Hədəf İrandır: ABŞ-Qətər anlaşması...
17:11 / 19.06.2017
2041
Ərəb dövlətlərinin təcrid siyasəti ilə üzləşən Qətər ətrafında gərginliyin azalması müşahidə edilsə da, bunun davamlı olacağı gözlənilmir. Qətərə qarşı təzyiqlərin əsas yönləndiricisi olan ABŞ-ın Doha ilə 12 milyard dollarlıq silah sövdələşməsi və ikitərəfli hərbi təlimlərin regiondakı prosesləri şaxələndirdiyi bildirilir.
Məsələni Sfera.az-a şərh edən analitik Vüqar Zifəroğlu deyib ki, son günlərdə baş verənlər istər Bəhreyn, istərsə də Misirdən gələn açıqlamalar, "əl Cəzirə” kanalı ilə bağlı olanlar, Türk hərbçilərinin Qətərə daxil olması buna əyani sübutdur.
V.Zifəroğlunun sözlərinə görə, ərəb gərginliyində Amerika maksimum şəkildə faydalanır:
"Həmişə olduğu kimi yenə də Yaxın Şərqdəki silah bazarının lideri olduğunu nümayiş etdirdi. Lakin bu o demək deyil ki, gərginlik artıq səngiyib. Unutmayaq ki, gərginliyin başlıca hədəfi həm də İrandır. Və eyni zamanda səbəblərindən biri də rəsmi Doha ilə ər-Riyad arasındakı siyasi rəqabətdir. Burada istər-istəməz ciddi İsrail amili də nəzərdən qaçmamalıdır. İsrail ərəb ölkələri arasında yaşananlardan maksimum dərəcədə yararlanaraq regionda – həm "HƏMAS" Fələstin hərəkatı, həm də İrana qarşı – öz strateji maraqlarını təmin etmək istəyir, eyni zamanda Riyadla yaxınlaşaraq Ərəb ölkələri arasında özünə ciddi müttəfiq qazanmaq niyyətindədir. Qətərlə parçalanmadan sonra Libermanın İsrail parlamentində etdiyi çıxışda ərəb dövlətlərinin bölgə üçün riskin İsrail deyil, əksinə, terror olduğunu anladıqlarını və bunun öz növbəsində əməkdaşlıq üçün geniş fürsət yaratdığını açıqlamasına diqqət etmək lazımdır".
Gülnarə Eynullaqızı
Sfera.az