Tramp Bakıya hansı mesajı verdi? – Politoloq şərhi
ABŞ Prezidenti Donald Tramp qısa zaman ərzində azərbaycanlı həmkarı İlham Əliyevə ikinci məktubunu göndərib. Ağ Ev sahibi birinci məktubunda İlham Əliyevi və Azərbaycan xalqını 28 May – Respublika günü münasibətilə təbrik etmişdi. Həmin məktubda bu cümlələr var idi: "Azərbaycan Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşıdır”, "Biz Azərbaycan xalqının yanındayıq və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərimizin möhkəmləndirilməsinə sadiqik” və "Sizinlə fəal tərəfdaşımız kimi işləməyi səbirsizliklə gözləyirəm”.
Sfera.az xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu Donald Trampın bu gün Bakıda keçirilən 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi ilə əlaqədar ünvanladığı məktuba münasibət bildirərkən yazıb. Politoloq qeyd edib ki, ikinci məktubda da oxşar mövqe sərgilənib:
"Məktubda bu fikirlər vurğulanıb: ABŞ Cənub Qaz Dəhlizini dəstəkləyir”, "ABŞ sizinlə işləməyə hazırdır", "ABŞ Azərbaycanla birgə həyata keçirilən layihələrə böyük önəm verir” və "Azərbaycan inkişafını, enerji təhlükəsizliyinin qorunması yönündə səylərini dəstəkləyirəm”. İsti mesajlardır. Bu cümlələr nədən xəbər verir? Bütün respublikaçı prezidentlər kimi, Donald Tramp da geosiyasi maraqları ön plana çəkir. Bu maraqlar baxımından Vaşinqton Azərbaycanın bölgədə oynadığı rola müsbət qiymət verir. Donald Tramp həm də biznesmendir və demək onu Azərbaycan kimi ölkələrlə əməkdaşlıqdan əldə olunacaq siyasi və iqtisadi qazanc da maraqlandırır”.