"Rusiya bu ölkəni mütəmadi olaraq 2049-cu ilə qədər silahlandıracaq" - Ekspertdən iddia

"Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrə növbəti silah-sursat partiyasını göndərəcəyi ilə bağlı məlumat yayıb. Biz onsuz da bu tip xəbərlərə artıq öyrəşirik. Digər KTMT üzvlərinin ərazisi ilə bağlı hər hansı ciddi problem və narahatçılıq olmadığına görə, bizi maraqlandıran bizim bədnam qonşularımız olan Ermənistandır" 

Bu sözləri Sfera.az-a açıqlamasında Rusiyanın KTMT üzvü olan ölkələrə ağır hərbi texnika göndərəcəyi ilə bağlı məlumatı şərh edən hərbi ekspert Üzeyir Cəfərov deyib.
 

 
Ekspertin sözlərinə görə, artıq neçə müddətdir ki, ruslar bu ölkəni davamlı şəkildə silahlandırır və belə gedişlə hələ 2049-cu il daxil olmaqla mütəmadi silahlandıracaq:
"Çünki Rusiyanın 102-ci bazasının Ermənistanda olmasının son müddəti məhz bu tarixdir. Aydın məsələdir ki, Ermənistanın silahlandırılması heç də yaxşı niyyətlərdən xəbər vermir. İşğalçı ölkə ona yaradılan şəraitdən istifadə edərək aldığı silah və sursatı geninə-boluna istifadə edir. İşğal altında olan Azərbaycan ərazilərində davamlı təlimlər keçirir, ön xəttdəki mövqelərimizi yüngül və ağır silahlardan atəşə tutur. Əlbəttə ki, bu ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi Rusiyanın adına xələl gətirir və  bu addım sərt şəkildə qınanmalıdır. Digər KTMT ölkələrinə nə verirlər versinlər. Bu, Ermənistan kimi həyasız ölkəyə ağır silahlar vermək, faktiki onu yeni təxribatlara şirnikləşdirməkdir. Bizdən əlavə, regiona gətirilən ağır silahları Rusiya həm də bizim digər qonşumuz olan Gürcüstana qarşı təzyiq vasitəsi kimi istifadə etməyi düşünür. Ancaq şəxsi düşüncəmə görə, artıq rəsmi Tiflis öz müdafiəsini və təhlükəsizliyini  NATO vasitəsilə demək olar ki, təmin edib. Biz Rusiyanın Gürcüstana əvvəlki təzyiqlərini də, təsir etmək cəhdlərini də artıq görmürük. Lakin bizi daha çox öz məsələmiz maraqlandırmalıdır. Hələ ki, Ermənistan öz havadarlarının köməkliyi ilə həm regionda vəziyyəti gərginləşdirmək yolunu  tutub, həm də özünü təcrid etməkdə davam edir".
 
Gülnarə Eynullaqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR