Ərdoğan bu addımı atmaqla Türkiyənin nüfuzlu və aparıcı dövlət olmasını göstərdi - ŞƏRH
15:05 / 15.06.2017
1097
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib ki, Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla Yaxın Şərqi müzakirə edəcək.
Görüşdə Qətər böhranının xüsusilə diqqətdə saxlanacağı bildirilib.
Sfera.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib ki, məsələnin həlli zamanın ixtiyarına buraxılıb.
Millət vəkilinin sözlərinə görə, Qətər və Səudiyyə Ərəbistanı münasibətləri bu iki dövlət arasında olan münasibət deyil:
"Bu, Yaxın Şərqdə yeni böhran ocağının yaranmasına şərait yaradır. Həmçinin dünya neft bazarında da qiymətlərin kəskin azalması və ya kəskin artmasına ciddi səbəb ola bilər. Ərdoğanın isə bu məsələni müzakirəyə çıxarması, Türkiyənin nüfuzlu və aparıcı dövlətlərdən biri olmasını göstərir. Bu da onun öz sərhəddi yaxınlığında yeni münaqişə ocağının yaranmasını istəməməsidir. Nəticədə nələrin olmasından asılı olmayaraq, bu məsələ vaxtaşırı ciddi şəkildə müzakirə edilməlidir. Bunu dəyirmi masa arxasında həll etmək mümkündür. Ümid edirik ki, Türkiyə və ABŞ bu məsələni müzakirə etməklə həm ortaq məxrəc ortaya qoyacaqlar, həm də problemin həllinə öz imkanları daxilində təsir göstərəcəklər".
Siyasi şərhçi Sədrəddin Soltan qeyd edib ki, Qətərə qarşı boykotdan sonra Türkiyə prezidenti vəziyyətin anlaşılmaz olduğunu bildirmişdi:
"Türkiyə ABŞ-ın müttəfiqidir. Həm də Qətərə hərbçi göndərib, yardımlar edir. ABŞ isə Qətəri terrorçuları maliyyələşdirən mənbə olaraq, ərəblərə göstərib. Ehtimal etmək olar ki, həmin danışıq vasitəsilə tərəflər, özəlliklə də Türkiyə bundan sonrakı mövqeyini aydınlaşdıracaq".
Gülnarə Eynullaqızı
Sfera.az