"Neft erası bitmək üzrədir" - Ekspertdən İDDİA

17:19 / 03.06.2017
1200
"Financial Times” yazıb ki, Rusiya prezidenti Vladimir Putinin baş müşavirlərindən biri ölkənin neft sənayesinin tamamilə özəlləşdirilməsini təklif edib. Keçmiş maliyyə naziri və Putinin iqtisadi məşvərət şurası sədrinin müavini Aleksey Kudrin deyib ki, ölkənin bütün neft sektoru qarşıdan gələn 7-8 ildə tam özəlləşdirilməlidir.
Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Rusiyada artıq uzun illərdir özəl neft şirkətləri fəaliyyət göstərir.
Ekpertin sözlərinə görə, özəl neft şirkətlərin ən böyüyü "Lukoyl” şirkətidir:
"Bu sahədə irili-xırdalı onlarla şirkət var, amma hələ də neft-qaz hasilatının böyük bir hissəsini dövlət öz əlində cəmləşdirib. Kudrinin təklifinin məğzi ondan ibarətdir ki, dövlət əlavə xərclərdən, neft-qaz sahəsində dövlət yatırımlarından uzaqlaşsın. Bu sektor tam özəl qaydada, bazar qanunlarına uyğun fəaliyyət göstərsin. Təbii ki, özəl sektor dövlətdən daha çevik və effektiv işləyir. Çox güman, Rusiyada bu sahənin özəlləşdirilməsi sürətlənə bilər. Çünki obrazlı desək, neft erası da bitmək üzrədir".
N.Cəfərlinin fikrincə, yaxın illər ərzində Azərbaycanda da SOCAR-ın qismən özəlləşdirilməsi, yəni şirkətə daxil olan ayrı-ayrı təşkilatlar özəlləşdirilə bilər:
"Qismən özəlləşmə proqramı həm dövlətin yükünü azaldar, həm büdcəyə əlavə vəsaitin gəlməsinə səbəb olar, həm də idarəetmədə effektivliyi artıra bilər".
Qeyd edək ki, 2016-cı ildə Rusiyada çıxarılan neftin 75 faizi dövlət neft şirkətlərinin payına düşüb.
Gülnarə Eynullaqızı
Sfera.az