Məşhur kriminal avtoritet Azərbaycana səfərdən sonra saxlanıldı
Cəmiyyət
23:57 / 29.09.2017
3255
Niderland hökuməti çeçen əsilli kriminal avtoritet, "Şeyx Həmzət” adı ilə cinayətkar aləmdə məşhur olan Həmzət Qastəmirovu saxta pasportdan istifadə etməkdə və qanunsuz odlu silah gəzdirməkdə ittiham edir. Amsterdamın hüquq-mühafizə orqanlarının əməkdaşları, "Schiphol” hava limanı yaxınlığında əməliyyat həyata keçirərək kriminal avtoriteti və onun adamlarını saxlayıblar.
Sfera.az-ın xəbərinə görə, bu barədə Sputnik Azərbaycan-a kriminal aləmə yaxın mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, hazırda Amsterdamda "Ümumavropa oğru kassasının nəzarətçisi” adlandırılan "qanuni oğru” Qastəmirovun məhkəməsi gözlənilir.
Şeyx Həmzət diqqət mərkəzinə 22 avqustda, 2016-cı il avqustun 17-dən 18-nə keçə gecə İstanbulda qətlə yetirilən "qanuni oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski) qəbrini ziyarət etmək və onun il mərasimində iştirak etmək üçün gəldiyi Azərbaycandan uçarkən düşüb. Əvvəlcə onun harada olduğu barədə informasiya olmayıb.
Lakin bir müddət keçəndən sonra o, və aralarında 8 cangüdəni və yaxınlarının da olduğu 13 nəfər Amsterdamın "Schiphol” hava limanı yaxınlığında saxlanılıb. Ehtimal var ki, Qastəmirov və adamlarının Amsterdam ərazisində olduğunu bilən Rövşən Lənkəranskinin düşmənləri onları holland hökumətinə satıblar.
Saxlanılan zaman Qastəmirovun üzərində bir ədəd tapança, Bolqarıstan vətəndaşı Peter Stoykov adına saxta pasport, bank kartları, 3 mobil telefon və 85 min avro dəyərində Franck Muller markalı saat olub. Bununla yanaşı hüquq mühafizəçiləri saxlanılan digər şəxslərdən 6 tapança və 4 ədəd "Kalaşnikov” tipli avtomat tapıblar. Sentyabrın 5-də məhkəmə saxlanılan şəxslərlə bağlı 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qastəmirovun yaxın ətrafından olan bir nəfəri məhkəmə 29 sentyabrda səhhəti ilə əlaqədar olaraq azadlığa buraxıb. Dekabrın 5-də Qastəmirovun işi üzrə məhkəmə prosesi başlayacaq. Niderland qanunlarına görə, onu sözügedən cinayətlərə görə, 7 ildən 10 ilədək həbs cəzası gözləyir.