\"Moskva göstəriş versə, Ermənistan torpaqlardan çıxar və Azərbaycandan üzr də istəyər\" - SENSASİON AÇIQLAMA

\
"Heç kimə sirr deyil ki, Azərbaycan torpaqlarının işğalında Rusiya əsas rol oynayıb. Bunu Azərbaycanda olduğu kimi Qərbdə də yaxşı bilirlər. Ermənistan formal bir dövlətdir. Rusiya onu  bir əyaləti kimi idarə edir. Bunu erməni siyasi və icmalçılar da bəyan edirlər. Dağlıq Qarabağın işğal altında qalmasının müddətinin uzanması Rusiyanın xeyirinədir. Moskva bu yolla bölgəyə nəzarət edir. Hərbi gücünü və təsirini artırır". 

Bu sözləri Sfera.az-a Rusiyanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan müdafiə nazirlərinin Moskvada baş tutan görüşünü şərh edən siyasi şərhçi Sədrəddin Soltan deyib.
 
 

Siyasi şərhçinin sözlərinə görə, Rusiya Dağlıq Qarabağın işğal altında qalması ilə Güney Qafqazda mövcudluğunu qoruyub saxlayır:
"Belə bir üstünlüyü isə o əlindən vermək niyyətində olana oxşamır. Məsələn, Krımı ilhaq edib, Ukraynanın şərqində silahlı münaqişəyə dəstək verməklə Moskva Ukraynada indi oyun oynayır. Yaxud, Gürcüstanın ərazi bütövlüyünün pozulmasında Kremlin rolu danılmazdır. Ona görə də Dağlıq Qarabağın Ermənistan işğalından azad edilməsində Rusiya maraqlı görünmür. ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin heç bir rəsmisi indiyədək Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edildiyini dilə gətirməyib. Onlar çıxışlarında  bir məsələni vurğulayırlar, amanın günüdür atəşkəsi pozmayın. Axı bu atəşkəsin pozulmaması məsələsi nə vaxtadək davam edəcək? Bunun yolu işğalın bitməsidir. Ancaq hadisələrin inkişafı göstərir ki, həmsədrlər və məsələnin həllində əsas rol oynayan qüvvələr status-kvo-nun qalmasından narazı olsalar da bu istiqamətdə bir addım belə atmayıblar". 

S.Soltanın firincə, heç şübhəsiz bu görüşdə Azərbaycanı qane etməyə çalışılan görüşlərdən sayıla bilər:
"Çünki Azərbaycanın dəyişməz bir mövqeyi var: işğalçı torpaqlarından çıxsın. Qeyd edim ki, Prezident İlham Əliyev mayın 26-da "Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbulda da buna toxunub: " Ordumuz üçün nə qədər vəsait ayırmaq lazımdırsa, biz o qədər də ayıracağıq. Dilənçi Ermənistandan fərqli olaraq, biz Ordumuzu öz hesabımıza təmin edirik, müstəqil ölkə kimi yaşayırıq. Onlar isə başqa yolu seçiblər, bu, müstəmləkə yoludur, bu, onların seçimidir. Bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Keçən ilin aprel döyüşləri bunu göstərdi. Aprel döyüşləri xalqımızın, Ordumuzun gücünü göstərdi. Bir daha göstərdi ki, Azərbaycan Ermənistanın silahlı təxribatlarına heç vaxt dözməyəcək və göstərdi ki, Azərbaycan indiki vəziyyətlə heç vaxt barışmayacaq”. Bu, Azərbaycanın mövqeyidir. ABŞ, Rusiya və Fransa isə özünü elə aparırı ki, guya bu mövqeyi başa düşmürlər. Rəhmətlik Mirzə Cəlil demişkən, biz isə sözümüzü o kəslərə deyir ki, onlar görmür, eşitmirlər".

Siyasi şərhçi qeyd edib ki, bu torpaqları Ermənistan Rusiyanın yardımı ilə işğal edib:
"Mövcud vəziyyət Moskvaya sərf edir. Azərbaycanı öz tərəfinə çəkmək üçün Kreml bir neçə rayonun geri qaytarılmasına cəhd edən kimi görünür. Ancaq bu elə cəhddən başqa bir şey deyil. Ermənistan isə torpaqları işğal etməkdə aparıcı olmadığı kimi oradan çıxmaqda da öz başına hərəkət edə bilməz. Moskva göstəriş versə, günü sabah Ermənistan torpaqlardan çıxar, hələ işğala görə Azərbaycandan üzr də istəyər".

Qeyd edək ki, Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 26-da MDB-nin Müdafiə Nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak edib. Görüşdən sonra Rusiya, Azərbaycan və Ermənistan müdafiə nazirlərinin xüsusi görüşü keçirilib.

Gülnarə Eynullaqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR