\"Manatın məzənnəsinin sabit olması...\" - Ekspert şərhi

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov manatın möhkəmlənməsinin mümkün perspektivləri ilə bağlı jurnalistlərin sualını cavablandırıb.
Baş bankir tədiyyə balansı müsbət olarsa, manatın möhkəmlənməsi trendi formalaşa biləcəyini söyləyib:
"Manat üzən məzənnə rejimindədir. Tədiyyə balansı müsbət olarsa, manatın möhkəmlənməsi trendi formalaşa bilər. Lakin bunu bazar həll edir. Sadəcə olaraq, hökumət və AMB düşünməlidir ki, bütünlükdə manatın möhkəmlənməsi ölkədə həyata keçirilən iqtisadi strategiyaya nə dərəcədə uyğundur. Burada ixracın dəstəklənməsi və şaxələndirilməsi diqqət mərkəzində olmalıdır", - AMB sədri əlavə edib.
Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, tədiyyə balansında müsbət saldonun olması 2 əsas faktorla bağlıdır:
"1. Keçən ilin ilk 8 ayına nisbətən, bu ilin ilk 8 ayında neftin ortalama qiyməti bahalaşdı, təqribən 15 dollar artdı, bu da ölkəyə gələn valyutanı artırdı, 2. İnsanların alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə və ciddi inflyasiya, bahalaşma ilə əlaqədar xaricdən gətirilən malların həcmi azalıb, təqribən, 17% azalma var – bu iki faktor tədiyyə balansına müsbət təsir edib. O ki, qaldı manatın möhkəmlənməsinə, son bir neçə aydır manat-dollar məzənnəsi sabitləşib. Demək olar ki, dəyişməz qalıb, bu da dollar məzənnəsinin inzibati qaydada tənzimlənməsinin nəticəsidir. Hərraclar tam formal xarakter daşıyır, məzənnə inzibati qaydada təyin edilir. Amma manat sabit deyil, nədənsə ölkədə hamı - əhali, hökumət, biznes ancaq manat-dollar məzənnəsini nəzərə alır. Dünyanın aparıcı valyutalarına, o cümlədən avroya qarşı manat son aylarda 15%-ə yaxın dəyər itirib. Yəni, manatın məzənnəsinin sabit olması nisbidir”.
Gülnarə Eynullaqızı
Sfera.az