istehlakçılara seçim hüququ verməklə yanaşı, sahibkarların da öz məhsullarına yüksək qiymət qoymasının qarşısını alır.
Biz sahibkarlar dövlətimizin başçısının özəl sektora yaratdığı əlverişli işgüzar şəraiti və rəqabət mühitini yüksək qiymətləndirir və istehlakçıları heç bir halda qiymətlərin əsassız artırılmayacağına əmin edirik”.
Müraciəti kərə yağı idxalçıları adından "Delta Qrup C.O.” MMC, "Vest Produkt Marketinq” MMC, "Azərsun Holdinq” MMC, "Dinçer və Carçıoğlu” BM, "Gulistan Baku” MMC, "Veysəloğlu” MMC, "Lactalis Caspi” MMC imzalayıblar.
Sfera.az