Rusiyada ictimai-siyasi vəziyyətin pozulmasında beynəlxalq qüvvələrin marağı var - ŞƏRH
10:17 / 13.06.2017
1981
"Rusiya kifayət qədər güclü və çox böyük potensiala malik olan bir dövlətdir. Ancaq Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalar özünü göstərməkdə davam edir"
Bu sözləri Sfera.az-a açıqlamasında Rusiyada korrupsiya əleyhinə başlayan mitinqlərlə bağlı danışan millət vəkili Elman Nəsirov deyib.
Millət vəkilinin sözlərinə görə, Rusiyanın iqtisadiyyatında şaxələndirmə məsələlərində müəyyən problemlər var:
"Rusiya iqtisadiyyatı neftdən, qazdan, yəni təbii ehtiyyatlardan asılıdır. Vaxtında iqtisadiyyatın şaxələndirməsi istiqamətində müvafiq addımlar atılmadığı üçün maliyyə və iqtisadi sanksiyalar, eyni zamanda neftin qiymətinin dünya bazarında 3-4 dəfə aşağı düşməsi şübhəsiz ki, Rusiya iqtisadiyyatına da öz təsirini göstərib. Və iqtisadiyyatın zəifləməsi fonunda bu korrupsiya hallarının yayılması münbit şərait yaradıb. Belə olan vəziyyətdə də Rusiyanın ayrı-ayrı böyük şəhərlərində korrupsiya əleyhinə etirazlar baş verib. Ancaq Rusiyada güclü hakimiyyət var. Putin bu vəziyyətdən çıxışla bağlı konkret proqramların olduğunu bəyan edib. Bundan başqa, Rusiyada ictimai-siyasi vəziyyətin pozulmasında maraqlı olan beynəlxalq qüvvələr var. Təbii, onlar istəyirlər ki, Rusiyada daxili siyasi vəziyyət gərginləşsin. Bu vəziyyətdə də Rusiyaya təzyiq göstərmək ehtimalı daha da güclənmiş olur. İnqilabın baş verməsi isə real görünmür".
Politoloq Fikrət Sadıqov qeyd edib ki, etiraz aksiyası heç bir inqilabın baş verməsinə səbəb olmayacaq:
"Çünki mitinqlər kütləvi xarakter daşımır. Rusiya vətəndaşları hələlik kütləvi şəkildə Navalnını dəstəkləmir. Eyni zamanda digər reallıq da odur ki, Rusiyada müəyyən problemlər var. Yəqin ki, Rusiya hökuməti də problemlərin həlli ilə bağlı müvafiq addımlar atacaq".
Qeyd edək ki, Rusiyada korrupsiya əleyhinə mitinqlər başlayıb. Xüsusi aktivlik Vladivostok, Novosibirsk, Peterburq, Kazan və Moskvada hiss edilib.
Bu mitinqlərdə müxalif lider Navalnı da daxil olmaqla, yüzlərlə aksiyaçının həbs edildiyi bildirilir.
Gülnarə Eynullaqızı
Sfera.az