Ermənilər Rusiyanın himayəsi altında Dağlıq Qarabağ ərazisində... - Politoloq

Ermənilər Rusiyanın himayəsi altında Dağlıq Qarabağ ərazisində... - Politoloq
İki gündür həm Ermənistan, həm də Azərbaycan mətbuatında ermənilərin Şuşada aeroport açmasıyla bağlı informasiyalar yayılır. Məlumatlarda bildirilir ki, "Yell Extreme Park" layihəsi Dağlıq Qarabağ ərazisində iki yerlik təyyarələrdə turist uçuşlarına başlayıb. İddia olunur ki, ilk uçuşlar keçən həftədən Xankəndi və Şuşa arasında təşkil edilib. 20-25 dəqiqə çəkən uçuşlar üçün şirkətin 35 min dram, yəni 72,4 dollar tələb etdiyi vurğulanır. 

Məsələ ilə bağlı Sfera.az-a münasibət bildirən millət vəkili Fazil Mustafa söyləyib ki, işğal olunmuş ərazilərdə hər hansı infrastrukturun yaranması Azərbaycanın maraqlarına ziddir.
 


Millət vəkili qeyd edib ki, Azərbaycan bunun qarşısını almaq üçün həm diplomatik, həm hərbi, həm də iqtisadi vasitələrdən istifadə etməlidir:
"Bunu edəcək də. Ermənilər hər hansısa addımları atarkən, həmişə bu riski nəzərə alırlar. Onlar bunu çox asanlıqla həyata keçirə bilməzlər. Bunun qarşısını almağa Azərbaycanın kifayət qədər imkanları var və həyata keçirəcək". 
 


Politoloq Qabil Hüseynlinin sözlərinə görə, ermənilər son vaxtlar işğal olunmuş ərazilərdə istədiklərini edirlər:
"Onların etdikləri hərəkətlərin qarşısını almaq üçün bizim əlimiz çatmır. Hətta paytaxtı Şuşaya köçürmək haqqında qərar da qəbul ediblər. Turizmi də inkişaf etdirib pul qazanmaq istəyirlər. Onlar Rusiya tərəfindən himayələniblər. Bu himayənin təsiri altında Dağlıq Qarabağ ərazisində biznes şəbəkəsini genişləndirməyə çalışırlar. Hətta Xocalı aeroportundan da istifadə edirlər, təmas xəttində yanğınlar törədirlər və s... Bir sözlə vəziyyəti gərginləşdirmək üçün bütün vasitələrə əl atırlar. Azərbaycan tərəfi onların bu hərəkətləri ilə bağlı beynəlxalq təşkilatlara müraciət etməli və təsirli tədbirlər görməlidir". 
 
Gülnarə Eynullaqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR