İki yaşlı Zəhranın öldürülməsinə dünya hələ də susqundur... - Millət vəkilindən İDDİA

16:20 / 07.07.2017
1331
"İki yaşlı Zəhranın ölümü ilə bağlı Azərbaycan cəmiyyəti iki istiqamətdə böyük işlər görür".
Bunu Sfera.az-a iyulun 4-də ermənilərin Füzuli rayonunun Alxanlı kəndində qətlə yetirdikləri 2 yaşlı Zəhranın faciəsinə dünyanın biganə qalıb-qalmaması barədə danışarkən millət vəkili Aydın Mirzəzadə deyib.

Millət vəkilinin sözlərinə görə, birincisi bu məsələyə ictimaiyyətin mövqeyi ortaya qoyuldu:
"İkinci istiqamət isə beynəlxalq təşkilatların, xarici dövlətlərin rəsmi idarələrinin məlumatlandırılması və bu məsələyə dünyanın mövqeyi öyrənildi. Düzdü, dünya bir tərəfdən bu məsələyə susqundur. Və hələ də Ermənistanı işğalçı kimi görmək istəməyən beynəlxalq dairələr var. Ancaq ilkin nəticələr Ermənistanı ciddi narahat edir. Rusiyanın XİN rəsmisi dövlətinin adından baş vermiş məsələyə təəssüfləndiyini bildirib və ailəyə baş sağlığı verib. ABŞ-ın ştatlarından birinin senat üzvü Ermənistanın prezidentinə məktub ünvanlayaraq, onu uşaq ölümündə günahlandırdı. İtaliya və Avropa parlamentində bununla bağlı etirazlar olundu. Bizə dost olan Türkiyənin, İsrailin, İranın ölkəmizdəki səfirliklərinin kəskin reaksiyası vurğulandı. Ermənistan törətdiyi bu əməlin acısını hələ çox çəkəcək. Onların iyulun 11-də iki ölkənin Xarici İşlər nazirlərinin görüşü ərəfəsində törətdikləri bu provokasiyanın ilk növbədə Ermənistana böyük siyasi zərbə vurduğu hiss olunacaq".

Millət vəkili Fərəc Quliyev bildirib ki, ermənilərə qarşı hər hansı bir təsir olunmayacaq:
"Onlar Xocalıda yüzlərlə insanları, uşaqları qətlə yetiriblər. Bütün dünya bunu yaxşı bilir. Bir çox ölkələrin parlamentləri Xocalı Soyqrımını rəsmən tanıyır. Ermənistanın Azərbaycana təcavüz etdiyi BMT-nin dörd qətnaməsində öz əksini tapıb. Hesab etmirəm ki, indiki hadisə ilə bağlı Ermənistana qarşı ciddi bir ölçü götürülsün. Çünki dünyanın böyük ölkələrinin təəssüratı aydın görünür. Biz özümüzü toparlamalıyıq və bu kimi halların bir dəfəlik qarşısını almaq üçün erməni işğalçılarını torpaqlarımızdan çıxarmalıyıq. Onlara kifayət qədər vaxt limiti verdik, gözlədik ki, dinc yolla həll olunsun. Ancaq etmədilər. Bu məsələlərə yalnız hərb yolu ilə son qoymaq və qisas almaq lazımdır. Dünyadan nəsə gözləməyə dəyməz".
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyat olunub.
Azər Salam
Sfera.az