Strateji Yol Xəritəsinin gətirdiyi uğurlar – Şərh
2017-ci ilin ilk altı ayı ərzində "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 32 faizinin icrası tamamlanıb və 59 faizinin icrası üzrə işlərə başlanılıb.
Sfera.az xəbər verir ki, bu haqda Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin yarımillik qiymətləndirmə və monitorinq hesabatında deyilir.
Sənəddə qeyd edilir ki, fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi məqsədilə büdcə qaydalarının parametrləri beynəlxalq təcrübə nəzərə alınmaqla müəyyənləşdirilib və razılaşdırılıb, büdcə qaydaları tətbiq olunacağı təqdirdə dövlət və icmal büdcə göstəricilərinə təsiri və yarana biləcək risklər təhlil edilib, habelə proqnoz göstəriciləri hazırlanıb. Avropa İttifaqı və Dünya Bankı tərəfindən təqdim olunan hesabatlar nəzərə alınmaqla, Ortamüddətli Xərclər Çərçivəsinin və nəticəəsaslı büdcə mexanizmlərinin yaradılmasına dair təkliflər hazırlanıb. Makroiqtisadi koordinasiya təmin edilib, məzənnə rejiminin çevikliyi artırılıb.
Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə "Ortamüddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin siyahısı” və "Ortamüddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin restrukturizasiyası həyata keçirilməklə onların tabeliyindən çıxarılaraq özəlləşdirilməsi nəzərdə tutulan qeyri-profil müəssisə və obyektlərin siyahısı” təsdiq edilib.
2017-ci ilin ilk yarım ili ərzində kiçik dövlət müəssisə və obyektlərinin, qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi ilə bağlı hazırlanmış 39 sərəncama əsasən 442 müəssisə və obyektin özəlləşdirilməsi ilə əlaqədar qərar qəbul edilib. 2017-ci il ərzində hərracı baş tutmuş 395 kiçik dövlət müəssisə və obyektinin 221-i, icarəyə verilmiş 246 qeyri-yaşayış sahəsinin 89-u, ümumilikdə isə 310 müəssisə və obyekt satılıb.
"Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydası”, "Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərində korporativ idarəetmə Qaydaları və Standartları” və "Dövlət müəssisələrinin idarəetmə orqanlarının üzvlərinə onların fəaliyyətinin nəticələrinə əsaslanan ödəniş sistemi ilə ("Performance Based Remuneration System”) bonus ödənişlərinin verilməsi qaydası” barədə qərar layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
Ölkədə insan kapitalının inkişafı məqsədilə təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi istiqamətində görülən tədbirlər çərçivəsində məktəbəhazırlıq qrupları təşkil edilib, təhsilalanlar və müəllimlər üçün tədris vəsaitləri hazırlanıb, müəllim və rəhbər heyət üçün ixtisasartırma imkanları təmin edilib. Ümumi təhsilin keyfiyyətini yüksəltmək, şagirdlərə seçdikləri ixtisas istiqamətləri üzrə daha yüksək səriştələrə yiyələnmək imkanı yaratmaq məqsədilə ötən tədris ilində tam orta təhsil səviyyəsində təmayüllər üzrə təhsilin əhatə dairəsi genişləndirilib. Bundan əlavə, təhsil müəssisələrinin fiziki və texnoloji infrastrukturunun təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlər görülüb. İlk peşə-ixtisas təhsili müəssisələrində mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Təhsil Nazirliyinin tabeliyində olan 109 peşə təhsili müəssisəsinin (cəzaçəkmə müəssisələrində yerləşən və fəaliyyəti dayandırılan 14 müəssisəni çıxmaqla) 90 faizinə, yəni 86 müəssisəyə baxış keçirilib, Azərbaycan Respublikasında ilk peşə-ixtisas təhsilinin dövlət standartları layihəsi, eləcə də əmək bazarının tələblərinə uyğun orta ixtisas təhsili pilləsinin yeni dövlət standartlarının layihəsi hazırlanıb.
2016-cı il və 2017-ci ilin birinci yarımili ərzində 158 sahibkarlıq subyektinə (141 hüquqi şəxs, 17 fərdi sahibkar) 169 investisiya təşviqi sənədi təqdim olunub. Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı Komissiyanın müvafiq işçi qrupu tərəfindən Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanaraq, Komissiyaya təqdim edilib.
Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin yarımillik qiymətləndirmə və monitorinq aparılmasını çox müsbət addım adlandırıb. Onun sözlərinə görə, Strateji Yol Xəritəsi kimi dövlət sənədinin qiymətləndirilməsi və montorinqinə ehtiyac var idi.
İqtisadçı ekspert bildirir ki, nəticə etibarilə Strateji Yol Xəritəsinin icra vəziyyətinin qiymətləndirilməsi mümkün olur:
"Strateji Yol Xəritəsi Azərbaycan iqtisadiyyatı üçün çox vacib bir sənəddir. Yarımillik qiymətləndirmə və monitorinq Strateji Yol Xəritəsində yer alan fəaliyyətlərin həyata keçirilməsi baxımından həm də bir stimul yaradır. Qiymətləndirmə və monitorinq göstərir ki, 2017-ci ilin birinci yarısında sənəddə nəzərdə tutulan fəaliyyətin bir qismi icra olunub, bir qisminin icrasına başlanılıb, digər qisminin icrası ilə başlanmayıb. Fəaliyyətlər üzrə icra faizləri əhəmiyyətlidir, amma monitorinq və qiymtələndirmə faktının özü çox əhəmiyyətlidir. Bu, nəticə etibarilə imkan verir ki, icra orqanlarının fəaliyyətini qiymətləndirmək mümkün olsun. İcra hakimiyyəti orqanlarının, yəni nazirliklər və komitələrin fəaliyyətləri ayrı-ayrı istiqamətlər üzrə qiymətləndirilib. Qiymətləndirmə və monitorinq obyektiv və müstəqil şəkildə həyata keçirilib. Bu isə sənəddə əsas prioritetdir. Prioritet ondan ibarətdir ki, qiymətləndirmə və monitorinq müstəqil şəkildə həyata keçirilsin və icra vəziyyəti ilə tanış olmaq mümkün olsun. Düşünürəm ki, monitorinq və qiymətləndirmə 2017-ci ilin növbəti aylarında Strateji Yol Xəritəsinin icrasına müsbət təsir göstərəcək. Qiymətləndirmə və monitorinq dövlət qurumlarının məsuliyyətinin artırılması baxımından da olduqca vacibdir. İlin birinci yarısının qiymətləndirilməsi nəticə etibarilə, Strateji Yol Xəritəsində nəzərdə tutulan fəaliyyətlərin növbəti aylarda məhz qrafikə uyğun olaraq sistemləşdirilməsi və həyata keçirilməsinə zəmin yaradır”.
Həmçinin yarımillik qiymətləndirmə və monitorinq hesabatında Streteji Yol Xəritəsinin icrasında əsas problemlər və tövsiyələr yer alıb.
Problemlər aşağıdakılardan ibarətdir:
1. Xarici investisiyaların cəlbi istiqamətində kifayət qədər sistemli iş aparılmayıb. Belə ki, mövcud iqtisadi şərtlər çərçivəsində qanunvericiliyin təhlil edilməsi və xarici investorların maraqlarının daha yaxşı nəzərə alınması ilə bağlı dəyişikliklərin layihəsi hazırlanmayıb.
2. Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı bir sıra qanunvericilik layihələrinə dəyişiklik edilsə də, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”nda (bundan sonra – Tədbirlər Planı) nəzərdə tutulmuş bütün istiqamətlər üzrə islahat tədbirləri başa çatdırılmayıb.
Tövsiyələr aşağıdakılardır:
1. İnvestisiya məsələləri ilə bağlı ətraflı təhlillər aparıla, dövlət-özəl tərəfdaşlığının daha da inkişaf etdirilməsi, infrastruktur sahələrinin inkişafına özəl sərmayənin cəlbinin stimullaşdırılması istiqamətində Strateji Yol Xəritəsinin tədbirlərinə uyğun olaraq işlər sürətləndirilə bilər.
2. Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin icrası istiqamətində işlər sürətləndirilə bilər.
3. Rəqabət məcəlləsinin qəbul edilməsi və institusional islahatların aparılması istiqamətində işlər sürətləndirilə bilər.
Çinarə Məmmədova
Sfera.az