İlham Əliyev: "Bakının razılığı olmadan heç bir..."
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqının iradəsi əsasında öz həllini tapacaqdır. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb, olmayacaqdır! Vasitəçilərin təklifi də ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, işğal edilmiş bütün bölgələrdən Ermənistanın işğalçı qüvvələri çıxarılmalıdır, azərbaycanlılar - məcburi köçkünlər öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar və qayıdacaqlar. O ki qaldı, Dağlıq Qarabağın gələcək statusuna, Azərbaycan dövlətinin razılığı olmadan Dağlıq Qarabağa heç bir status verilə bilməz. Bu, danışıqların ayrılmaz parçasıdır. Yəni, birtərəfli qaydada Ermənistan, yaxud da ki, qondarma Dağlıq Qarabağ separatçıları, yaxud da ki, hansısa üçüncü qüvvə Azərbaycanın iştirakı və razılığı olmadan Dağlıq Qarabağa heç bir status verə bilməz.
Sfera.az xəbər verir ki, yenicə çapdan çıxmış "İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 41-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2010-cu il iyulun 13-də keçirilmiş Nazirlər Kabinetinin ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı giriş nitqində söyləyib.
Çoxcildliyin bu nəşrində yer alan materiallar 2010-cu ilin mayından iyul ayınadək olan dövrü əhatə edir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu kitabında dövlətimizin başçısının Türkiyəyə işgüzar səfərinə, İstanbulda Türkiyə, Ukrayna, İran, Makedoniya və Rusiyanın dövlət və hökumət başçıları ilə görüşlərinə, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üçüncü zirvə toplantısında iştirakına, habelə Rusiyaya, Ukraynaya, Gürcüstana işgüzar səfərlərinə, bu ölkələrdə keçirdiyi görüşlərə, mətbuat konfranslarında bəyanatlarla çıxışlarına dair materiallar toplanıb.
Həmçinin Serbiya, Belarus, Bolqarıstan, Mavritaniya prezidentlərinin, İordaniya Kralının, Türkiyənin Baş nazirinin Azərbaycana səfərləri zamanı Prezident İlham Əliyevin apardığı danışıqlara, ölkələr arasında imzalanmış sənədlərə dair materiallar çoxcildliyin bu kitabına daxil edilib.
Dövlətimizin başçısının ABŞ, Çexiya, Avstriya, İran, Albaniya, Gürcüstan, Portuqaliya, Ukrayna və digər ölkələrdən, habelə BMT-nin, Avropa İttifaqının, ATƏT-in, Avropa Yenidənqurma və İnkişaf Bankının, beynəlxalq şirkətlərin Azərbaycana gəlmiş yüksək vəzifəli və nüfuzlu şəxslərini qəbul etməsinə dair materiallar da bu kitabda yer alıb.
Çoxcildliyin 41-ci kitabında Azərbaycan Prezidentinin Avropa Şurasına üzv dövlətlərin gender bərabərliyinə həsr olunmuş VII konfransının iştirakçılarına müraciəti, Bakıda İslam İnkişaf Bankının 35-ci illik toplantısının açılış mərasimində nitqi, müxtəlif məktubları toplanıb.
Nəşrin bu cildində dövlətimizin başçısının Lənkəran, Lerik, Zaqatala, Balakən rayonlarına səfərlərinə, ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallar, regionların sosial-iqtisadi inkişaf proqramının həyata keçirilməsinə həsr olunmuş çıxışları, respublikamızın paytaxtında aparılan abadlıq-quruculuq işləri ilə yaxından tanış olmasına dair informasiyalar da verilib.
Kitaba "Qeydlər”, "Şəxsi adlar”, "Coğrafi adlar” göstəriciləri daxil edilib.
"Azərnəşr” tərəfindən buraxılan 41-ci cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (Azərtac) materiallarından istifadə olunub.