"Azərbaycan üçün hərbi perspektivdən başqa yol görünmür" - Millət vəkili

ATƏT-nın Minsk qrupunun həmsədrləri iyunun əvvəlində Ermənistana və Azərbaycanın erməni silahlı bölmələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edəcək. 

Bu barədə İrəvanda Ermənistan xarici işlər naziri Edvard Nalbandyan və ATƏT-nın baş katibi Lamberto Zanyerin görüşündən sonra keçirilən birgə mətbuat konfransında bildirilib. Səfərin yaxın 10 gün ərzində baş tutacağı gözlənilir. Həmsədrlər İrəvana, oradan isə Xankəndinə səfər edəcəklər. E. Nalbandyan bildirib ki, həmsədrlərin səfəri zamanı Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə təklif olarsa, xarici işlər nazirləri, daha sonra isə prezidentlər səviyyəsində görüşlərin mümkünlüyü müzakirə oluna bilər. 

Məsələni Sfera.az-a şərh edən millət vəkili Fazil Mustafa bildirib ki, hazırda prezidentlər səviyyəsində görüşün baş tutması ehtimalı böyük deyil.
 


Millət vəkilinin sözlərinə görə, həmsədrlərin də gəlişində bir yenilik nəzərdə tutulmur:
"Çünki onlar təmsil etdikləri dövlətlərin  maraqlarına uyğun davranırlar və bu maraqlarda da Ermənistanı himayə etməkdən başqa bir vərdiş yoxdur. Hələ ki, Azərbaycan üçün hərbi perspektivdən başqa yol görünmür".
 
 

Politoloq Zərdüşt Əlizadə qeyd edib ki, həmsədrlərin gəlişindən yaxşı nəsə gözləmək olmaz:
"Onlar Azərbaycanı acınacaqlı vəziyyətə salırlar. Bunun hərbi, dövlət qulluğu, beynəxalq hüquq və reputasiya sahəsində Azərbaycan üçün heç bir uğurlu əsası yoxdur. Ermənistan özü də zəlil vəziyyətdədir. Hər iki dövlət Rusiyanın apardığı sonu və nəhayəti görünməyən bəd niyyətli oyunun həm iştirakçıları, həm də qurbanlarıdır. Həmsədrlər isə siyasi oyun oynayırlar və öz dövlətlərinin tapşırıqlarını yerinə yetirirlər. Gerçəklikdə münaqişənin sülh yolu ilə həllini istəmirlər. Çünki münaqişənin mövcudluğu Qərb dövlətlərinə xeyir verir". 

Qeyd edək ki, həmsədrlər regiona səfər çərçivəsində Bakıya da gələcəklər.
 
Gülnarə Eynullaqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR