Bu iclasda bazar iştirakçılarının gözləntiləri özünü doğrultmasa... - ŞƏRH

Bu iclasda bazar iştirakçılarının gözləntiləri özünü doğrultmasa... - ŞƏRH
Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) üzv olan və olmayan neft hasilatçıları avqustun 7-8-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu-Dabi şəhərində təcili iclas keçirəcək. İclasa Küveyt və Rusiya nümayəndələri sədrlik edəcəklər. Əsas müzakirə obyekti təşkilata üzv ölkələrin öhdəliklərini tam yerinə yetirməməsi məsələsi olacaq. İclasa dəvət olunan ölkələrin hamısı hələ ki, iştirak edəcəklərini təsdiqləməyiblər. OPEC-in monitorinq komitəsinə üzv olan Əlcəzair və Venesuela böyük ehtimalla iclasa qatılmayacaq.

Beynəlxalq Energetika Agentliyinin (İEA) məlumatına görə, bu iki ölkə öz öhdəliklərinə orta hesabla, müvafiq olaraq 70% və 39% əməl edib. Digər problemli ölkələr isə İraq və BƏƏ-dir ki, onlar da öhdəliklərini müvafiq olaraq 29% və 60% yerinə yetiriblər. İEA-dan verilən məlumatda həmçinin bildirilir ki, iyun ayında OPEC+ neft hasilatının azaldılması anlaşması üzrə öhdəlik ümumiyyətlə, 78% yerinə yetirilib. May ayında bu göstərici 95% təşkil edib.

OPEC-in təcili iclas keçirməsini Sfera.az-a şərh edən Neft araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban bildirib ki, hal-hazırda neftin qiyməti 52 dollardan yuxarıdır.
 


Ekspertin sözlərinə görə, neftin qiymətində ötən həftədən 9% artım müşahidə olunub:
"Bu cür artımda iki faktorun böyük rolu olub: biricisi, ötən Çərşənbə günü ABŞ-da Amerika Enerji administrasiyasının həftəlik hesabatını açıqlaması və hesabat nəticəsində ABŞ-da ehtiyyatların izlənildiyi kimi 2,6 milyon barel deyil, 10 milyon barel azlması idi.Bu da neftin qiymətlərinin kəskin artımı ilə müşahidə olundu. İkincisi, ötən Cümə günündən artıq KİV-lərdə məlumat yayıldı ki, avqustin 7-8-də BƏƏ-də OPEC və OPEC-i neft hasilatının azaldılması ilə bağlı dəstəkləyən ölkələrin növbədən kənar iclası keçiriləcək. Bu iclasın əsas məqsədi bazardakı neftin aşağı qiymətlə narazılığın daha ədalətli çərçivəyə yönldilməsi barədə addımların atılmasıdır. Bu da bazarı qızışdıran əsas amildir ki, bazar iştirakçıları  Abu-Dabidə OPEC ölkələri 25 may 2017-ci ildə status-kvo kimi qəbul etdikləri o həcmlərə yenidən baxsınlar və hasilatın azaldılması ilə bağlı qərar çıxarmalarını gözləyir. Bu da bazara pozitiv bir siqnaldır.  Bu iclasda bazar iştirakçılarının gözləntiləri özünü doğrultmasa, qiymətlər yenidən öz məcrasına qayıdacaq". 
 
 

İqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, OPEC ölkələrinin növbəti məsləhətləşmələri 2 önəmli məsələ ilə bağlıdır: 
"1) OPEC-ə daxil olan ölkələrdə hasilatın azalması monitorinqinin təkmilləşdirilməsi, nəzarətin gücləndirilməsi – OPEC-ə daxil olan bəzi ölkələr hasilatla bağlı rəqəmləri doğru bildirmirlər. Bəzi ölkələr isə hasilatı azaltsalar da, ehtiyat fondlarında olan nefti bazara çıxararaq, hasilatın azalmasının effektini aşağı salırlar. Digər bir məsələ də odur ki, OPEC-ə daxil olan Nigeriya və Liviya bu anlaşmadan tamam kənar qalıblar və hər iki ölkədə hasilat, ortalama, 500 min barel artıb, bu isə OPEC ölkələrinin ümumi hasilat azaltmasına mənfi təsir edir. Bu görüşdə hər 2 ölkəyə kvota məsələsi də müzakirə olunacaq. 2) OPEC ölkələrini narahat edən əsas məsələ təşkilata daxil olmayan ölkələrdə, əsasən də ABŞ və Kanadada hasilatın artmasıdır. Şimali Amerikada hasilatın artması baş verir. Son 1 ildə ABŞ-da hasilat gündəlik 800 min barel artıb, Kanadada isə gündəlik artım 300 min barel olub. Həmin ölkələrdə hasilatın artması OPEC-i neft bazarında əsas oyunçu olmaqdan kənarlaşdırıb. Avqustda Abu-Dabidəki toplantıda OPEC ölkələri Şimali Amerikada artan hasilatın öz qərarlarına təsirini də müzakirə edəcəklər. Neft bazarında olan trend, yeni texnologiyaların sürətlə inkişafı onu deməyə əsas verir ki, neftin qiyməti yaxın illərdə kəskin artmayacaq, bütün neft istehsalçıları uzun illər 40-60 dollar arasında "var-gəl” edən neft qiymətləri ilə artıq barışan kimi görünürlər".

Çinarə Məmmədova
Sfera.az

OXŞAR XƏBƏRLƏR