Ermənilərin qorxulu yuxusu – Video

Cəbhə xəttində son günlər baş verən hadisələr erməniləri təşvişə salıb.
İşğalçı ölkənin hakimiyyət nümayəndələri və politoloqların şərhində də bu, açıq-aşkar sezilir.
Erməni jurnalist Sərkis Artsruni müharibə təhlükəsinin yaxınlaşmasına səbəb kimi beynəlxalq güclərin aradan çəkilməsini, Rusiya və ABŞ kimi ölkələrin başının Suriya məsələsinə qarışmasını göstərir. Onun sözlərinə görə, Donald Trampın prezident postuna seçilməsi ilə daha da gərginləşən beynəlxalq məsələlər fonunda Azərbaycana status-kvonu dəyişmək üçün çox gözəl şans yaranıb.
"Azərbaycanın müharibəyə başlayacağını düşünmürəm. Ancaq təsadüfləri də istisna etmək olmaz”, - deyən erməni politoloq Arman Navasardyanın açıqlaması isə daxili auditoriyanı sakitləşdirməyə yönəlib.
Qeyd edək ki, Ermənistanın iyunun 4-də Alxanlı kəndini atəşə tutması və iki mülki şəxsin həlak olması Azərbaycan, o cümlədən beynəlxalq ictimaiyyət tərəfindən ciddi etirazla qarşılanıb. Azərbaycan ictimaiyyətinin kəskin reaksiyası, o cümlədən Ermənistanın terrorçu dövlət olduğunun bariz nümunəsi sayılan bu faktın dünyada geniş əks-səda yaratması erməni ictimaiyyətində Azərbaycan Ordusunun antiterror əməliyyatına başlayacağı qorxusunu yaradıb.
Ötən gün isə növbəti təxribata hazırlaşan düşmənin mövqelərinə zərbələr endirilib. Azərbaycan ordusunun dəqiq atəş zərbələri nəticəsində düşmənin tabor mərkəzinə daxil olan bölmələrin xeyli canlı qüvvəsi məhv edilib, bir neçə döyüş texnikası tamamilə sıradan çıxarılıb və digər hərbi infrastruktur obyektləri dağıdılaraq bərpaolunmaz vəziyyətə salınıb. Orxan Tağıyev